“Borçalı” İctimai Cəmiyyəti 10 oktyabr 2015-ci il tarixində “Azərbaycan Gürcüstan münasibətləri və “Borçalı” Cəmiyyəti” mövzusunda növbəti “Dədə Camal” məclisi keçirmişdir.
Cəmiyyətin sədri Zəlimxan Məmmədli məclisi Türkiyədə PKK terroru zamanı və Ankaradakı son terror hadisəsində həlak olanların xatirəsinə ehtiram bildirərək, Türkiyə xalqına başsağlığı verməklə açmışdır.
Son dövrlər görülən işlər barədə Elbəyi Cəlaloğlu məlumat verdi. Çıxışçı Cəmiyyətin 7-ci Elat bayramı və ondan sonrakı fəaliyyəti – o cümlədən Türkiyəli alimlərlə görüş, İH iclasları, Gürcüstana səfərlər, qurban kəsimləri, eləcə də, Dmanisi İcra başçısı və Kvemo-Kartli qubernatoru ilə rəsmi görüşlər barədə iştirakçıları ətraflı məlumatlandırdı.
Bundan sonra Cəmiyyətin sədri Zəlimxan Məmmədli tədbirin mövzusu üzrə məruzə etmişdir. Natiq dünyada gedən siyasi proseslərə münasibət bildirərək bunun Azərbaycan Gürcüstan münasibətlərinə təsirindən danışmış və bu iki dövlət arasında konfrantasiyanın olmadığını qeyd etmişdir. Zəlimxan Məmmədli Borçalıda etnik qarşıdurma yaratmağa cəhd edən, bölgəni etnik gərginlik mənbəyinə çevirmək istəyən qüvvələrin də zamanla mövcud olduğunu diqqətə çatdırmış, regionda bu cür qarşıdurmaların yaranmasında Kremlin bir başa maraqlı olduğunu söyləmişdir. Çıxışçı “Borçalı” Cəmiyyətinin yaranma tarixindən, 1990-1991-ci illərdəki fəaliyyəti, onun üzvü olan ziyalılarımızın Gürcüstanda Azərbaycan və gürcü xalqları arasındakı münasibətləri tənzimləməyə çalışdıqları və süni olaraq yaradılmış qarşıdurmanın qarşısını almağa nail olduqları barədə fikirlərini bölüşmüşdür. Cəmiyyət sədri bütün bunların fonunda “Borçalı” Cəmiyyətinin Gürcüstanda xoşməramlı fəaliyyətinin təməlinin 1989-cu ildən qoyulduğunu dilə gətirmişdir. Zəlimxan Məmmədli qeyd etmişdir ki, bu çabalarımıza baxmayaraq Gürcüstanın siyasi hakimiyyəti də bəzən əsassız addımlar atmaqdan, soydaşlarımızın heysiyyatına toxunan qərarlar qəbul etməkdən çəkinmədilər. Cəmiyyət sədri Bolnisidə 31 tarixi türk toponiminin dəyişdirilməsini, soydaşlarımızın torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılmasını və cəmiyyətin bəzi üzvlərinə əsassız olaraq tətbiq edilmiş yasaq qərarını deyilənlərə nümunə göstərmişdir.
Çıxış zamanı Zəlimxan Məmmədli demişdir ki, biz “Gürcüstan unitar dövlətdir, Cənubi Osetiya və Abxaziya Gürcüstanın tərkib hissəsidir”, - dedik, “tarixi Borçalı Gürcüstan, Azərbaycan və Türkiyə dövlətləri arasında mənəvi birləşdirici körpüdür”, - söylədik, biz soydaşlarımızın vətəndaş hüquqlarının təminindən başqa bir şey istəmədik. Bundan, bu sağlam mövqedən əndişələnənlər birinci ermənilər, ikinci də bölgədə sabitliyi pozmaq istəyən qüvvələr oldu.
Zəlimxan Məmmədli bəzi gürcü media nümayəndələrinin Elat bayramı ilə bağlı ictimaiyyətə çatdırdığı yanlış məlumatlar və “Borçalı” Cəmiyyətini separatçılıqda ittiham etmələri barədə də danışmışdır. O, vurğulamışdır ki, yol verilmiş yanlışlığa görə onlar dezinformasiyanı təkzib etməli, “Borçalı” Cəmiyyətindən, Gürcüstanda yaşayan soydaşlarımızdan və bütünlükdə Gürcüstan ictimaiyyətindən üzr istəməlidirlər.
Cəmiyyət sədri çıxışının sonunda aşağıdakıları söyləmişdir: “Biz babalarımızın qoyduğu dostluq yolunu davam etdirəcəyik. “Borçalı” Cəmiyyəti Gürcüstanın bayrağını Türk dünyasına sevdirməkdə davam edəcək. Biz bununla vətəndaşlıq borcumuzu yerinə yetiririk. “Borçalı” layihəsi bölücü deyil, tarixi Borçalı Azərbaycan, Gürcüstan və Türkiyə arasında mənəvi körpüdür. Biz Gürcüstan siyasi hakimiyyətini həqiqətin gözünə dik baxmağa, yanlış qərarlarını redaktə etməyə dəvət edirik. Bizlərə atılan daşlar soydaşlarımıza, barış və sülhə, dostluq və qardaşlığa atılan daşlardır. İndiki Gürcüstan siyasi hakimiyyəti bu yanlışlıqları düzəltməli, soydaşlarımızın haqlı narazılığına son qoymalıdırlar.”
Məruzə ətrafında Abbas Abdulla, Əmirxan Babaşov, Telman Əliyev, Həsən Qurbanov, Qiymət Məhərrəmli, Hüseyn Artıkoğlu, Güləmail Murad, Umutvar Məmmədli, Salman Murğuzlu, Eldar Məmmədli, Sərdar Əlibəyli, Oqtay Rza və başqaları çıxış edərək “Borçalı” Cəmiyyətinin tutduğu yolun davam etməsini vacib hesab etdilər, eyni zamanda Gürcüstanda gürcü dilinin tədrisi, təhsillə bağlı və digər problemlərinin həllinin vacibliyini vurğuladılar.
“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?