Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, ilahiyyatçı Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib, təqsirləndirilən şəxsin vəkili vəsatətlər qaldırıb.
Prosesdə ilahiyyatçının vəkili Əfqan Məmmədov müvəkkili barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, onun dəmir barmaqlıqlar arxasından çıxarılaraq müdafiəçisinin yanında əyləşdirilməsi ilə bağlı vəsatətlər qaldırıb. Lakin vəsatətlər təmin edilməyib.
Prosesin davamında ittiham aktını elan edilib. Lakin ilahiyyatçı ona qarşı elan olunan ittiham aktı ilə razılaşmayıb.
O, özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret fakt olmadığını deyib. İlahiyyatçı günahkar olduğu sübut ediləcəyi halda, konkret faktlar göstəriləcəyi halda özünü təqsirli biləcəyini etiraf edəcəyini deyib.
Qapalı keçirilən məhkəmə prosesi iyulun 26-sı davam etdiriləcək.
E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edili. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?