Axı, biz qeyd etdik ki, “Lələ-Təpə” yüksəkliyi şanlı ordumuzun və qəhrəman xalqımızın qürur duyduğu bir yüksəklikdir Təqribən 23 il bundan əvvəl Füzuli rayonu ərazisində yerləşən “Lələ-Təpə” yüksəkliyinin erməni ordusu tərəfindən işğal olunması, Horadiz şəhəri başda olmaqla digər yaşayış məntəqələrimizin də, daim işğalçı ordu bölmələri tərəfindən nəzarətdə saxlanmasına səbəb olurdu. Horadiz şəhəri 1993-cü ildə erməni ordusunun işğalı nəticəsində ələ keçirilsə də, 1994-cü ildə şanlı ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində geri qaytarılır. Bu ilin aprel ayının birinci ongünlüyündə isə, Azərbaycan milli ordusunun uğurlu döyüş əməliyyatları nəticəsində “Lələ-Təpə” yüksəkliyi də geri qaytarıldı. Bu da böyük bir ərazinin ordumuzun nəzarətinə keçməsi ilə nəticələndi ki, həmin vaxtdan da bu yüksəkliyin adı kimlərəsə bəlli deyildisə, əldə olunan uğurlu naliyyətlərdən sonra tam əksəriyyətə bəlli oldu və müasir Azərbaycan tariximizə də birdəfəlik həkk olundu. Yəni, bu gün “Lələ-Təpə”nin adı qəhrəmanlıq simvolu olaraq hallanmaqdadır. Bu yüksəkliyin adı çəkiləndə, yaxud da bu yüksəklilə bağlı hansısa müzakirələr aparıldıqda, dərhal hər kəsin nəzərində sanki bir qəhrəmanlıq obrazı formalaşır, xalqımızın tarixində misilsiz igidliklər göstərən ərənlərimizin döyüş ruhu yada salınır. Bir sözlə, bu yüksəklik milli ordumuzun döyüş ruhuna ruh verən, vətəndaşlarımızın qələbəyə olan inamını artıran bir ünvana çevrildi.
Amma, bir-iki gün bundan öncə Yasamal rayonundakı Milli Onkologiya Mərkəzinə və 2 saylı Baza Tibb Məktəbinə gedən yolun ətraf ərazisində fəaliyyət göstərən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz məcburi köçkünə məxsus kafedə, “Lələ-Təpə” yüksəkliyini özündə əks etdirən və divardan asılmış tabloda, rəssamın əl işlərini görüb bir qədər təəccübləndik. Təəccübləndik dedikdə, bəlkə də bizim yanaşmamızı kimlərsə başqa mənada da başa düşə bilər. Amma, onu vurğulamaq istəyirik ki, “Lələ-Təpə” yüksəkliyinin hər yerdə, hər zaman təbliğ olunmasının biz də tərəfdarıyıq. Çünki, həmin yüksəklik ordumuzun və xalqımızın qürur duyduğu bir yüksəklikdir, döyüş ruhumuza güc verən bir ərazidir. Yaşanan olaya fərqli yanaşmamızı onunla izah etmək istəyirik ki, “Lələ-Təpə” yüksəkliyini özündə əks etdirən tablonun asıldığı kafe də daxil olmaqla, bu gün qeyd olunan ərazidə bir neçə kafe fəaliyyət göstərir ki, həmin kafelərdə də antisanitariya baş alıb getməkdədir. Kafelərin ön hissəsində kəsilən xırdadırnaqlı və iribuynuzlu heyvanlar azyaşlı uşaqların, yaşlı nəslin nümayəndələrinin gözləri qarşısında kəsilir ki, bu da onlara olduqca psixoloji təsir göstərir. Heyvanların kəsim prosesi də, lazımi normativ tələblərə cavab vermir və kəsilmiş heyvanlar soyulduqdan sonra, açıq havada saxlanır. Bu da onların küləkili, yağmurlu havada toz-torpaqla çirklənmələrinə, günəşli havada qurumalarına və getdikcə də keyfiyyətlərini itirmələrinə və.s səbəb olur ki, hələlik kafe sahibləri bütün bunlara biganə yanaşmaqdadırlar.
Daha çox diqqəti cəlb edən hal isə, müştərilərin aldadılmaları olur. Yəni, kafe sahibləri bir-birinin bəhsinə gedərək 1kq kabab 13 manat, başqa birisi isə, 1 kq kabab 12 manat gözoxşayan elanlarını divarlardan asırlar. Elə ki, müştərilər kiloqram hesabı ilə kabab sifariş verirlər, o halda müştərilərin stollarına hər kq-m çəkidən təqribən 100-150 qram az çəkidə kabab gətirməklə, onları aldatmağı da bacarırlar. Ən əsası isə, həmin kafelərdə hər hansı kassa aparatının olmaması və müştərilərə heç bir qəbzin verilməməsidir. Belə bir halın varlığı da, kafe sahiblərinin vergidən yayınmalarına yol açan imkanlardır. Müştərilərə göstərilən xidmətin müqabilində günəmuzd işləyən işçilərin sağlamlıq durumları ilə bərabər, onların rəhbərliklə əmək müqavilələrinin olub-olmaması da, bu gün daha çox müzakirə olunan məsələlərdəndir. Yaxın və uzaq rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların mələşmə səsləri də, ərazini ara-sıra ağuşuna alan səs-küyə yeni bir “rəng verir”. Bişirilən kabablardan əlavə, istifadə olunan digər ərzaq növlərinin köhnə və keyfiyyətsiz olması, təkrar istifadəyə verilməsi, müştərilərə olduqca baha qiymətə satılması və.s kimi hallar, bu gün qeyd olunan ünvanda yaşananlardır. İndi bir anlığa olub keçənlərə diqqət yetirək. Milli Onkologiya Mərkəzinə və 2 saylı Baza Tibb Məktəbinə gedən yolun sağ-sol ətrafında fəaliyyət göstərən həmin kafelərdə bu qədər qanunsuzluq mühiti yaşanırsa, bəs aidiyyəti qurumların nəzarəti hara yönəlir? O halda sual oluna bilər ki, müştərilərin aldadıldığı, vergidən yayınma hallarının baş verdiyi və.s kimi qanunsuzluqların yaşandığı kafedə, kafe sahibi “Lələ-Təpə” yüksəkliyini rəssama çəkdirərək sahiblik etdiyi kafedən asdırmaqla, görəsən hansı niyyətini həyata keçirmək istəyir? Axı, biz yuxarıda qeyd etdik ki, “Lələ-Təpə” yüksəkliyi şanlı ordumuzun və qəhrəman xalqımızın qürur duyduğu bir yüksəklikdir. Hər birimiz bu yüksəkliyin məşhurluğu ilə, bu gün də fəxr edirik. Bu belə olduğu halda, bəs həmin yüksəkliyin təsviri asılan kafedə baş alıb gedən hoqqalarla bağlı, kimsə qürur duya bilərmi? Digər tərəfdən, kafelərin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzində bu gün çoxsaylı onkoloji xəstələr müalicə alırlar və onlara ət yeməklərini yemək, çox zaman həkim məsləhəti ilə qadagan olunur. Bu belə olduğu halda, bişirilən kabablardan çıxan iy-qoxunun həmin xəstələrə hansı formada təsir etməsini də, heç cür unutmaq olmaz. Onu da vurğulayaq ki, amerikalı mütəxəssislər Azərbaycanda xərçəng xəstəliyinin geniş yayılması ilə bağlı dəhşətə gəldiklərinin də bildirmişlər. Kafelərə bitişik 2 saylı Baza Tibb Məktəbinin də, belə bir təsirdən heç də təsirsiz ötüşmədiyini yəqin ki, hər kəs bilir. Çünki, bu günədək səhiyyəmizin inkişafında əvəzsiz xidməti olan bu kollecdə, hal-hazırda imkansız valideyinlərin də övladları təhsil alırlar. Belə olan halda, bişirilən kabalardan çıxan iy-qoxunun həmin tələbələrə də, necə təsir etdiyini bir anlığa təsəvvür edək. Çünki, elə hal ola bilər ki, həmin tələbələrdən bəzilərinin ailələri günlərlə ət yeməklərinin üzünə möhtac qalırlar. “Lələ-Təpə” yüksəkliyinin təsviri asılan kafedə və digər kafelərdə yaşanan problemləri ictimailəşdirdikcə, bəlkə kimlərsə bizi ittiham da edəcəklər. “Amma, “görünən dağa nə bələdçi” deyiblər. Çünki, biz yaşananları ictimailəşdiririk ki, aidiyyəti qurumlar qanuna müvafiq addımlarını atsınlar ki, ərazidəki çoxsaylı problemlər həllini tapa bilsin. Düzdür, əldə etdiyimiz təqribi məlumatlara görə, həmin kafe sahiblərinin tam əksəriyyəti məcburi köçkün rayonlarından olan sakinlərdirlər. Amma onu da nəzərə almaq lazımdır ki, məcburi köçkünlərin statusu ilə bağlı kifayət qədər qanunlar qəbul edilib və icraası da həyata keçirilməkdədir. P.S.Hörmətli oxucular! Toxunduğumuz belə bir problemlər olduqca aktuallıq kəsb etdiyindən, növbəti sayımızda sizləri daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yeni dizaynımız necədir?