Kamran Salayev: “Ödəniş etdiyin pullar heç bir halda geri qaytarılmayacaq, get nə bilirsən onu da et”
Bir neçə gün bundan əvvəl Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlunun, 2015-ci ildə “Mədinə” tibb mərkəzində üz-üzə qaldığı problemlərdən bəhs etmişdik. Yazıb bildirmişdik ki, adı çəkilən tibb mərkəzində, bu gün haqq-ədalət “qeybə çəkilib”. Çünki, 2010-cu il təvəllüdlü oğul övladı Elxan Əhmədlini “Mədinə” tibb mərkəzinə müalicəyə gətirən və ilyarımlıq müalicə xərci olaraq həmin müəssisəyə 6500$ pul ödəyən Əhmədov Üzeyir Rəhim oğlu, bizimlə söhbətində bildirdi ki, “övladım “autizm” xəstəliyindən əziyyət çəkirdi. Belə bir səbəb üzündən də, mən onu müalicə etdirmək məqsədilə “Mədinə” tibb mərkəzinə gətirdim və ilk sövdələşməm də, mərkəzin baş həkimi Kamran Salayevlə oldu. O, övladımı müayinə edərkən onda qeyd olunan xəstəliyin olduğunu bildirdi və müalicə edəcəyini də söylədi. Düzdür, ilk günlər bir ata olaraq həm onun vədinə inandım, həm də olduqca sevindim. Amma, sevincimin bəhrəsi heç də uzun çəkmədi. Çünki mən Kamran həkimin vədinə inanaraq, hər ay “Mədinə” tibb mərkəzinin büdcəsinə pul köçürdüm. Yəni, ilyarımlıq müalicə xərci olaraq, əlavə xərclərdən başqa 6500$ pul ödəsəm də, son anda müalicənin heç bir nəticəsi olmadı. O halda bilib başa düşdüm ki, aldadılmışam.
İlyarımlıq müalicənin heç bir nəticəsi olmadığından, Kamran Salayevdən ödədiyim pulların geri qaytarılmasını tələb etsəm də, bu istəyim də heç cür baş tutmadı. Yalnız baş həkimin mənə verdiyi cavab o oldu ki, “ödədiyin pullar heç vaxt geri qaytarılmayacaq, get nə bilirsən onu da et” dedi”.
Digər maraqlı olay isə, Üzeyir Əhmədovun “Mədinə” tibb mərkəzinin kassasına ödədiyi pulların müqabilində, ona verilən qəbzlərin ondan geri alınması olub. Çünki, o, bizimlə söhbətində onu da vurğuladı ki, “mən hər ay təqribən 500 dollar, bəzi aylarda daha çox, bəzi aylarda isə, bir qədər az ödənişlər edirdim. Elə ki, adı çəkilən tibb müəssisəsinin ikinci mərtəbəsinə qalxırdım, həmin vaxt nəzarətçilər verilmiş qəbzləri məndən alırdılar. Düzdür, bəzi hallar olub ki, bir neçə aylıq qəbzlər məndə qalıb və həmin qəbzlər də, vaxtilə ödənişlər etdiyimi təsdiq edir”.
Yaşanan belə bir olaylar, sözün həqiqi mənasında diqqəti cəlb edən olaylardandır. Çünki, bir halda ki, valideyn övladının müalicəsi ilə bağlı “Mədinə” tibb mərkəzinin büdcəsinə 6500$ pul ödəyibsə, deməli o, hansısa nəticəni görməlidir. Əgər ortada heç bir nəticə yoxdursa, səbəb nədir ki, Üzeyir Əhmədovun ödədiyi pullar geri qaytarılmır? Məgər alıb-atmaq zamanıdır, yoxsa mərkəzin rəhbərliyi bu cür yanaşmasını ortaya qoymaqla, özəl tibb müəssisələri haqqında müəyyən şübhələrin baş qaldırmasına yönəlik addımlarını atır?
Üzeyir Əhmədov onu da bildirir ki, “övladımın müalicəsini həm “Mədinə” tibb mərkəzinin baş həkimi Kamran Salayev, həm də tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı həyata keçirsələr də, son anda heç bir nəticə olmadı. Belə olan halda başqa bir həkimi yanına getməli olduq və həmin həkimin qısa müddət ərzində həyata keçirdiyi müalicənin isə, az-çox əhəmiyyəti oldu. Adının çəkilməsini istəməyən həmin həkimlə etdiyimiz söhbət zamanı o, vurğuladı ki, “Mədinə” tibb“ mərkəzində və digər özəl tibb müəssisələrində xəstələrin müalicəsi bilərəkdən uzadılır. Həkimlərin məqsədləri, yalnız və yalnız xəstələrin yaxınlarından daha çox pul əldə etmək olur”.
“Mədinə” tibb mərkəzində baş verən belə bir olaylardan sonra, yəqin ki, çoxsaylı oxucularımız və onların yaxınları bu ünvana ayaq basarkən olduqca diqqətli olacaqlar. Çünki, işıq üzü görən belə bir açıqlamanı oxuyub biləcəklər ki, adı çəkilən tibb müəssisəsində Bərdə rayon sakini Əhmədov Üzeyir Rəhim oğlunun başına hansı oyunlar açılıb ki, o, son anda üz-üzə qaldığı problemlərin ictimailəşməsinə qərar verib.
Bütün bunlardan əlavə, tərəfimizdən apardığımız araşdırmalar zamanı bəzi məlumatlar da əldə edə bilmişik ki, adı çəkilən səhiyyə ocağında vergidən yayınma hallarının baş verməsi də
mütəmadi təkrarlanır. İstər həkimlik fəaliyyəti, istərsə də digər vəzifə sahibi olanların rəhbərliklə əmək müqavilələri bağlamadan çalışmaları da, daxil olan məlumatlardandır. Bu istiqamətdə araşdırmalarımız davam etdiyindən, çoxsaylı oxucularımızı və aidiyyəti qurumları bu və ya digər məsələlərlə bağlı, çox yaxın vaxtlarda məlumatlandırmağa çalışacağıq. O halda hər kəs biləcək ki, “Mədinə” tibb mərkəzində müştərilərin aldadılmalarından əlavə, daha nə kimi olaylar baş verir.
P.S. Hörmətli oxucular! İnanırıq ki, əgər sizin özünüz və yaxud da yaxınlarınızdan bir kimsə “Mədinə” tibb mərkəzində oxşar olaylarla üz-üzə qamısınızsa, o halda bizim redaksiyayya müraciət edəcəksiniz. Biz də KİV haqqında qanunun tələbinə uyğun olaraq, üzərimizə düşən vəzifə borcumuzu yerinə yetirməyə çalışacağıq. Araşdırmamız davam edəcək.
Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?