Cümə günü ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurduğuna və Rusiya Federasiyasının maraqlarından çıxış etdiyinə görə Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edir.
“İvanişvili və “Gürcü arzusu”nun hərəkətləri demokratik institutları sarsıdıb, insan haqlarının pozulmasına səbəb olub və Gürcüstanda fundamental azadlıqların həyata keçirilməsini məhdudlaşdırıb. Bundan əlavə, onlar Gürcüstanın Avro-Atlantik gələcəyinə, gürcü xalqının böyük əksəriyyətinin arzuladığı və Gürcüstan Konstitusiyasının mandat etdiyi gələcəyə zərbə vurdular” - dövlət katibinin bəyanatında deyilir.
Blinken vurğulayıb ki, İvanişvilinin hərəkətləri Gürcüstanı ərazisinin 20 faizindən çoxunu işğal altında saxlamaqda davam edən Rusiya qarşısında aciz qoyub. ABŞ Dövlət Departamentinin rəhbəri Gürcüstan vətəndaşlarına: etirazçılara, media nümayəndələrinə, hüquq müdafiəçilərinə və müxalifət nümayəndələrinə qarşı davam edən zorakı repressiyaları pisləyib.
Antoni Blinken xatırladıb ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiya və insan haqlarına xələl gətirənləri məsuliyyətə cəlb etməyə sadiqdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?