Cənub Keçid Şurası adlı qurum Hadi tərəfdarlarını məğlub edərək Ədən şəhərini ələ keçirərək Cənubi Yəmən bayraqlarını qaldırıb
Yəmən yenidən şimal və cənuba bölünür. Son günlər ölkənin əsas iqtisadiyyat və liman şəhəri Ədəndə devrilmiş prezident Mansur Hadi tərəfdarları ilə Cənub Keçid Şurası tərəfdarları arasında toqquşmalar dayanmır.
Məsələ ondadır ki, Keçid Şurasını BƏƏ dəstəkləyir, Mansur Hadini isə Səudiyyə Ərəbistanı hakimiyyəti. Ədən isə Yəmənin əsasən iqtisadi mərkəzidir. Bu şəhər ilk vaxtlardan Hadi tərəfdarlarının nəzarətindədir və koalisiyanın əsas mərkəzi hesab olunur. Ancaq son aylara qədər birgə hərəkət edən Cənub Şurası üzvləri gözlənilmədən Mansur Hadi tərəfdarlarına hücum edib.
“Sputnik” xəbər verir ki, artıq Ədən şəhəri Cənub Keçid Şurasının nəzarətindədir. Yanvarın 28-də Keçid Şurası Mansur Hadi hökumətinin Ədəndəki baş naziri Əhməd Dagiri korrupsiya və ayrı-seçkilikdə ittiham edərək istefaya çağırıb. Şura bəyan edib ki, baş nazir hökuməti buraxıb “texnokrat” hökumət qurmasa Hadiyə qarşı çevriliş edəcək. Bazar günü hərəkətə keçən Cənub Şurası artıq Ədən limanını və devrilmiş Yəmən hökumətinin yerləşdiyi sarayı mühasirəyə alıb. Hazırda sarayı Səudiyyə Ərəbistanı hərbçiləri separatçı cənublulardan mühafizə edir. Ancaq artıq Ədəndə xalq küçələrə çıxaraq Hadi hökumətinin devrilməsini bayram edir. Bazar günündən bu yana davam edən toqquşmalar zamanı 36 nəfər ölüb, 185 nəfər yaralanıb. Səudiyyə koalisiyası isə “Ədəndə sabitliyin bərqərar olması üçün lazımı addımları atacağını” bəyan edib.
Ancaq artıq Ədəndə bəzi nöqtələrdə Cənubi Yəmən bayraqları dalğalanmağa başlayıb. Xatırladaq ki, hazırkı Yəmən 1990-cı ilə qədər iki dövlətdən ibarət olub. Cənubi Yəmən sosialist respublika (Cənubi Yəmən Xalq Respublikası) olub. Cənubi Yəmən 1839-cu ildə Yəmənin cənub hissəsinin ingilis işğalına düşməsindən sonra bölünüb. 1967-1990-cı illər ərzində isə Cənubi Yəməndə mövcud olan sosialist respublika SSRİ ilə müttəfiq əlaqələrinə sahib olub.
Ancaq 2012-ci ildə “ərəb baharı” prosesi çərçivəsində cənub və şimalı birləşdirən lider Əli Abdullah Saleh devrilib və vitse-prezident Mansur Hadi müvəqqəti prezident təyin olunub. ancaq 2014-cü ildə Hadi üsyan edən husilər tərəfindən devrilib və ölkədən qaçıb. Bundan sonra ölkədə vətəndaş müharibəsi başlayıb və cənub ərazilərində Hadi tərəfdarları, şimalda isə üsyançı husilər möhkəmlənib. Son hadisələr isə Yəmənin yenidən bölünəcəyi ilə bağlı qənaətləri gücləndirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?