Məlum edirik ki, 27 yanvar 2020-ci il tarixli nömrənizdə “Saatlı rayonunda qarşıdurma” başlığı altında material dərc edilmişdir. Həmin materialda bildirilir ki, “62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Mehtiyev Oktay Hüseyn oğlunun 26 yanvar 2020-ci il tarixdə saat 13:00-16:00 radələrində seçiciləri ilə nəzərdə tutulan görüşü qarşıdurma və polis zorakılığı ilə başa çatmışdır. Belə ki, Saatlı şəhər mədəniyyət sarayı 500 nəfər adam tutduğu halda, həmin görüşə min nəfərdən artıq adam gəlmişdir. Adamların çoxluğu yerli hakimiyyət orqanlarını, YAP rayon təşkilatının və 62 saylı DSK-nın rəhbərliyini ciddi narahat etmiş, səlahiyyətlərindən sui-istifadə edərək tədbirin polis zorakılığı ilə dağıdılmasına nail olmuşlar. Yerli əhali baş vermiş hadisəni əvvəlki illərdə olduğu kimi bu dəfə də digər regiondan olan şəxslərin Saatlıdan deputat təyin edilməsinə nail olmaq cəhdi kimi dəyərləndirib və bunu seçki qanunvericiliyinin kobud şəkildə pozulması halı kimi pisləmişlər. Onlar bu qənaətə təsadüfən gəlməyiblər.” Dairə seçki komissiyasının sədri kimi məlum edirəm ki, yuxarıda qeyd olunanlar tamamilə yanlış və həqiqətdən uzaq fikirlərdir. 26 yanvar 2020-ci il tarixdə saat 14:00-da 62 saylı Saatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Mehtiyev Oktay Hüseyn oğlu əvvəlcədən razılaşdırılmış qrafik əsasında rayonda qapalı görüş yeri kimi ən böyük, rahat bina olan və Saatlı RİH başçısının müvafiq sərəncamı ilə qapalı görüş yeri kimi ayrılmış 350 yerlik rayon Mədəniyyət Mərkəzində seçicilərlə görüş keçirmişdir. Oktay Mehtiyev binadakı yerə uyğun 350 seçici ilə görüş keçirəcəyini bildirməsinə baxmayaraq, yerli seçiciləri həmin binada yerləşdirmək əvəzinə Bakı şəhərindən müxtəlif maşınlarda gətirtdiyi 250 adamı və bir o qədər də yerli sakini binaya daxil etdirib öz görüşünü keçirmişdir. Görüşə dəvət edilmiş nəzərdə tutulduğundan daha çox insanın rahatlığını təmin etmək məqsədilə dairə seçki komissiyası namizədin səlahiyyətli nümayəndəsi Roman Qaraşova görüşün rayon Olimpiya İdman Kompleksində açıq şəraitdə keçirilməsi təklifini vermiş, lakin müsbət cavab almamışdır. Görüşün keçirilməsinə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və 62 saylı Saatlı seçki dairəsinin heç bir rəsmisi müdaxilə etməmişdir. DSK sədri olaraq mən görüşün yüksək səviyyədə keçirilməsinə lazımi şərait yaratmağı Mədəniyyət Mərkəzi rəhbərliyindən xahiş etmişəm və xahiş yüksək səviyyədə təmin olunmuşdur. Belə ki, bina görüş ərzində daimi elektrik enerjisi və istilik sistemi ilə, həmçinin səsgücləndiricilərlə təchiz edilmişdir. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeydə alınmış namizədə, onun səlahiyyətli nümayəndəsinə və görüş iştirakçılarına qarşı heç bir zorakılıq göstərilməmiş, ümumiyyətlə, polis əməkdaşları binaya daxil olmamış, binadan aralı yerdə dayanaraq öz xidməti vəzifələrini yerinə yetirməyə hazır olmuşlar. Yuxarıda qeyd edilən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində qeydə alınmış namizəd Oktay Mehtiyevin qapalı görüşü insidentsiz və qarşıdurma olmadan başa çatmışdır. Görüşlə bağlı qeydə alınmış namizəd, onun səlahiyyətli nümayəndəsi və seçicilər tərəfindən heç bir narazılıq, ərizə və şikayət edilməmişdir. Təəssüf hissi ilə qeyd edirəm ki, əvvəlki nömrələrinizin birində qeydə alınmış namizəd Oktay Mehtiyevin seçicilərlə görüşlərində buraxdığı səhvlər, etdiyi qanun pozuntuları barədə oxuculara real məlumatlar verdiyiniz halda, 27 yanvar 2020-ci il tarixli nömrənizdə məlum olmayan səbəbdən heç bir fakta əsaslanmayan, tamamilə yalan olan bir material dərc edilib. Saytınızda getmiş yuxarıda qeyd olunan məqaləyə münasibətimi növbəti nömrənizdə dərc etməyi Sizdən xahiş edirəm.
Hörmətlə, 62 saylı Saatlı seçki dairəsi, DSK-nın sədri Arif Əliyev 27.01.2020
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?