Zərərçəkmişlə “Neftçi”nin keçmiş futbolçusunun mübahisəsinə hakim qarışdı
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahid Müşfiq Əliyev ifadə verib. Müşfiq Əliyev deyib ki, Fəqan adlı şəxsdən 1800 manat alacağı olub. Bunun qarşılığında Fəqan ona satmaq üçün yerə döşəmək üçün daş verib.
Şahid bildirib ki, həmin daşları sataraq öz pulunu da çıxarmalı idi: “Mənim “Baksol” yolunda sexim var idi. Fəqandan daşı alıb sexə gətirdim. Dedim ki, satacam, öz pulumu götürəcəm, qalanını da Fəqana qaytaracam. Bur neçə gün sonra Yusif, Maşallah və Qaçay seximə gəldilər ki, həmin daş bizimdi. Mən də Fəqana zəng elədim ki, bunlar nə deyir? Fəqan da dedi ki, yalandır. Sonra aralarında danışıq oldu. Fəqan dedi ki, onlar sənin pulunu verəcək, daşları onlara ver. Daşın bir hissəsini apardılar. Ancaq xeyli müddət keçsə də qalanını
aparmadılar. Mənim 1800 manatımı vermədilər. Sonra mən seximin yerini dəyişdim. Zəng elədim ki, gəlib mallarını aparsınlar. Ancaq gəlmədilər. Mən də yenidən daşları həmin sexə apardım. Orda 20 kvadratmetrini 40 manatdan satdım. Əldə etdiyim 2000 manatın 1800-nü özümə götürdüm. 200 manatı da Maşallaha verdim. Qalan daşlar da sexdə qaldı”.
Şahid deyib ki, Maşallah Əhmədovun birgə daş satışı həyata keçirdiyi Yusif Əzizova borcunun olmasından əvvəldən xəbəri olmayıb.
Daha sonra zərərçəkmiş Yusif Əzizov bildirib ki, istintaq zamanı Maşallah Əhmədova məxsus daşlar Mehdiabadda olan sexə gətirilib. Lakin o, həmin daşları istəmədiyini bildirib.
Maşallah Əhmədov bildirib ki, zərərçəkmiş Yusif Əzizov daşları istəmirsə, geri qaytarsın. Bu zaman tərəflər arasında mübahisə düşüb.
Yusif Əzizov bildirib ki, dəfələrlə Maşallah Əhmədova daşlarını aparmasını təklif etsə də, bununla razılaşmayıb.
Digər zərərçəkmiş Sərxan Hüseynov isə məhkəmənin uzanmasına etiraz edib. Hakim Mirzə Xankişiyev qeyd edib ki, məhkəmə araşdırması aparılır, məhkəmənin nə vaxt sona çatacağı məlum deyil.
Maşallah Əhmədov deyib ki, zərərçəkmiş Sərxan Hüseynovdan sement alıb və indi əvəzini ödəmək imkanı var: “Cənab hakim, mən deyirəm ki, gəlsin aldığım sementin əvəzinə mal verim. Ancaq razılaşmır”.
Zərərçəkmiş Maşallah Əhmədovu yalan danışmaqda ittiham edib. Maşallah Əhmədov zərərçəkmişə belə cavab verib: “Sən hara göndərəcəyimi demədin. Ona görə də göndərmədim. Ünvanı de, göndərim”.
Hakim tərəflərə bildirib ki, işə məhkəmədə ədalətli şəkildə baxılacaq: “Əgər Maşallah Əhmədovun günahı olduğu sübut edilərsə, ona cəza təyin olunacaq. Ancaq dəymiş zərərin ödənilməsi ilə bağlı aranızda razılıq əldə edə bilirsinizsə, edin. Məhkəmə qərarını elan edəndən sonra gec olacaq. Maşallah Əhmədova cəza təyin olunarsa, o dəymiş zərəri ödəməyəcək”.
Zərərçəkmiş Sərxan Hüseynov isə dəymiş zərəri yox, Maşallah Əhmədovun cəzasını almasını istədiyini söyləyib.
Proses noyabrın 10-da davam edəcək.
Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib.
Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?