Sovetlər birliyi saxta dostluq sağlıqları ilə dolu, millətlərin inkişafını buxovlayan mexanizm kimi təbii qanunauyğunluqla dağıldı. Sovet milli kadr siyasətində kadrların əsasən öz millətindən uzaq düşməsi, mərkəzin isə qulu prinsipi aparıcı idi. Sovet ənənəsi təəssüf ki, bu gün də sovet izi olan bəzi yerlərdə, o cümlədən Gürcüstanda da qismən yaşamaqdadır. Qismən ona görə dedim ki, Gürcüstan insanı uzun zaman yasaqlanan demokratiyanın zəfərini daddı, qanunun aliliyi, konstitusion hüquq, vətəndaş və icma haqqı kimi terminləri dilə gətirilməyə, gürcü milləti ilə yanaşı soydaşlarımız da siyasətin, siyasi mübarizənin, azad və ədalətli seçkinin nə olduğunu əyani gördü, o mühiti yaşadı və yaşamaqdadır.
Qızılgül inqilabı bütün vasitələrlə yasaqlanan demokratiyanı qonşumuz Gürcüstana gətirə bildi.Soydaşlarımız nəhayət ki, müxalif söz deyə, aksiya keçirə, hakimiyyəti tənqid edə, hakimiyyətin iradəsinin əleyhinə səs verə, siyasi partiyada funksioner ola, siyasi ideoloji prosesdə yeni təfəkkürə sahiblənə bilir. Bu prosesin ən unikal üstün cəhəti həm də odur ki,siyasi institusional quruluşa keçid cəmiyyətin əhəmiyyətli bir kəsimini siyasi, içtimai fəallığa sövq edib və bir zamanlar uzaq sahillərdən gözlənilən problemlərinin həllinə çarə aramaq indi özgüvənlə, siyasi fikir mübarizəsi meydanı ilə əvəzlənməkdədir. Əvvəlki seçkilər dediyim prosesin müqavimətlə üzləşməsinə baxmayaraq dinamika qazanması ilə yadda qaldı.
Xəyallar gerçəkləşməkdədir. Soydaşlarımız siyasi prosesin içərisindədirlər və həm də iddialı görünürlər. Marneuli meri uğrunda növbədənkənar seçkiyə soydaşlarımız bir neçə namizədlə qatılıblar. Müxalif “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev, hakim “Gürcü arzusu”ndan Zaur Darğallı, müxalif “Vahid Milli Hərəkat”dan Aqil Mustafayev, müstəqil namizəd olaraq isə Əli Bədirov mer marafonuna qatılmışlar. Namizədlərin hər biri son zamanlar yetişmiş və demokratikləşmə prosesində parlamış gənclərimizdəndir. Hər biri bizim üçün şəxsiyyət kimi qiymətlidir. Fikrimcə, namizədlərin çoxluğu məyusluq yaratmamalıdır. Siyasi mübarizədə siyasi-ideoloji yaxınlığı olan qüvvələr səylərini birləşdirə bilər, bu normaldır. Müstəqil namizəd də ixtiyari seçimdən birini etmək sərbəstliyinə malikdir.
Əsas mübarizənin hakimiyyət və müxalifət namizədləri arasında gedəcəyini düşünürəm. Əhməd İmamquliyev siyasi, seçki təcrübəsi olan, problemləri uzun müddət təqib edən, fərqli düşünmək, azad fikir irəli sürmək, onu əsaslandırmaq imkanına, siyasi analitik qabiliyyətə malik, bələdiyyədə idarəetmə təcrübəsinə sahib yetkin siyasi gücdür. Bu etiraf olunmalıdır. Ümumiyyətlə, Gürcüstan üzrə ən fəal milli siyasi fiqur olaraq, həm də Gürcüstan siyasi elitasında tanınan birisidir. Novatordur, dinamikdir, çevrəsində müəyyən gücü, kadr potensialı var. Dialoqdan, cəmiyyətlə açıq təməsdan çəkinmir. Müxalif cinahda əsas fiqurlardan biri də Aqil Mustafayevdir. Siyasi fiqur olaraq perspektivli gənclərdəndir. Siyasi fəallığına görə hələ çox çalışmalıdır. Cəmiyyətlə açıq dialoq və disskusiyalarda təcrübəsi var. Gələcəyin ən parlaq simalarından biri olacağına şübhə yoxdur.
Müstəqil namizəd Əli Bədirov hüquq sahəsində yetişməkdə olan, ümid vəd edən gəncliyimizin nümayəndəsidir. İctimai rəydə müsbət imicə malikdir. Gələcəkdə çox aktual olan insan hüquq və azadlıqlarının təmini sahəsində, hüquqi maarifləndirmə və idarəetmədə hüquq sektorunun təşkili işində mükəmməl kadrlarımızdan biri olacağına inanıram. Siyasi fiqur olaraq meydanda deyil.
Hakimiyyətin namizədi Zaur Darğallı çağdaş gənclik hərəkatının öncüllərindən olmuşdur. QHT sektorunda ilk illər ən parlaq fiqur olaraq bizim də diqqətimizi cəlb etmişdir. 2014-cü ildə reputasiyası çox da cazibəli olmayan məmurun himayəsi onu çox zəngin gənclik hərəkatı ğncüllüyündən bürokratiya meydanına transfer edildi. Etiraf edim ki, buna çox heyfsilənmişdim. Bürokratiyanın perspektiv vəd edən bir gəncimizi əlimizdən aldığını düşünmüşdüm. Onun gənclik lideri kimi yetişmək imkanları daha geniş idi. Bu gün də tutduğu vəzifələrdə hər hansı fikir və əməllə diqqəti özünə cəlb edə, milli kadrın özəlliyi və gözəlliyini nümayiş etdirə bilməmiş, öz sözü olmayan məmura çevrilmişdir.
Piarlıq etmirəm. Soydaş kimi mənəvi məsuliyyət daşıdığımı bilirəm. Subyektiv fikrimi obyektiv meyarlarla əsaslandırmağa çalışdım. Mer vəzifəsi icra funksiyasını yerinə yetirməklə yanaşı xalqın etimadı ilə formalaşmış siyasi postdur. Soydaşlarımız xalqın içində olan, düz bildiyi yolu əyilmədən gedən, demokratik dəyərlərə sadiq, azad fikir daşıyıcısı, tənqid və özünütənqiddən qorxmayan namizədə əl qoyularsa,soydaşlarımız problemlərin həllinə, soydaşlarımızın icma olaraq varlığına, rifahının yüksəlməsinə əl qoyulmuş olacaqdır. Marneuli siyasi -ictimai fəal, azad düşünən gəncliyimiz və seçki prosesinə inam yükü daşıyan toplumla zəngindir. Bu deməyə əsas verir ki, xalq öz sözünü deyəcək və onun iradəsi qalib olacaqdır. Hər kəsə uğurlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?