Çingiz Baxışəliyev də, onun qızları da açıq məhkəmə iclasında ifadə verəcəklər
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən prosesdə Rövşən Əhmədovun vəkili Adəm Məmmədovun məhkəməyə gəlmədiyi məlum olub. Bildirilib ki, Adəm Məmmədov işi ilə bağlı Moskva şəhərinə gedib. Vəkil bununla bağlı məhkəməyə məktub göndərib.
Hakim vəkilin iştirakı olmadan prosesin keçirilməsinin mümkünsüzlüyünü bildirib. Qeyd edib ki, uzun müddət vəkil prosesdə iştirak etmədiyi halda, o işdən kənarlaşdırlmasına, təqsirləndirilən şəxsin dövlət hesabına vəkillə təmin olunmasına qanunvericilik yol verir.
Rövşən Əhmədov hakimdən vaxt istəyib. O bildirib ki, vəkili ilə bağlı danışıqlar aparmalıdır: “Mən öz vəkilimin müdafiəsini istəyirəm. Onun Azərbaycanda olmadığını bu gün eşitmişəm. Vəkilimin gəlməsini gözləməyinizi xahiş edirəm”.
Hakim vəkilin Azərbaycanda olmadığını nəzərə alaraq prosesi başqa vaxta keçirib. Bu zaman zərərçəkmiş Çingiz Baxışəliyevin vəkili yeni hakim tərkibində məhkəmə istintaqının hansı qaydada aparılması ilə maraqlanıb.
Hakim bildirib ki, bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclasına əvvəlki hakim tərkibində baxılıb və həmin iclasının qanuni qüvvəsində olan qərarı var: “Həmin qərar ləğv edilməyib. Bu səbəbdən yeni tərkibdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsinə ehtiyac yoxdur.
Amma məhkəmə istintaqı yenidən başlanacaq, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlər dinidiriləcək, məhkəmə yenidən sübutlar toplayacaq”.
Çingiz Baxışəliyevin vəkili deyib ki, bundan əvvəlki proseslərdə zərərçəkmiş şəxs və onun qızları ifadə verib. Vəkil onların təkrar dindirilməsinə ehtiyac olmadığını bildirib.
Hakim isə deyib ki, tərkibdə olan hakimlərdən biri dəyişdirilib: “Qanunvericlikdə də var ki, tərkibdə dəyişiklik olduğu halda dindirilmələr yenidən başlayacaq. Buna görə də zərərçəkmiş şəxs də, onun qızları da yenidən ifadə verəcəklər”.
Qısa müzakirələrdən sonra proses yanvarın 31-dək təxirə salınıb.
Qeyd edək ki, bu cinayət işi hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə araşdırılıb. Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov hakimə etiraz edib. Bildirib ki, hakim cinayət işini heç bir səbəb olmadan qapalı keçirib, işə obyektiv baxmayıb. Vəkilin hakimə etirazı təmin edilib və iş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.
Onu da əlavə edək ki, bundan əvvəl işə baxan hakim Rasim Sadıqov prosesi qərəzli olaraq qapalı keçirib. Buna səbəb qapalı iclasda Çingiz Baxışəliyev və onun qızlarını dindirmək olub. Hakim dəyişdiriləndən sonra Çingiz Baxışəliyev və onun qızları yenidən, açıq məhkəmə iclasında dindiriləcəklər.
Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Çingiz Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?