“Sübh çağı idi. Yadımdadır, hava da çox soyuq. Hər tərəfi qatı duman bürümüşdü. Mal-qaranı bayıra çıxarmaq istəyirdik ki, hər tərəfi ağappaq işıq bürüdü. Hava oldu süd rəngində”.
Yardımlı rayonu Şilvəngə kənd sakini Əlihüseyn Əhmədov həmin günü belə xatırlayır. Həmin gün, yəni 24 noyabr 1959-cu ildə nəinki Şilvəngə, ona yaxın Ərsilə, Ləzran, Jiy, Mirimli kəndlərinin sakinləri də qorxu içindəydilər. Həyəcan o qədər böyük idi ki, hətta köç barədə də fikirləşənlər olmuşdu. Bəziləri isə pirlərə, övliyalara qaçırdı. Əllərini göyə qaldırıb, dua edirdilər. Hə, məhz göylərə. O göylərə ki, oradan onlara “pay” göndərilmişdi. Özü də bir neçə dənə. Biri 157, digəri 127 kiloqram həcmində. Bir neçəsi də nisbətən kiçik həcmdə. İçi kamasit, taenit, triolitl dolu dəmir parçaları... *** Hə, Yardımlı ərazisinə meteorit düşmüşdü. Episentri isə Arus kəndiydi. Amma buna baxmayaraq bütün rayon ərazisi, daha doğrusu, səması ağ rəngə boyanmışdı. Əlihüseyn kişi deyir ki, bu hadisə cəmi 10-15 saniyə çəkmişdi. Amma bu 10-15 saniyəlik hadisə sonradan o qədər şayiələrin yaranmasına səbəb olmuşdu ki… Hadisədən dərhal sonra Yardımlıya əvvəl Bakıdan, sonra isə Moskvadan böyük bir qrup yollanır. Elmi-tədqiqat işlərinə akademik Mirəli Qaşqay rəhbərlik edir. Akademik gözəl bilirdi ki, meteoritlər nadir hallarda yerə gəlib çatır. Ona görə də, ilkin tədqiqatlardan sonra Moskvaya teleqram vurur ki, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir. İlkin tədqiqat zamanı isə məlum olur ki, meteoritin tərkibi 92 faizə qədər kamasit olsa da… qalan 8 faizlik hissədə Yer qabığında məlum olmayan bir çox elementlər də var. Akademik teleqramda onu da xüsusi qeyd edir ki, hazırda kosmik sahənin öyrənilməsi ilə əlaqədar olaraq, Yardımlı meteoritinin tədqiqatı xüsusi əhəmiyyətə malikdir. *** Burda bir haşiyəyə çıxaq. Əslində, bu meteorit Azərbaycana düşən ilk meteorit deyildi. Söhbət ondan gedir ki, hələ 1891-ci ildə indiki Ağcabədi rayonunun Hindarx kəndinə də çəkisi 27 kiloqram olan meteorit düşüb. 1906-cı ildə çox kiçik bir meteorit də indiki Qazax rayonunun Çaylı kəndi ərazisinə düşüb. Yardımlı meteoritinin özəlliyi onda idi ki, o, nəinki Azərbaycan və ya SSRİ-də, ümumiyyətlə, dünyada yerə düşən ən böyük meteoritlərindən sayılır. Şamaxı rəsədxanasının əməkdaşı Səbahəddin Alışov Lent.az -ın əməkdaşı ilə söhbətində deyir ki, Yardımlının Arus kəndinə düşən meteorit iki hissədən ibarət olub: “Biri 157 kq olub və SSRİ EA Meteorit Komitəsinin muzeyinə aparılıb. Hazırda Moskvada muzeydə saxlanılır. İkinci ən böyük hissəsi isə hazırda Şamaxı rəsədxanasındadır”. Amma Yardımlı meteoritinin saxlandığı bir məkan da var. Söhbət, əsası 1748-ci ildə Avstriya imperatoru I Frans tərəfindən qoyulan Vyana Təbiət Muzeyindən gedir. Azərbaycan muzeyə Yardımlı meteoritindən kəsilmiş 250 qramlıq bir hissə təqdim edib. Səbahəddin Alışov deyir ki, meteorit haqda çoxlu rəvayətlər dolaşır. Məsələn, deyilənə görə, Şah İsmayılın topu kəsən qılıncı məhz meteoritdən hazırlanıb. Əslində, Səbahəddin müəllim haqlıdır. Bu tip rəvayətlərə bəzi mənbələrdə də rast gəlmək olar. Məsələn, deyilənə görə, Roma imperatoru Numa Pompiliyanın qalxanı “göydən yerə düşən dəmir parçası”ndan hazırlanıb. Hind knyazı Cahangir də 1621-ci ildə meteorit parçalarından özünə qılınc, xəncər və bıçaq hazırlayıb. Rusiya imperatoru 1-ci Aleksandra da meteoritdən hazırlanmış qılınc hədiyyə edilib. Əmir Teymurun qılıncının da məhz meteorit parçasından hazırlandığı deyilir... *** Zaman: 2013-cü il, fevralın 15-i. Məkan: Rusiyanın Çelyabinsk vilayəti. Səhər saat 09:20-də vilayətin bir neçə ərazisinə meteorit yağışı yağır. Elə Yardımlıda olduğu kimi, ətraf süd rənginə boyanır. İnsanlar təşvişə düşür. Xeyli adam meteorit qırıntılarından yaralanır. Proses 15-20 saniyə çəkir. Hadisə yerinə alimlər, tədqiqat qrupu gəlir. Bir həftəlik tədqiqatdan sonra maraqlı bir qərar verir Rusiya hökuməti: meteorit parçalarını tapıb təhvil verənlərə 300 min rubl (təxminən 4 min 700 dollar) mükafat veriləcək. Bəs görəsən, Rusiya hökumətini bu qərarı verməyə nə vadar edib? İlk növbədə, təbii ki, kosmosun öyrənilməsi məqsədi. İkincisi, “göydən gələn qonaqlar”ın tərkibində Yer üzündə rast gəlinməyən maddələrin olması. Və nəhayət, meteorit parçaları zərgərlik sənayesində də geniş istifadə edilir. Məsələn, meteoritdən zinət və bəzək əşyaları hazırlayan “Gabio”da 1,5 qramlıq üzüklərin qiyməti təxminən 1000 avrodan başlayır. Yeri gəlmişkən, indiki MDB ərazisində Moskvada, Sankt-Peterburqda və Kiyevdə məhz meteoritdən hazırlanan zərgərlik məmulatları satan ixtisaslaşmış mağazalar fəaliyyət göstərir. Bir maraqlı məlumat: az əvvəl hərracda “Louis Moinet Meteoris”ə aid saat satılıb – 4,8 milyon dollara. Bu saatın siferblatında, yəni rəqəmlər olan üz lövhəciyin altında əsl meteorit daşından istifadə olunub. Nadir saat yalnız dörd nüsxədə buraxılıb. *** Bakıdakı zərgərlik dükanlarında meteorit qırıntılarından hazırlanmış zinət və bəzək əşyalarının satılıb-satılmadığını deyə bilmərik. Əslində, bu özü də bir araşdırma mövzusudur. Amma saytların birində belə bir elana rast gəldik: “Çox dəyərli daşlar olan meteorit daşları satılır. Qiymətləri qramla satılır. Almaq istəyənlər internetdə bunu araşdırsın sonra alsınlar. Hamısını maqnit çəkir”. Nə bilmək olar? Bəlkə də 60 il bundan əvvəl Arusa düşmüş “hədiyyə”dən qalanlardır? *** “Alimlər gedəndən sonra gecələr Arus kəndinə, dəmirin düşdüyü yerə adamlar gedərdi. Hər yeri qazıq-qazıq edərdilər. Şayiə gəzirdi ki, göydən yerə düşəndən sonra həmin dəmir brilyanta çevrilir. Ya da çox bahalı nəyəsə. Amma heç kim heç nə tapa bilmədi”, - deyir Əlihüseyn kişi. Əslində həmin qiymətli əşyanı aparıblar... Yerdə qalan, sadəcə, boş çuxur idi...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?