Nobel qardaşları və onların Azərbaycanda fəaliyyətləri
(20-05-2013, 15:58)

Nobel qardaşları və onların Azərbaycanda fəaliyyətləri
Fəaliyyətlərinin uğurlu hissəsinin Azərbaycanla bağlı olduğu bu təşkilat biznes mənbəyini “unudub”
Bildiyimiz kimi Azərbaycan ərazisi yalnız indi deyil, ötən əsirlərdən bəri xarici təsərrüfat subyektlərinin diqqət mərkəzində olan bir ərazi olmuşdur. Tarixə nəzər salmaqla Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin mövcudluğu sayəsində əcnəbi iş adamlarının bu torpağa olan sonsuz maraqlarının şahidi olmaq mümkündür. “Nobel qardaşlarının neft istehsalı ortaqlığı” firması bu qəbildən olan xarici təsərrüfat subyektlərindən idi. “Nobel qardaşları” adı ilə tanınan bu məşhur firma qısa müddət ərzində böyük uğurlara imza atmışdır. Fəaliyyətlərinin uğurlu hissəsinin Azərbaycanla bağlı olduğu bu firma haqqında danışarkən onun necə yaranması haqqında qısa məlumat vermək yerinə düşərdi. “Nobel qardaşları” firmasının əsasının qoyulması tarixi 18 may 1879-cu il hesab edilsə də, lakin İsveç ailəsinin Abşeronda fəaliyyəti daha öncə başlayıb. Məşhur qardaşların atası 1840-cı ildə müflis olmuş ailənin rifahını bərpa etmək üçün Sankt-Peterburqa gəlir və ixtiraları vasitəsilə bir müddət sonra varlanaraq ailəsini də ora gətirir. Əsasən silah istehsal edən zavodu idarə edən bu ailə təsadüf nəticəsində fəaliyyət istiqamətini dəyişərək, neft sənayesinin əsas simalarından birinə çevrilir. Belə ki, Lüdviq Nobel İjevsk şəhərində silah zavodunu icarəyə götürür və küllü miqdarda silah istehsalına başlayır. Almaniyadan tüfəng qundağı üçün baha qiymətə gətirilən qoz ağacı Nobel qardaşlarına o qədər də sərfəli olmadığından, Sankt-Peterburq və İjevsk ətrafında isə qoz ağacı bitmədiyindən bunu ölkənin müxtəlif regionlarında axtarmağa başlayırlar. Bu zaman mütəxəssislər belə ağacın Qafqazda, Lənkaran meşələrində çox olmasını söylədiklərindən Lüdviq Nobel qardaşı Robert Nobeli Lənkərana göndərir. Lakin o, Lənkəranda qoz ağacı massivi tapa bilmədiyindən Nobel qardaşları tüfəng qundağı düzəltmək üçün qoz ağacını daha ucuz başa gələn toz ağacı ilə əvəz edirlər. Buna baxmayaraq Robert Nobelin
Qafqaza eləcə də Azərbaycana 1873-cü ildəki səfəri hədər getməmişdir. O, yolüstü Bakıda qalır, Qaraşəhər və Ağşəhəri, neft mədənlərini gəzir, maliyyə, sənaye və iqtisadi vəziyyəti öyrənir, əsl gəlir mənbəyinin Bakıda olduğunu qabaqcadan çox düzgün dərk edir. Sankt-Peterburqa qayıtdıqdan sonra qardaşı Lüdviq Nobelə perspektiv cəhətdən tükənməz dövlətin Bakıda olmasını, buruqlardan gecə-gündüz qızıl axmasını ona çatdırır. Bununla əlaqədar o, onunla şərik olmasını və ilk növbədə, Bakıda kiçik bir neft müəssisəsi yaratmaq təklifini irəli sürür. O, qardaşı Lüdviq Nobeli razı saldıqdan sonra yenidən Bakıya qayıtmış və bir il ərzində yəni 1875-1876-cı illər ərzində Bakıda neft sənayesi sahibkarlığının əsasını qoymuşdur. Bakı mədənlərində çox primitiv üsullarla quyuların qazılmasını, jelonka ilə quyulardan neftin 2 çıxarılmasını görən Robert Nobel Bakıda neft işini müasir səviyyəyə qaldırmağı vacib hesab etmişdir.
Beləliklə, 1875-ci ildən başlayaraq, Nobel qardaşlarının Azərbaycan neft sənayesində fəaliyyəti fəallaşır. Yaradıcıları Robert, Lüdviq və Alfred Nobel olan firmanın əsas kapitalı fəaliyyətinin birinci ilində 3 mln. rubl təşkil etdi. Firmada neft yatağının işlənməsindən son neft məhsullarının satışınadək bütün proseslərə qardaşlar nəzarət edirdilər. Robert Nobel ilk olaraq Qara şəhərdə 25 min rubla «Tbilisi cəmiyyəti»ndən kiçik bir zavod alır, onu yenidən qurur, neft quyularının qazılması üçün ilk dəfə olaraq mexanizmlər istehsal etməyə başlayır. Sonra isə Balaxanıda neft sahəsi alır və artıq 1876-cı ilin payızında o, ilk qazıma işləri aparır. Daha sonra ağ neft istehsal edən zavod tikir, yüksək keyfiyyətli və amerikalılarla rəqabətə davam gətirən yüksək keyfiyyətli məhsul istehsal etməyə başlayır. 1876-cı ilin payızında Robert səhhəti ilə bağlı Bakını tərk edərək, başladığı işi davam etdirməsi üçün Lüdviqi təcili olaraq S.-Peterburqdan çağırtdırır. Burada qeyd etmək lazımdır ki, Robert gələcək firması üçün Abşeron neftini ilk kəşf edən şəxs oldu. O, faktiki olaraq, pioner işini görmüşdü. Firmanın təməl daşını qoyarkən Robert demək olar ki, heç yerə getməyərək, Bakıda qalırdı. 1876-cı ildən Lüdviq onun üçün qısa ömrünün sonunadək sevəcəyi tamamilə yeni bir işlə məşğul olmağa başlamışdı.
Lüdviq ilk dəfə olaraq oğlu Emmanuillə birlikdə 1876-cı ilin aprelində Abşerona gəlmişdir. Bura gəldikdən sonra onun ilk təəssüratı belə olmuşdur: “Abşeron yarımadasında neft mənbələrinin sayı o qədər çoxdur ki, onları tükənməz adlandırmaq olar”.
Məhz 1876-cı ildən sonra Lüdviq Nobel də öz tükənməz enerjisini, vəsaitini və sonrakı həyatını neft işinə sərf etməyə başlayır. Abşeron yarımadasının neft sərvəti ilə tanış olduqdan sonra bu sənayenin böyük gələcəyi olduğuna inanır. Yaxın gələcəkdə ağ neft istehsalını artırmaqla onu hamının istifadə etməsinə çevirmək, öz fəaliyyətini genişləndirməklə neft istehsalı və onun emalı ilə məşğul olmaq, neftin daşınmasını, onun satışını təşkil etmək və bütövlükdə, neft sənayesini müasir texniki səviyyəyə qaldırmaq qərarına gəlir. Lakin kiçik müəssisələrlə bu işləri yerinə yetirməyin və kifayət qədər kapital toplamağın mümkün olmadığını görərək 1879-cu ildə Nobel qardaşları, yuxarıda göstərildiyi kimi, Bakıda əsas kapitalı 3 milyon rubl olan «Nobel qardaşları birliyi» adlanan ən iri istehsal müəssisəsi-səhmdar cəmiyyəti yaratdılar və ona ümumi rəhbərlik Lüdviq Nobelə həvalə olunur. 1880-ci ildə onların kapitalı 4 milyon, 1881-ci ildə 6 milyon, 1882-ci ildə 10 milyon, 1900-cü ildə isə 15 milyon rubla çatmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, Robert Nobel neft sənayesində 1880-ci ilə qədər işləyir, sonra ağır xəstələndiyindən Bakını tərk edərək xaricə köçür, faktiki olaraq o, işdən tam uzaqlaşır, lakin ömrünün axırına kimi həmin müəssisəni şəriki olaraq qalır.
Göstərmək lazımdır ki, «Nobel qardaşları birliyi»nin böyük şöhrəti və onun dünyada məşhur klanlarla eyni sırada durması da Lüdviq Nobelin adı ilə bağlıdır. O da digər qardaşlar 3 kimi Stokholmda anadan olmuş, 11 yaşında Sankt-Peterburqa gəlmiş və atasının zavodunda maşınqayırma işləri və mexanika sahəsində böyük bir məktəb keçmişdir. Müflisləşmiş atası İsveçə qayıdarkən səhmdarların xahişi ilə Lüdviq Nobel zavoda rəhbərlik edir. Texnikadan yüksək dərəcədə başı çıxan və təşkilatçılıq qabiliyyətinə malik olan Lüdviq Nobel zavodda mina, torpedalar, artilleriya mərmiləri, hidravlik preslər, İjevskdə silah və s. istehsal etməyə başlayır. Sonradan isə o, yuxarıda qeyd edildiyi kimi, qardaşı Robert Nobel tərəfindən Bakı neft sənayesinə cəlb edilir.
Sonralar «Nobel qardaşları birliyi» yeni rotor qazıma üsulunu Azərbaycanda tətbiq etmək üçün Amerikadan lazım olan dəzgah və alətləri alır və onların əsl mütəxəssisələrini - qazıma ustalarını - Bakıya dəvət edir. Suraxanıda bu üsulla neft quyusu qazılır və müvəffəqiyyətlə başa çatdırılır. Bundan sonra Azərbaycanda rotor qazıma üsulu ilə qazılan quyuların sayı ildən-ilə artmağa başlayır. Nobel qardaşları yeni neft sahələrinin icarəyə götürməmişdən əvvəl həmin sahələrin geoloji vəziyyətini, neftliliyini və təxmini neft ehtiyatını öyrənməyə çalışırdılar. Bu məqsədlə onlar Stokholmdan məşhur geoloq Şeqrini Bakıya dəvət etmişdilər. Şeqrinin uzun müddət apardığı geoloji tədqiqatlar nəticəsində «Nobel qardaşları birliyi» bir çox neft yataqlarında, o cümlədən 1904-cü ildə Pirallahı adasında dərinliyi 500 metrə yaxın olan quyu qazmış və neft hasil etmişlər. Bundan başqa, Dərbəndin «Bərəkət» adlanan hissəsində, Qroznı və Maykop mədənlərində də onlar neft quyusu qazdırmış, neft aşkaredilən sahələrdən külli miqdarda neft çıxarmışlar. Şeqrinin tədqiqatları indi də öz əhəmiyyətini itirmir.
Bakı neft mədənlərində neft quyularının istismarı zamanı onların ətrafında çoxlu neft ehtiyatı saxlaya bilmirdilər, ona görə ki, mədən sahiblərinin heç birində onun üçün rezervuarlar yox idi. Neft quyusunun yaxınlığında quraşdırılan, həcmi yalnız 100-200 pud olan taxta çənlər mövcud idi. Bir qədər aralıda isə həcmi 40-70 min pud olan torpaq anbarlarından istifadə edirdilər. Quyu fontan vuran zaman həmin anbarlar bir neçə saat ərzində dolduğundan sahibkar tez bir zamanda quyu ətrafındakı müəyyən ərazini qazılmış torpaqla çəpərləyib nefti oraya axıdırdı. Bunun nəticəsində də süni neft gölləri əmələ gəlirdi. Bu torpaq anbarlar çox baha başa gəlir, neft torpağa hopur, buxarlanır və beləliklə də külli miqdarda neft itirilirdi. Bunları görən Lüdviq Nobel neftin mədənlərdə saxlanılması sahəsində irəliyə doğru cəsarətli addım ataraq yerüstü rezervuarlar layihələndirib tikdirməyə başlayır. Bu zaman o, kərpic və daşlarla tikilən materialları daha möhkəm materialla - dəmirlə əvəz etmişdir. O, neft ehtiyatını tez və düzgün hesablamağın mümkünlüyünü təmin etmək üçün onlara silindrik forma vermişdir. Tez bir zamanda bu yenilik neft sahibkarları tərəfindən rəğbətlə qarşılanmış, öz mədənlərində onları tətbiq etmiş və beləliklə də neft mədənlərində xam neft ehtiyatını artırmaq mümkün olmuşdur.
Bu da öz növbəsində neft emalı zavodlarının fasiləsiz işləməsini təmin etmiş və mədənlərdə teztez baş verən yanğınların qarşısını almışdır. 4 Balaxanıdan Qara şəhərə boru kəmərinin çəkilməsi ilə əlaqədar olaraq minlərlə neft daşıyan arabaçı ixtisara düşmüş və buna görə də həmin arabaçılar kəməri neçə yerdən zədələmiş və sındırmışlar. Bu halların və digər təxribatların qarşısını almaq üçün Lüdviq Nobel boru kəmərinin bütün yol boyu qorunmasına nəzarət edən silahlı kazak dəstələri-nəzarətçilər yaratmışdır. Beləliklə, 1807-ci ildə çox çətin də olsa layihə həyata keçirilmiş və sutkada 35 min pud neft nəql etmək mümkün olmuşdur. Boru kəməri 100 min rubla başa gəlmiş, bir il ərzində öz xərcini ödəmişdir. Bu yolla nefti zavodlara daşınması 7 dəfə ucuz başa gəlmişdir. Yalnız bundan sonra başqa sahibkarlar da öz mədənlərindən zavodlara boru kəmərləri çəkməyə başlamışlar.
1880-ci illərin sonunda Nobel qardaşları tərəfindən Bakı-Batum arasında neft kəmərinin inşa olunması və 1883-cü ildə Zaqafqaziya dəmir yolunun çəkilməsi Bakı neft sənayesinin inkişafında böyük rol oynamış, Bakı neftinin Qara dəniz sahilinə çatdırılması üçün əlverişli şərait yaratmış və beləliklə xarici bazarlara külli miqdarda neft və neft məhsullarının göndərilməsi təmin olunmuşdur. Görülən tədbirlər nəticəsində ağ neftin qiyməti xeyli aşağı düşmüşdür. Belə ki, 1877-ci ildə bir pud ağ neftin qiyməti Saritsində, orta hesabla, 1 rubl 85 qəpik(əlavə vergisiz) olduğu halda, 1879-cu ildə 75 qəpik, sonradan isə 15-20 qəpiyə düşmüşdür.
Nobel qardaşları texnikanın təkmilləşdirilməsini, iqtisadi cəhətdən üstünlük qazanılmasını, nəqliyyat sürətinin artırılmasını kapital yığmaq rəqabətində qələbənin əsas amili hesab edirdilər. Bütün layihə işləri təcrübə zavodları, emalatxana və konstruk-tor bürolarındakı işləri, tədqiqat və nəticələri onlar son dərəcə məxfi saxlayır, sifarişləri əksər hallarda gizli yerinə yetirirdilər.
Məlumat üçün qeyd edək ki, «Nobel qardaşları birliyi» özlərinin və Bakıdan aldıqları 1 milyard 426 milyon pud neft məhsullarını daxili və xarici bazarlara çıxarmışlar. Onlardan 1 milyard 174 milyon pudu Xəzər dənizi və Volqa çayı ilə Rusiyaya, 252 milyon pudu isə Qara dənizdən dünya bazarlarına çıxmaq üçün Zaqafqaziya dəmir yolu vasitəsi ilə daşınmış və satışdan 868 milyon rubl əldə edilmişdir ki, onun da 178 milyon rublu xarici bazarların payına düşürdü.
Qeyd etmək lazımdır ki, «Nobel qardaşları birliyi» 433 neft quyusu qazımış və həmin quyulardan 900 milyon neft hasil etmişlər. Nobellər nəinki neftin çıxarılmasında və neft məhsullarının dünya bazarına göndərilməsində, hətta ağ neft və sürtkü yağları istehsalı üzrə birinciliyi əldə saxlayırdılar. Onu demək kifayətdir ki, 1879-1904-cü illər ərzində «Nobel qardaşları birliyi» 1 milyard 195 milyon pud neft emal etmişdir. Yerli sahibkarlar ağ nefti istehsal edəndən sonra yerdə qalan məhsulları dənizə axıtdıqları halda, Nobellər onları iri həcmli, dəyirmi rezervuarlarda saxlayır, satır və milyonlar qazanırdılar. Onların zavodlarında yalnız 1912-ci ildə 37,6 milyon pud yüksək 5 keyfiyyətli neft məhsulları istehsal edilmişdir. Nobellərin boru kəmərləri ilə ildə 65 milyon pud neft nəql edilirdi. Bu göstəricilər üzrə onların bərabəri yox idi.
Fəhlələrlə təmasda olan Lüdviq Nobel «Fəhlənin əməyinin müntəzəm ödəmək və ona düzgün qiymət vermək lazımdır» prinsipini əsas götürür və daim riayət edilməsini tövsiyyə edirdi. Lüdviq Nobel hansı işə başlayırdısa, onu əsaslı və layiqincə yerinə yetirirdi. Şəhərkənarı neft mədənlərində Lüdviq Nobelin fəhlələr və texniki işçilər üçün tikdirdiyi binalar indi də qalmaqdadır. Uzun illər keçməsinə baxmayaraq, həmin binalar sonradan tikilənlərə nisbətən daha baxımlıdır. Zəhmətsiz pul əldə etmək Lüdviq Nobelin xarakterinə uyğun deyildi. O, «Nə vaxt işləmirsənsə, gərək, o vaxtdan da yeməyəsən» atalar sözünü tez-tez təkrar edirdi. O, heç vaxt birja alveri ilə məşğul olmamışdır. Bir neçə dəfə ona öz işlərini əlverişli şərtlərlə xaricə satmağı təklif edənlərə belə cavab vermişdir: «Siz istəyirsiniz ki, pullarımı faizli kağızlara çevirim, özümə qayçı alıb kuponları kəsərək birjaya üz tutaraq onları satım? Bununla heç vaxt razı ola bilmərəm, mənə təkcə pul yox, əsas iş lazımdır». Yüksək ixtisaslı kadrları öz müəssisəsinə cəlb etmək, onların istirahəti və işləməsi üçün lazımi şəraitin yaradılması məqsədilə Lüdviq Nobelin təşəbbüsü ilə Qara şəhərin qurtaracağında və heç nəyə yaramayan sahəsində iki il ərzində, yəni 1887-1888-ci illər ərzində çox gözəl «Neft villası» və yaşıl park salınmışdır. O, villanın bağında Lənkaran, Tbilisi, Batum, Rusiya və Avropanın müxtəlif yerlərindən gətirilən 80 min ağac və bəzək kolları əkdirmişdir. Burada fəvvarə vuran çarhovuzlar tikilmiş və o, eyni zamanda şirin su saxlamaq üçün işlədilirdi. Burada yaşıllıqlar içərisində kontor, elm işçiləri və mühəndislər üçün rahat evlər, teatr, kitabxana, yemekxana və bilyard otağı tikilmişdir. Lüdviq buraya torpağı Lənkarandan, şirin suyu isə gəmilər vasitəsilə Həştərxandan gətizdirirdi. Parkın planlaşdırılması və abadlaşdırılması ilə Avropada çox məşhur olan botanik E.Bekli məşğul olmuşdur. Neft villası sahibkara o dövr üçün çox baha qiymətə-250 min rubla başa gəlmişdi. Lakin parkın tam tikintisi başa çatan zaman yəni 1888-ci ildə artıq Lüdviq Nobel həyatdan köçmüşdü.
«Nobel qardaşları birliyi»nin işləri ilə 1888-ci ildən 1919-cu ilə qədər Nobellər nəslinin nümayəndəsi Lüdviqin oğlu Emanuil Nobel məşğul olmuşdu. Məlumat üçün deyək ki, Lüdviq oğluna öz atasınn adını qoymuşdur. Bu illər ərzində «Nobel qardaşları birliyi» Bakı neft sənayesində öz birinciliyini qoruyub saxlayırdı. Belə ki, bu birlik təkcə Sabunçu və Balaxanıda 44 neft mədəninə sahib idi. Bu mədənlərdə 1914-cü ilin məlumatlarına görə, 2525 nəfər fəhlə işləyirdi. Neft hasilatının ümumi həcmi 45-75 milyon pud təşkil edirdi ki, bu da Bakıda hasil olunan ümumi neft həcminin 25-28 faizini təşkil edirdi.
“Nobel qardaşları” haqqında danişarkən onların ən kiçiyi – yəni məşhur Beynəlxalq mükafatının təsisçisi olan Alfred və onun bu istiqamətdə olan əməyi haqqında danışmamaq 6 olmaz. Alfred bilavasitə firmanın işləri ilə məşğul olmur, lakin qardaşlara böyük maddi yardım göstərirdi. Qardaşların dəfələrlə və israrlı dəvətinə baxmayaraq, o bir dəfə də olsun Bakıda və Bakı neft zavodlarında olmamışdı.
O atası ilə nitroqliserinlə bağlı yaranmış münaqişəni yaxşı xatırlayırdı, buna görə də, bütün həyatı boyu ailə üzvləri ilə istənilən əməldaşlıqdan hər cür boyun qaçırırdı. Lakin Alfred, Bakıda yerləşən ən iri “Nobel qardaşları” neft firmasının sahibi olan qardaşlarına çətin dəqiqələrdə hər cür mənəvi və maliyyə dəstəyi göstərirdi. “Nobel qardaşları” firmasının Bakının neft rayonlarını bürümüş neft kəmərləri Alfred tərəfindən ixtira olunub, çünki xam neftin yataqdan və ya neft zavodundan təyinat məntəqəsinə bu cür çatdırılması ideyasını öz qardaşına məhz o təklif etmişdir. O həmçinin Lüdviqə neft gəmilərində buxar qazanları deyil, daxili yanma mühərriklərindən istifadə etməyi məsləhət görüb. Ağ neftin dəyərini bilərək, Lüdviq paroxod və parovozların odluğu üçün mazutdan istifadə etmək qərarına gəlir. Bu prosesə əminliklə başlamaq üçün o Parisə məktub göndərərək, qardaşı ilə məsləhətləşir və mazut haqqında dəqiq məlumatlar verməyi xahiş edir. Tezliklə Alfreddən cavab gəlir və bu cavabda o Lüdviqə təcili və ciddi olaraq bu işlə məşğul olmağı məsləhət görür, çünki “mazutun böyük gələcəyi var... Əgər sizdə o heç bir şey deyil və ya ucuzdursa, rezervuarlar tikib, onları ehtiyat üçün doldurmaq lazımdır, 5-10 ildən sonra mazut böyük mənfəət gətirəcək”. Və Lüdviq xüsusi tutulmuş şəxslər vasitəsilə mazut alıb yığmağa və uzunmüddətli müqavilələr bağlamağa başlayır.
Təkcə 1894-cü ildə “Nobel qardaşları” firması 21 müqavilə əsasında 10 mln. puda yaxın neft yanacağı alıb yığır. 1895-ci ildə o Bakıda müvafiq olaraq 32,25 mln. pud yanacaq alır. XIX əsrin bütün son onilliyi ərzində firma xam neft və neft qalıqlarının alınması ilə məşğul olur. Bu fəaliyyətlər nəticəsində XIX əsrin sonlarına Lüdviq Nobel əsl “mazut kralına” çevrilir. 1893-1901-ci illər ərzində ölkədə neft yanacağının istehlak həcminin 144,5 mln. puddan 286,4 mln. puda qədər qalxması ilə “Nobel qardaşları” firmasının mazut satışında payı 28 mln. puddan 96 mln. pudadək, yəni üç dəfədən də çox artır. Firmanın rəhbərliyini bütünlüklə öz əlinə alan Lüdviq Nobel öz əməyi, inadcıllığı və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində çox böyük uğurlara nail olur. Beləliklə “Nobel qardaşları” firması XIX əsrin sonlarına bütün əcnəbi rəqiblərini sıxışdırıb çıxarmış “neft lideri” oldu. Tanınmış neft-kimyaçı alimlər D.İ.Mendeleyev, K.İ.Lisenko, L.Q.Qurviç və mühəndislər A.V.Bari, V.Q.Şuxov və başqaları ilə məsləhətləşib işləyərək, Lüdviq tezliklə neft işinin bütün istiqamətlərində nəzərəçarpacaq uğurlar əldə etdi.
Burada qeyd etmək olardı ki, sonralar Moskvada tanınmış zavod sahibi olmuş istedadlı mühəndis A.V.Barinin neft işinin öyrənilməsi üçün ABŞ-a da məhz Lüdviq Nobel yollamışdı. Belə ki, qeyd etdiyimiz kimi Bakı ətrafında Balaxanı – Qara şəhər arasında diametri 3 dm və 7 uzunluğu 8,5 verst olan ilk neft kəməri Bari tərəfindən 1878-ci ildə “Nobel qardaşları” firması üçün çəkilmişdi. İkinci neft kəməri də diametri 3 dm və uzunluğu 11,5 verst olmaqla onun tərəfindən 1879-cu ildə Q.M.Lianozov üçün çəkilib. Məhz “Nobel qardaşları” firmasının zavodlarında ilk dəfə olaraq 1882-ci ildə neftin D.İ.Mendeleyev tərəfindən təklif olunmuş fasiləsiz distilləsi həyata keçirilmişdir. Nobel zavodlarında keyfiyyətli neft məhsulları almağa imkan verən ən yeni defleqmatorlar qurulub. 1904-cü ildə neft emal texnologiyasının dərindən öyrənilməsi məqsədi ilə Bakıya gəlmiş 33 yaşlı Lev Qurviç 1905-ci ildən 1910-cu ilədək Nobel firmasının Bakı kimya laboratoriyasının əvəzsiz rəhbəri olur; 1911-ci ildən 1917-ci ilədək isə o S.-Peterburqda firmanın Baş idarəsində kimya laboratoriyasının elmi rəhbəri vəzifəsini tutur.
“Nobel qardaşları” firmasında işləyən parlaq mütəxəssislər arasında firmanın mədənlərini idarə edən, gücləndirilmiş qazma işlərinin təşkil olunması yolu ilə firmanın mədənlərində (Balaxanı, Sabunçu, Ramanı, Müqəddəs Pirallahı və Çiləkən adalarında) neft hasilatının məhsuldarlığını maksimuma çatdırmış Qustav Eklundu xüsusilə qeyd etməliyik. Qustav Petroviç neft işində ilk dəfə olaraq yuxarıda göstərilmiş mədənlərdə elektrik enerjisini tətbiq etmişdi. Bakı mədənlərində elektrik dartı qüvvəsini tətbiq etmiş, həmçinin əvvəlki kanat qazmasını ştanq qazması ilə əvəz etmişdir. O Böyük Şorda neft anbarının tikilməsi üzrə işlərin rəhbərlərindən biri, həmçinin dövlət sahələrindən çıxarılan neftin uçotu sisteminin təşkilatçısı olmuşdur. “Nobel qardaşları” firmasından danışarkən firmanın idarə heyətinin ən güclü direktorlarından biri Karl Xagelini də qeyd etməmək olmaz. O, Emmanuil Nobelin qeyriməhdud etibarını qazanmış şəxs idi. Karl Vasilyeviç, əsasən firmanın bütün fəaliyyətinin özəyinin yerləşdiyi Bakıda işləyirdi, müəyyən illərdə isə bilavasitə firmanın Bakı şöbəsinə rəhbərlik etmişdir.
Firmanın kəşfiyyat işlərinə uzun müddət neft işi sahəsində görkəmli mütəxəssis İvan Nikolayeviç Strijov (1872-1953-cü illər) rəhbərlik edir. “Nobel qardaşları” firması ilə əməkdaşlıq edən, həmçinin rəqabət aparan iri neft sənayesi sahibləri Hacı Zeynalabdin Tağıyev, Vasili Kokorev, Viktor Raqozin, Musa Nağıyev, Şəmsi Əsədullayev, İsabəy Hacınski, Aleksandr Benkendorf, Sidor Şibayev və Murtuza Muxtarov idi. Ata və oğul Nobellərin H.Z.Tağıyev və İ.Hacınski ilə xüsusilə isti münasibətləri var idi, onlar bir çox işgüzar məsələlərdə bir-birinə yardım edirdilər. Nəticədə “Nobel qardaşları” firmasının Abşeronda, Bakıdakı fəaliyyəti Rusiya neft sənayesinin bütün sahələrinin sürətlə inkişaf etməsinə impuls verdi. Bakı neft rayonu sonradan Nobellərin “neft imperiyası” adlandırılmış əzəmətli binanın ucalması üçün təməl oldu. Təsadüfi deyil ki, bu ailənin fəaliyyətinin tədqiqatçılarından biri, Harvard universitetinin professor Robert Tolf Nobelləri “Rokfellerlər” adlandırıb.
O dovrün “Neft işi” qəzet-jurnalının məlumatlarına əsasən, Abşeronda maksimal neft hasilatını 1901-ci ildə aşağıdakı firmalar verib. Belə ki orda verilmiş məlumata gorə “Nobel qardaşları” – 7,80 mln. pud; “Nağıyev Musa” – 4,13 mln. pud; və “Xəzər ortaqlığı” – 4,07 mln. pud. olub. Lüdviq Nobelin neft sənayesində bəzi xidmətləri daha böyük hesab edilməlidir. Belə ki, kəşfiyyat, hasilat, emaldan hazır məhsulun çatdırılması və satışınadək bütün sikllə məşğul olan o zaman üçün unikal firmanı yaratmışdır. Eləcə də dünyada ilk dəfə olaraq neft məhsullarının su yolu ilə daşınması üçün maye daşıyan gəmilərdən istifadənin təmin olunmasıdır. İlk “Zərdüşt” paroxodu Lüdviqin sifarişi ilə 1877-ci ildə İsveçin Motala şəhərində yerləşən zavodda quraşdırılıb. İlk Nobel paroxodunun adının mənşəyi maraq doğurur. O zamanlar Zərdüştün təlimi çox populyar idi – XIX əsrin ortalarından o tədricən avropalılar tərəfindən açılırdı; əsrin sonlarında Nitsşe özünün məşhur “Zaratustra belə deyirdi” əsərini nəşr etdirir. Fransalı nobelşünas Orlando de Rudderin ehtimalına görə, Lüdviq, savadlı adam olmaqla, zərdüştilik fəlsəfəsi ilə ciddi maraqlanır və buradakı təmizlik və müqəddəslik axtarışları haqqında təsəvvür ona müəyyən qədər neftin təmizlənməsi prosedurunu xatırladırdı.
Qeyd etmək lazımdır ki, Lüdviq Nobelin unikal əsəri (“Zərdüşt” paroxodu) uzun müddət xidmət etdi. Yalnız XX əsrin 50-ci illərində gəmi Neft Daşları dəniz yatağında ilk quyuların qazılması üçün digər 7 gəmi ilə birlikdə batırılmışdır. Buna görə də, bu yatağı ilk dövrlərdə “Yeddi gəmi adası” adlandırırdılar. “Zərdüşt”ün ardınca digər mayedaşıyan paroxodlar da meydana çıxdı və hamısı din yaradıcıları və ümumbəşəri tərəqqinin böyük xadimlərinin adını daşıyırdı: “Budda”, “Məhəmməd”, “Musa”, “Spinoza”, “Darvin”, “Linney”, “Nordenşeld” və sair. Ümumilikdə Nobel firması 134 buxar və 212 yelkənli gəmiyə malik idi. Firmanın paroxod və teploxodlarını Volqa, Xəzər və Qara dəniz hövzəsinin müxtəlif yerlərində görmək olardı. 1886-cı ildə dünyada ilk dəfə olaraq “İşıq” mayedaşıyan gəmisi 1700 t Bakı ağ neftini Batumidən, Biskay körfəzi və Atlantik okeanından keçməklə Londona gətirir. Şuxov tərəfindən bu günədək də istifadə olunan forsunkanın mükəmməl konstruksiyası icad olunduqdan sonra mazutun parovozlar, çay və dəniz paroxodları üçün tətbiqi mümkün oldu. Dizel mühərriklərində firmanın neft emalı zavodlarında hasil olunan solyar istifadə olunurdu. Texniki və sənaye işində mühüm xidmətlərinə görə S.-Peterburq texnoloji institute Lüdviq Nobelə mühəndis-texnoloq adı vermişdir. Mədən institutunun professoru, tanınmış neft-kimyaçı Konon Lisenko Lüdviq haqqında deyirdi: “Mən Nobel tərəfindən neftin distilləsi sahəsində edilənlərin hamısını saymayacaq və yalnız ən ömdə olanını qeyd edəcəyəm: o ilk dəfə olaraq, fasiləsiz distilləni təşkil etdi, ilk olaraq açıq havada kub və qarışdırıcılar qoydu, distillyat və hazır məhsullara ciddi nəzarət tətbiq etdi, isti qalıqlarla distillə olunacaq neftin qızdırılmasını təşkil etdi, neftin qızdırılmış buxarla ağ neftə distilləsini tətbiq etdi”.
Nobellərin “neft imperiyasında” 25 mindən artıq fəhlə işləyirdi və 1888-ci ildə Lüdviq Nobelin ölümünədək kapitalı qızılla 35 mln rubldan artıq qiymətləndirilirdi ki, bu da Rusiyanın neft işində xarici investisiyaların ümumi kapitalının beşdə bir hissəsini təşkil etmişdi. 1889-cu ildə S.-Peterburqda “Nobel qardaşları” firması, L.E.Nobel adına mükafat təsis edərkən, eyni zamanda Lüdviqin xatirəsini əbədiləşdirmək üçün daha bir sıra tədbirlər təklif etdi və sonralar onları həyata keçirdi.
Firmanın vəsaiti hesabına (48 min rubldan artıq) S.-Peterburq Mədən və Texnoloji institutlarında, Sesareviç Nikolayın S.-Peterburq sənət məktəbində, S.-Peterburq kommersiya və Birinci realnı məktəbində, həmçinin Bakı realnı məktəbində Lüdviq Nobel adına təqaüdlərin təsis olunması nəzərdə tutulmuşdu. Sonuncuda Nobel qulluqçu və fəhlələrinin uşaqları üçün üç – Lüdviq Nobel, Karl Lüdviqoviç Nobel və Pyotr Bilderlinq adına təqaüd müəyyən olunmuşdu. Bundan başqa, firma “təhsil haqqından başqa, kursu keçib qurtarana qədər ayda 30 rubl olmaqla 10 nəfərədək ehtiyacı olan tələbə üçün ayrı-ayrı müavinətlər ayırır. 6000 rublluq (M.Y.Belyamin adına) daha bir xüsusi kapital var ki, ondan gələn faizlər uşaqların təhsil alması üçün müavinət şəklində ayrılır”.
1900-cü ildə “Nobel qardaşları” firmasının və Rotşildin “Xəzər-Qara dəniz cəmiyyətinin” payına hasilatın 21%-i və Bakıdan neft ixracının 40%-i düşürdü. Həmin ilin əvvəllərində 6 ən iri neft emalı zavodu ağ neftin hamısının 44%-ni hasil edirdisə, təkcə “Nobel qardaşları” firmasına bunun 22%-dən çoxu məxsus idi. Burada qeyd etmək lazımdır ki, böyük gəlirlər gətirən Bakı neft istehsalına rəhbərlik etmək o qədər də asan deyildi. Firmalar arasında rəqabət ümumi etimadsızlığa gətirib çıxarırdı. Bəzən kobudluq və amansızlıq son həddə çatırdı. Mədənlərdə baş verən yanğınlar heç də həmişə təsadüfi olmurdu. Bəzən fəhlələrin kortəbii tətillərə çevrilən narazılığı üzündən istehsalat dayanırdı. Qardaşlar, xüsusilə də Lüdviq məqsədyönlü şəkildə və inadla işləyirdi. İsveç tarixçisi Erik Bergenqren qeyd edirdi ki, “Nobellər ailəsində hamı yüksək mənəvi keyfiyyətlərə malik idi və həmişə uğur qazanmaq ümidi ilə nə isə başlamaq və başladıqlarını inadla davam etdirməyə hazır idilər”.
Alfred Nobelin əməkdaşı və bioqrafı Renyar Şolman onun haqqında belə deyirdi: “Alfred özü və digərləri arasında məsafə saxlamağa çalışan sahibkar tipinə aid idi. O heç zaman onu fəhlələrdən ayıran sərhədləri aşmırdı. Bu daima fəhlələrin həyat şəraitinin qeydinə qalan vətamamilə haqlı olaraq, istər mühəndislər, istərsə də aşağı dərəcəli personal arasında social tərəqqinin pioneri hesab oluna biləcək Lüdviqin davranış xəttinin tam əksi idi”. Bu baxımdan Lüdviqin aşağıda gətirilən sözləri özü hər şeyi aydın göstərir: “Zəhmətsiz mənim həyatım həyat deyil və mənimlə birlikdə bu işə qoşulmuş və mənə və atama xidmət etmiş insanlar hamısı mənim kimi həyatlarının sonunadək maddi cəhətdən təmin olunmayanadək mənin bu işi tərk etməyə ixtiyarım yoxdur”. Məruzələrin birində isə çıxış edərkən, Lüdviq qeyd etdi: “...mən artıq 20 ildən çoxdur ki, öz müəssisələrimdə mənimlə işləyən hər bir kəsi əldə olunan nəticələrin iştirakçısı etmək nəzəriyyəsini tətbiq edirəm ki, mənimlə əməyini bölüşən hər bir kəs mənim qazancımı da bölüşmək hüququna malik olsun”.
O, 1884-cü ildə Bakıda sahibkarların “Bakı sənayeçiləri şurası” xüsusi təşkilatı yaradır və ona 1888-ci ildə ölümünədək rəhbərlik edir. Bu təşkilat Rusiya və xüsusi olaraq, Azərbaycan neft işinin əlaqələndirilməsində böyük rol oynadı. 1901-ci ilin 2 sentyabrında Qafqaz yubiley sərgisində neft işinin təşkili üzrə komissiyanın məsul katibi, tarixçi-publisist G.E.Starsev qeyd edirdi ki, Bakı neft sənayeçiləri qurultaylarının fəaliyyətinin ən böyük nailiyyətlərindən biri onlar tərəfindən mürəkkəb və olduqca çətin bir məsələnin – fəhlələrin bədbəxt hadisələrdən sığortalanması məsələsinin həlli hesab olunmalıdır. Hazırda bizdə firmaların əksəriyyəti öz işçilərini bədbəxt hadisələrin nəticələrindən özəl sığorta cəmiyyətlərində sığorta edir. Bizdə fəhlələrin ümumi sayının təqribən 62%-i sığorta olunub. Burada qeyd etmək yerinə düşərdi ki, fəhlələrin sığortalanması daha çox neft sənayesində inkişaf edib.”.
1885-ci ildə “Nobel qardaşları” firmasının Antverpendə (Belçika) Ümumdünya sərgisində iştirakı nəşrlərdən birində belə təsvir olunur: “Müxtəlif forma və həcmli kolonna və piramidaların bütöv bir sırası rus mineral yağlarının nümunələri ilə doldurulub. Rusiya sənayesinin bu sahəsinin ən görkəmli firmaları başda “neft sənayesinin kraliçası” – “Nobel qardaşları” firması olmaqla göz qabağında idilər”. Qeyd etmək lazımdır ki, 1879-cu ildən, yəni təsis olunduğu andan “Nobel qardaşları” firması aşağıdakı sərgilərdə iştirak edib: 1882-ci il – Moskvada Ümumrusiya sərgisi; 1884-cü il – Londonda Beynəlxalq gigiyena sərgisi – Həmin sərgidə Nobel neft məhsulları qızıl medalla təltif olunmuşdur; 1885-ci il – Antverpendə Ümumdünya sərgisi; 1888-ci il – Sankt-Peterburqda Ümumrusiya işıqlandırma və qızdırıcı əşyalar sərgisi; 1889 və 1900-cü il – Parisdə Ümumdünya sərgiləri; 1893-cü il – Çikaqoda Ümumdünya sərgisi; 1894-cü il – Antverpen və Lionda Ümumdünya sərgiləri; 1896-cı il – Nijni Novqorodda Ümumrusiya sərgisi; 1897-ci il – Stokholmda bədii-sənaye sərgisi; 1901-ci il – Qlazqoda Beynəlxalq sərgi.
1904-cü ildə “Nobel qardaşları” firmasının 25 illiyinə (1904-cü il) həsr olunmuş məruzəsində Konon Lisenko qeyd etmişdir: “Hər bir insan ömrünün sonunda istər-istəməz keçdiyi həyat yoluna və özündə sonra qoyduğu izə nəzər salmalıdır. Belə düşünməyə cürət edirəm ki, Lüdviq Emmanuiloviç həyatda boş-boşuna zəhmət çəkmədiyini və əməllərinin ondan neçə-neçə nəsillər sonra da yaşayacağını tam dərk edərək həyatdan köçdü”. Qocaman alimin bu sözlərini tam haqlı olaraq digər qardaşlara da aid etmək olar. Ümumilikdə “Nobel ardaşları” firması 47 il mövcud oldu. 1888-ci ildən 1917-ci ilədək Nobel ailəsinin neft işlərinə Lüdviqin oğlu Emmanuil rəhbərlik etdi. 1918-ci ildə o siyasi səbəblərdən vətəninə qayıtmağa məcbur oldu. Səciyyəvidir ki, Bakı neft sənayeçiləri Bakıda 1904-cü il-də, İRTC-nin Bakı şöbəsi nəzdində babası və atasının işinin layiqli davamçısı Emmanuil Nobel adına yeni mükafat təsis ediblər.
1889-cu ildə Tiflisdə keçirilən Qafqaz kənd təsərrüfatı və sənaye sərgisində “Nobel qardaşları” firması “neft sənayesində xidmətləri və qələvi tullantıların regenerasiyası işinin praktik əsasının qoyulmasına görə” qızıl medallara layiq görülüb. Qızıl medallarla həmçinin neft emalı məhsullarının yüksək keyfiyyəti və zavod işinin düzgün qurulmasına görə “Şibayev S.M.” və “Xəzər ortaqlığı” firmaları da təltif olunub. ”Nobel qardaşları”nın Azərbaycanda fəaliyyətidən zaman-zaman müxtəlif danışılmış və yazılmışdır. Buna tipik misal olaraq bir neçə il öncə ”Nobel qardaşları”nın Azərbaycanda fəaliyyətindən bəhs edən “Nobellər və Bakı nefti” kitabını da göstərmək olar. Bu kitab Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuşdur. Kitabda Nobellərin ailə şəcərəsi, onların XIX əsrin 30-60- cı illərində Rusiyada, 1874-cü ildən 1920-ci ilə qədər Azərbaycanda və ilk növbədə Bakı neft rayonunda fəaliyyəti öz əksini tapmışdır. Kitabda Nobel qardaşlarının Bakı neft sənayesinin inkişafındakı rolu, neftin hasilatı, emalı və nəqli sahəsində tətbiq etdikləri texniki yeniliklər, o cümlədən onların Bakı şəhərinin ictimai və sosial həyatında gördükləri işlər geniş şəkildə işıqlandırılmışdır. O dövrü əhatə edən unikal foto və sənədlər kitabda öz əksini tapmışdır. Sonda bir daha xatırlatmaq istərdim ki, artıq 20-ci əsrin əvvələrinə yaxın Bakıda fəaliyyət göstərən 20 qədər xarici şirkət arasında ən aparıcı yer Nobel qardaşlarına məxsus idi. Nobellərin var-dövləti artıraraq artıq 45 milyona çatmışdı. Lakin elə məhz bu dövrlərdən Rusiyada inqilabi hərəkat baş qaldırmağa başlayır. Bu, Bakı neftində də fəhlələrin tətillərinə, iğtişaşlara gətirib çıxarırdı. Peterburqda yaşayan Nobel qardaşlarından biri yazırdı: "Elə gün olmur ki, mədən və zavodlarımızda fəhlələr iğtişaş salıb, maşın və avadanlıq sındırmasınlar. Ürəyimiz Bakıdadır. Bizi ifliç vursa, Bakıdan vuracaq"...
“Nobel Qardaşları” Azərbaycandakı fəaliyyəti haqqında xülasəni Q.E.Starsevin sözləri ilə bitirmək istərdim: “... Nobelin bütün n fəaliyyətini belə müəyyən etmək olar: o Asiya neft sənayesi təşkilini mümkün olan qədər Avropa təşkili ilə əvəz etdi. ... Mübaliğəyə yol verməkdən qorxmayaraq, cəsarətlə demək olar ki, bizim sənayemiz hazırkı vəziyyətinə görə onun enerjisi və onun dərrakəsinə borcludur, əlbəttə ki, sənayenin uğurlarının bu və ya digər şəxsin fəaliyyətindən nə dərəcədə asılı ola bilərsə... Nobel böyük kapitala neft səltənətinə yol göstərdi və kapital onun ardınca getdi”.


Bizim TV

Axtariş

Bugünki sayımız

Bugun Ki Sayimiz
Xəbər lenti

Videolent

Maraqlı zarafatlar



Dünyanın ən qorxunc qəzaları



QƏRİBƏ PİLLƏKƏN


Hava Haqqinda
Sayğac

Рейтинг@Mail.ru