Bu gecə dünya çempionatının B qrupunda ikinci 1/8 finalçının və ikinci yolçunun da adı məlum oldu. İkinci turda Avstraliya üzərində 3:2 hesablı qələbə qazanıb "kenquruları" evinə quru-quru (iki oyuna xalsız) yola salan Hollandiya bu qrupda ilk 1/8 finalçı olub. Qrupun taleyinə İspaniya-Çili oyunu aydınlıq gətirməli idi. İspaniya ilə keçirdiyi 10 rəsmi oyunun heç birində qələbə qazana bilməyən Çili bu matçı qələbə ilə başa vursaydı, birinci oyunda hollandlara 1:5 hesabı ilə məğlub olan son dünya və Avropa (özü də dalbadal ikiqat) çempionu ispanlar da Braziliya ilə vidalaşmalı olacaqdı. Belə də oldu. İlk oyunda Avstraliyanı 3:1 udmuş Çili Braziliyanın məşhur "Marakana" stadionunda keçirilən matçda həm qrupdakı ikinci oyununda qələbə qazanmaqla xallarının sayını 6-ya çatdırıb 1/8 finala çıxdı, həm də ispanlara evinə yollanmaq üçün bilet almaqda "kömək etdi". Burada Çili üçün prinsipial olan başqa məqam da vardı. Çili İspaniya ilə rəsmi matçlarda ilk dəfə Braziliyada keçirilən 1950-ci il dünya çempionatında və bu gün oynadığı "Marakana" stadionunda üz-üzə gəlmiş və ispanlara 0:2 hesabı ilə məğlub olmuşdu. Üstündən 64 il keçəndən sonra yenə Braziliya, yenə "Marakana" , yenə Çili-İspaniya oyunu. Və yenə 2:0... Bu dəfə Çili qazandı. Üzərində "Gülə-gülə, İspaniya" sözləri yazılmış plakatlar tutan Çili azarkeşlərinin ata-babalarının ruhu bu gün yəqin sevinər... Bu oyun günü A qrupunda daha bir matç olub. İlk turda Braziliyaya 1:3 hesabı ilə uduzan Xorvatiya millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kamerun yığmasını darmadağın edib və rəqibin 1/8 final mərhələsinə çıxmaq şanslarının üstündən xətt çəkib. Kamerun ilk oyunda Meksikaya 0:1 uduzmuşdu. Bu qarşılaşma isə xorvatların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 11-ci dəqiqədə "Volfsburq"un hücumçusu İviça Oliç açıb. 40-cı dəqiqədə kamerunlu Sonq yersiz hərəkəti ilə komandasını azlıqda qoyub. O, topsuz mübarizədə xorvat futbolçu Mancukiçə arxadan zərbə endirib. Bu, hakimin gözündən yayınmayıb və o, Sonqa birbaşa qırmızı vərəqə göstərib. İkinci hissənin əvvəlində xovatiyalı futbolçu Perişiç komandasının üstünlüyünü iki topa çatdırıb. 61-ci dəqiqədə Mancukiç hesab arasındakı fərqi artırıb. O, bundan 13 dəqiqə sonra dubla imza atıb. Beləliklə, Kamerun millisinin dünya çempionatında heç bir iddiası qalmır. Sonuncu tur ərəfəsində Braziliya və Meksika millilərinin 4, xorvatların 3 xalı var. Kamerunlular xalsızdır. Yəni sonuncu turun nəticəsindən asılı olmayaraq Kamerun millisi pley-off mərhələsinə vəsiqə verən ilk iki yerdən birini tuta bilməyəcək. Xorvatlar isə mübarizəni davam etdirmək üçün növbəti turda Meksika millisini mütləq məğlub etməlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?