Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda və qaçaqmalçılıqda təqsirləndirilən 6 nəfər - Aman Muhamməd Baylyyev, Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanovun cinayət işi üzrə məhkəməsi keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərdən
Neman Abbasov özünü qismən, digərləri isə təqsirli bilmədiklərini deyiblər.
Daha sonra təqsirləndirilən, Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı Neman Abbasov ifadə verib. O, Ziyafət Qurbanovdan rüşvət aldığını etiraf edib: “Adil Kazımov mənə zəng edib, bir nəfərin 1 kq qızılı olduğunu və həmin yükü qanununi şəkildə gömrükdən keçirmək lazım olduğunu bildirdi.Heydər Əliyev Beynəlxalq Hava Limanında Ziyafət xanımla görüşdüm. Həmin qadın qanunu bilmədiyi və avam olduğu üçün ondan 2200 dollar rüşvət aldım. Ona bildirdim ki, həmin pullar rüsum üçündür. Aytəkin Tağıyevaya Türkmənistan vətəndaşının yükünü keçirməsini xahiş etdim. Qanuna əsasən, Ziyafət xanımdan rüsum tələb etməli deyildim, onu aldatdım. İstintaqa verdiyim ifadəni təsdiqləmirəm".
DGK-nın keçmiş əməkdaşı A.Kazımov ifadəsi zamanı Z.Qurbanovanın ona qızılların qanuni yolla ölkədən çıxarlması ilə bağlı müraciət etdiyini qeyd edib: "Gecə növbəsindən çıxmışdım. Həmin gün işdə olmadığım üçün Neman Abbasova zəng vurub dedim ki, Ziyafət xanımın yükünü qanuni yolla həll et. Daha sonra Neman mənə qızılların saxlanıldığını bildirdi. Bu işlə bağlı onunla aramızda heç bir pul söhbəti olmayıb".
Z.Qurbanova ifadəsində bildirib ki, qızılları ölkədən qanuni yolla çıxarmaq üçün A.Kazımovla danışıb: "Aman Muhamməd Baylyyev Türkmənistandan mənə zəng vurub qızıl almaq istədiyini bildirdi. Mən də Adil müəllimlə danışıb onları ölkədən qanuni yolla çıxarmağın mümkün olub-olmadığını soruşdum. Adil müəllim də bunun mümkün olduğunu bildirib. Aman 48 min dollar
pulla Azərbaycana gəldi. Məndən 28 min dollara qızılı nəğd aldı, qalanları isə ona nisiyə verdim. Adil müəllim Neman Abbasovun köməklik edəcəyini bildirdi. Hava Limanında Neman məndən rüsum üçün pul tələb etdi, sonra aşağı tualetə düşməyimizi dedi. Buna görə çox qorxdum. Adil müəllimə zəng etsəm də, telefonu bağlı idi. Qızılları tualletdə Nemana vedim. Ondan tələb etdim ki, malları monitordan keçirsin, lakin razı olmadı, sonra isə başıma bu iş gəldi”.
Daha sonra digər təqsirləndirilən Aytəkin Tağıyeva, M.Qasımov və A.Baylyyev dindirilib.
Proses noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən biri - Aman Muhamməd Baylyyev Türkmənistan vətəndaşı, 5-i isə - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva Muxtar Qasımov və Ziyafət Qurbanova isə Azərbaycan vətəndaşıdırlar. Azərbaycan vətəndaşalarının 4-ü Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarıdır.
Məlum olub ki, təqsirləndirilən 6 nəfərdən 2-si - A.Baylyyev və N.Abbasovun hazırda barələrində həbs qətimkan tədbiri seçilib. Digər 4 nəfər isə - A.Kazımov, A.Tağıyeva M.Qasımov və Z.Qurbanovadır.
Həmin şəxslər Azərbaycandan Türkmənistana qanunsuz yollarla külli miqdarda qızıl-ziynət əşyalarının keçirilməsində təqsirli bilinirlər.
Onlar Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunurlar.
Sorğu
Yeni dizaynımız necədir?