Sumqayıt Apelyasiya Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaqda təqsirləndirilən Mirzə Mirzəyev barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apelyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
İttiham aktına əsasən, Mirzə Mirzəyev Sumqayıt şəhəri, 18-ci mkr, bina 29, mənzil 42 ünvanında istintaqa məlum olmayan mənbədən 1 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə kalibrli, İJ-K modelli, texniki cəhətdən saz, atəş üçün yararlı, lüləsi və qundağının əldəqayırma üsulu ilə kəsilmiş və bir neçə odlu silah saxlamaqda təqsirli bilinib.
Ötən il noyabr ayının 19-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin odlu silahlar Mirzə Mirzəyevin mənzilindən bir ədəd sellofan torbada aşkar edilərək götürülüb.
O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin
silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Bu il fevral ayının 19-da Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Mirzə Mirzəyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı İlqar Əsədov apelyasiya protesti verib.
Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edən prokuror Mirzə Mirzəyevin təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə hökmün dəyişdirilməsini xahiş edib.
Hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apelyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?