ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya Vaşinqtonun mövqeyi necə olacaq sualına cavab verərkən deyib ki, təmsil olunduğu ölkə tərəfdaş ölkələrin yanında olmağa davam edəcək:
“İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.
Qeyd edək ki, son zamanlar İranın Azərbaycana qarşı təhdidləri xeyli artıb. İranın bəzi rəsmiləri Azərbaycanı hədələməkdə davam edir. Bu yaxınlarda onlar hətta Azərbaycan sərhədi boyunca hərbi təlimlər də keçiriblər. Eyni zamanda, Tehran Qərbə doğru yol götürən Ermənistanla əlaqələri genişləndirir, onu silahla təchiz edir. Bu fonda Türkiyənin ardınca artıq ABŞ-da iİranın Azərbaycana qarşı təhdidlərinə göz yummayacağını bildirir. Əslində ABŞ Prezidenti Co Baydenin bu yaxınlarda etdiyi çıxışında “Biz İranı azad edəcəyik” fikrini səsləndirməsi ondan xəbər verirdi ki, Ağ Evin Tehrana qarşı təzyiqləri daha kəskin xarakter alacaq. İran Ukrayna ilə müharibə edən Rusiyaya raket verməklə öz durumunu daha da qəlizləşdirib. Yaranış durumda Praysın açıqlaması onu deməyə əsas verir ki, ABŞ İranın şimal sərhədindəki müsəlman ölkəsinə qarşı hədə-qorxu dilində danışmasına da biganə qalmayacaq. İran belə olan halda birmənalı olaraq özünün hədə-qorxu ritorikasından əl çəkməlidir. Yoxsa, dünyanın super gücü olan ABŞ və NATO-nun ikinci ordusuna malik Türkiyə ilə qarşı-qarşıya gəlməli olacaq. Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm komponentlərdən biridir. Belə olan halda, aydın məsələdir ki, İranın Azərbaycana yönəlik aqressiv siyasəti eyni zamanda ABŞ-ın təhlükəsizlik maraqlarına da təhdiddir.
Praysın açıqlaması həm də Ermənistana ünvanlanıb. Belə ki, İrəvan Tehranla əlaqələrini daha da intensivləşdirir. Ona görə də sözügedən bəyanat həm də İrəvana edilən xəbərdarlıqdır.
Dövlət Departamenti sözçüsünün açıqlaması fonunda yaranmış vəziyyət Azərbaycana özünün müstəqil siyasətini daha ardıcıl şəkildə həyata keçirməyə imkan verəcək. İran isə böyük ehtimalla Bakıya yönəlik təhdidlərini azaltmalı və hətta dayandırmalı olacaq. Əks halda, onun bu sayaq hərəkətləri sonda öz başında çartlaya bilər...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?