Polisin xidməti avtomobillərinin şüşələri sındırılıb Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin “Avtozavod” qəsəbəsi adlanan ərazisində, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq, həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. “Gündəm Xəbər”in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cəhdin qarşısı alınarkən Gəncə şəhər Baş Polis İdarəsinin 5 nəfər əməkdaşı ilə bərabər, orada olan rayon icra hakimiyyəti başçısının müavini də xəsarət alır. Habelə, Gəncə şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri də sındırılır. Xəsarət alanlardan 2 nəfəri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirililmiş və onların vəziyyətlərinin qənaətbəxş olduğu da bildirilir. Digərlərinə isə, ilkin tibbi yardım göstərildikdən sonra sərbəst buraxılırlar.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
Bu haqda “Gündəm Xəbər”in əldə etdiyi başqa bir məlumatda isə bildirilir ki, hadisədən bir gün əvvəl Gəncənin icra başçısı Elmar Vəliyevin iştirakı ilə, həmin qəsəbədə Kəlbəcər sakinləri ilə görüş keçirilir. Sakinlər görüşdən və həmin qəsəbədə infrastruktur layihələrinin həyata keçiriləcəyindən razı olduqlarını bildirirlər. Keçirilən görüşdə qəsəbədə xüsusi küçələrin müəyyənləşdirilməsi, bir müddət bundan əvvəl orada bir qrup dəllal tərəfindən qanunsuz torpaqların satılması da müzakirə olunur. Görüş zamanı qarşı tərəf sakinlərə bildirir ki, “kim uzun müddət burada yaşayıbsa, biz onların evlərini sənədlə təmin edəcəyik. Kim yaşamayıbsa, torpaqları öz hesablarına özəlləşdiriblərsə, həmin insanlara da şərait yaradacağıq ki, problemləri həll olunsun” deyə razılığa gəlinib. Amma gecə ikən bir qrup dəllal planlaşdıraraq, bir neçə nəfər sakinə bilərəkdən xəsarət yetirirlər. Məqsədləri o olub ki, guya həmin sakinlər icra hakimiyyəti və polis tərəfindən döyülüblər. Hələ bu azmış kmi onlar Nizami rayonunun icra başçısına və polis əməkdaşlarına, bir neçə iş adamına da xəsarət yetirirlər. İcra başçısı Nizami Hacıyev, Elmar Vəliyevin “sağ əli” hesab olunan Məharət Mustafayevin güdazına gedir.
“Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, torpaq sahələri Kəlbəcər köçkünlərinə Nizami rayonunun sabiq icra başçısı Məharət Mustafayevin “xeyir-dua”sı ilə verilib. Bu şəxsi Prezident sentyabr ayında daşıdığı vəzifəsindən qovub. O, torpaqları necə istəyirdi elə də satırdı. Bu şəxs, həm də Elmar Vəliyevin kadrı olub və o, onu Yevlaxdan gətirib. Əgər torpaqlar qanunsuz verilibsə, o halda Elmar Vəliyevin bundan xəbər tutmaması qeyri mümkün haldır. Çünki, Məharət Mustafayev onun razılığı olmadan, hətta çörək belə yeməyən vəzifə sahibi olub. Əldə etdiyimiz digər məlumatlara görə, köçkünlər həmin sahələrdə özlərinə ev tikiblər və uzun illər ərzində də, əkin-biçinlə məşğul olublar. Elmar Vəliyev köçkünlərə 10-dan çox çoxmərtəbəli bina tikdirib və onları həmin evlərə köçürtməklə, ərazidəki torpaqları öz hesabına keçirmək istəyir. Kəlbəcərlilər isə, həmin binalara köçmək istəmirlər. Çünki, binalar Gəncə Alüminium Zavodunun olduqca yaxınlığında tikilib və istehsal zamanı əmələ gələn zəhərli toz-duman, birbaşa binaların üstünə gedir. Dağlıq zonada, təmiz havada yaşamağa adət edən sakinlər, hal-hazırda yaşadıqları yerlərdə əkin-biçinlə məşğul olurlar və mal-qara da saxlayırlar. Çoxmərtəbəli binalarda belə bir şərait yoxdur. Yəni, məcburi köçkün olaraq onlar məskunlaşdıqları dövlət müəssisələrinin uçuq-sökük yataqxanalarından çıxıblar və vəzifə sahiblərinə pul verməklə, həmin torpaqlarda özlərinə ev tikiblər. Elmar Vəliyev bir gün əvvəldən ora gəlir və əraziyə baxdıqdan sonra köçkünlərə deyir ki, “sabahdan yeni binalara köçəcəksiniz, köçməyənlərin evləri başına uçurulacaq”. Məlumatlı mənbə “Gündəm Xəbər”ə bildirir ki, dekabrın 10-da səhər tezdən əraziyə ağır texnika, polis qüvvələri və icra hakimiyyətinin nümayəndələri gəlirlər. Çox keçmir ki, köçkünlərdən 1-2-nin evinin söküntüsü, əməlli-başlıca qarşıdurmalara yol açır. Gülüstan qəsəbəsində məskunlaşan 300-dən çox sakin etiraz əlaməti olaraq əraziyə toplaşarkən, ora əlavə 200-ə qədər polis əməkdaşı cəlb olunur. Polislər sakinləri ərazidən uzaqlaşdırmaq istədikdə isə, tərəflər arasında qarşıdurma yaranır. Qarşıdurma nəticəsində 22 yaşlı Hacıyev Ceyhun Arif oğlu ağır xəsarətlər alır və o, 3 saylı xəstəxanaya da yerləşdirilir. Qarşıdurma zamanı döyülən Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, onun müavini və xəsarət alan polis əməkdaşları Gəncə Mərkəzi Xəstəxanasına aparılırlar. Verilən məlumatlara görə, icra başçısının başına tikiş də qoyulur. Hətta, onun Bakıdakı xəstəxanalardan birinə gətirilməsi haqda da, müəyyən çevrədə məlumatlar dolaşmaqdadır. “Gündəm Xəbər”in əldə etdiyi bəzi məlumatlara görə isə, qarşıdurma zamanı xəsarət alan Nizami Hacıyev klinikalardan birinə yerləşdirilib. Mövzu diqqətimizdədir.
Sorğu
Yeni dizaynımız necədir?