Hacıqabulun Qızılburun kənd sakini Yalçın Dəmirov bildirir ki, bu il sentyabrın 20-də gecə saatlarında Nəvai-Atbulaq dəmiryol stansiyaları arasındakı çınqıl daşların oğurlandığını görüb. O, “işə qol qoyanların” sadə vətəndaş olmadığını, bu oğurluqda yerli bələdiyyənin, icra hakimiyyətinin, dəmiryol idarəsinin “baş qəhrəman” olduğunu bildirir: “Söhbət yüzlərcə maşın çınqıldan gedir” “Sentyabrın 20-də Nəvai-Ələt stansiyası arasında təmir işləri gedirdi. Çınqıl da həmin vaxt daşındı. Dedilər ki, guya bu çınqıl istifadəyə yararsız kimi silinib və yerinə təzə çınqıl gətirib tökəcəklər. Ancaq həmin çınqılın bir hissəsi elə yerli bələdiyyənin, dəmiryol idarəsinin və icra nümayəndəsinin iştirakı ilə satıldı, qalan hissəsi də bir neçə gündən sonra təzədən geri qaytarılıb təzə çınqıl adıyla istifadə olundu. İndi görün eyni çınqılı gətirib təzə çınqıl kimi əraziyə tökməklə nə qədər pul silinib. Və söhbət 2-5 maşın yox, yüzlərcə maşın çınqıldan gedir”. Yalçın Dəmirov bir maşın oğurluq çınqılın 40-50 manata satıldığını deyir: “Onlara təklif etdik ki, oğurlayırsınız, heç olmasa, oğurladığınızdan bir az da kəndə sərf eləyin, yollara, evimizin ətrafına tökün. Yağışda palçıqdan addım atmaq mümkün deyil”. “Şikayətimi geri götürməyimi tələb etdi” Yalçın Dəmirov bu barədə “DİN 102” xidmətinə məlumat verib. Hətta Ələt polisindən yaşadığı ünvana gələrək ondan gördükləri barədə izahat alıblar. Ancaq oğurluq faktının araşdırılmasına başlanınca, özü təzyiqlərə məruz qalıb: “Çınqıl oğurluğunda iştirak edənlərdən birinin ailə üzvü noyabrın 15-də evimə gələrək məni və ailə üzvlərimi döydü. Şikayətimi geri götürməyimi tələb etdi. Mən bu barədə “DİN 102” xidmətinə məlumat vermişəm. Ancaq heç bir tədbir görülməyib". “Hələ araşdırılır” Ələt dəmiryol polisindən “Qaynar xətt”ə bildirilib ki, Qızılburun sakini Yalçın Dəmirovun çınqılların oğurlanaraq satılması barədə ərizəsi araşdırılır və bu səbəbdən əlavə məlumat verilmir. Hacıqabul rayon İcra Hakimiyyətindən bildirilib ki, bu ilin martında həmin işləri 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirib: “Ancaq çınqıl oğurluğu barədə məlumatlar həqiqətəuyğun deyil. Yalçın Dəmirov ev istəyir, biz də ona ev verə bilmirik, o da bizə qarşı qərəzlidir. Haraya gəldi və nə gəldi, yazır”. Telefonunu kəsiblər İndi Yalçın Dəmirovun mənzilinə gələn telefon xətti də səbəbsiz kəsilib. Onun özü bunun səbəbini çınqılla bağlı olub-bitəni aidiyyəti qurumlara zəng vurub məlumat verməyində görür. (AzadlıqRadiosu)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?