Elçin Çıraqov: “Akif Çovdarov və Səlim Məmmədovun qanunsuz göstərişlərini yerinə yetirməmişəm”
“Akif Çovdarova haram yeməycəyimi bildirdim”
Vüqar Muxtarov: “Rəhbərlik tərəfindən əməliyyat işlərinə cəlb edilmişəm”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Proses Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir. Təhlükəsizlik tədbirləri ilə bağlı cinayət işinə hərbi məhkəmənin binasında yox, Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Cinayət işi üzrə şahid qismində ifadə verənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da var. Onlar Akif Çovdarov və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı şahid qismində dindiriliblər. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Elçin Çıraqov və Vüqar Muxtarov Nərimanov rayon Polis Idarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində çalışmış, zərərçəkmiş Neman Kərimovun epozodu üzrə ifadə veriblər.
Əvvəlcə xatırladaq ki, Neman Kərimov 2009-cu ildə dayısı oğlu Elvin Mövsümov və 2 qız tanışı ilə birlikdə “Elit” otelinə istirahət edərkən MTN maskalıları tərəfindən saxlanıldıqlarını və nazirliyə gətirildiklərini deyib. O, MTN-də polkovnik Səlim Məmmədov və Elçin Çıraqovun ondan 250 min tələb etdiklərini, sonda isə 80 minə razılaşdıqlarını söyləyib. MTN-ə gətirilmə səbəbi kimi isə 30 min borclu olduğu Sevinc Məmmədovanın ondan şikayət etməsini göstərib. Ancaq məhkəmədə bu epizodla bağlı yeni detallar üzə çıxıb.
İş üzrə şahid qismində dindirilən Elçin Çıraqov bildirib ki, ki, MTN-in VI Baş idarəsinin rəisi, general-mayor Akif Çovdarov və həmin baş idarənin 1-ci idarəsinin rəisi, polkovnik Səlim Məmmədovla münasibətləri həmişə pis olub: “Akif Çovdarov və Səlim Məmmədovun qanunsuz göstərişlərini yerinə yetirməmişəm. Bunun üçün onlar mənimlə qərəzli mövqe saxlayıblar”.
Elçin Çıraqovun sözlərinə görə, MTN-in VI Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin birində Səlim Məmmədov və Vüqar Muxtarovun qanunsuz əməllərini görüb və onlara öz iradını bildirib: “Səlim Məmmədov və Vüqar Muxtarov isə həmin tədbirdən dərhal sonra mənim barəmdə VI Baş idarənin rəisi Akif Çovdarova məruzə ediblər. Bununla əlaqədar Akif Çovdarov məni öz iş otağına çağıraraq, “sən nə səbəbə narazılıq edirsən, səni burdan iti qovan kimi qovaram, gedirsən otağına mənim icazəm olmadan heç yerə çıxmırsan, bu otaqdan çıxdıqdan sonra isə heç kimlə razborka aparmırsan”, -deyə bildirdi”.
“Eldar Mahmudovun köməkçisinə müraciət etmişəm”
Şahid qeyd edib ki, bundan sonra o, 3 il ərzində ancaq iş otağında olub, icraatına heç bir sənəd verilməyib, yalnız işə davamiyyəti Səlim Məmmədov tərəfindən nəzarətdə saxlanılıb: “Bütün bunlardan bezdiyim üçün raport yazaraq ehtiyata buraxılmağımı xahiş etdim. Raportla əlaqədar Akif Çovdarov məni qəbul edərək bildirdi ki, bilirəm, atan xəstədir, işlə pul qazan, get atanı müalicə etdir. Mən isə cavabımda ömrü boyu haram yemədiyimi, indidən belə də haram yeməycəyimi Akif Çovdarova bildirdim. Akif Çovdarov raportumu özündə təxminən 4 ay müddətində saxlayıb, belə olduqda nazir Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudova müraciət etmişəm. Yalnız bundan sonra MTN orqanlarından xəstəliyiləm əlaqədar təqaüdə çıxmışam”.
“Dedi ki yüngül həyat tərzi keçirir”
Elçin Çıraqov bildirib ki, Neman Kərimovu təxminən 2007-2008-ci ildən etibarən tanıyır: “Nemanı mənimlə İslam və Vahid Məmmədovlar tanış ediblər. Neman Nərimanov rayon Polis Idarəsinin cinayət axtarış bölməsində kiçik inspektor vəzifəsində işləyib. MTN-in Nərimanov rayon şöbəsinin inzibati binası həmin rayon Polis Idarəsinin inzibati binası ilə eyni binada yerləşdiyi üçün Nemanla iş vaxtı və ya iş vaxtından sonra rastlaşmlışıq. Onunla görüşüb, hal-əhval tutmuşuq. Nemanla dostluq münasibətimdə olmamışam. Heç vaxt aramızda düşmənçilik və ya ədavət olmayıb. Sevinc Rüstəmovanı mənimlə Neman Kərimov tanış edib. Bir gün Neman mənə dedi ki, Sevinc adlı tanış bir xanım var, o yüngül həyat tərzi keçirir, onda Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyə Respublikasına gedən yüngül həyat tərzi keçirən
qadınlarla bağlı yaxşı məlumatlar olur, əgər istəyirsənsə onu səninlə tanış edim. Əməliyyat müvəkkili olduğum və bu sahədə xidmət göstərdiyim üçün Sevinc adlı qadınla tanış olmaq istədyimi Nemana bildirdim”.
“Sevinci göndər mənim yanıma”
Elçin Çıraqov qeyd edib ki, Neman ona Sevincin yaşadığı evdə iflic vəziyyətdə qardaşının olduğunu da deyib: “Sevinci yaxından tanımaq, onun yaşayış şəraitini öyrənmək üçün “türkə çarə” üsulu ilə məşğul olan bir insanı onun qardaşına baxması üçün evinə apardım. Apardığım şəxs Sevincin qardaşına baxıb, lakin ona “türkə çarə” üsulu ilə köməklik göstərilməsinin mümkün olmadığını bildirib. Bir müddət sonra Sevinc mənə zəng etdi və bildirdi ki, Nemanın ona 10.000 manat pul attıdığını, onun barəsində MTN-nə ərizə vermək istəyir. Bu barədə idarə rəisinə məruzə edəcəyimi Sevincə bildirdim. Bundan sonra şifahi formada Səlim Məmmədova bu barədə məlumat verdim, sonuncu isə mənə “sən Sevinci göndər mənim yanıma, onunla özüm danışıb, ərizəsini alaram”, deyə bildirdi”.
“Adımın hallandırılmamasını xahiş etdim”
Şahid bildirib ki, bundan sonra Sevinci MTN-in Komendaturasının qarşısında Səlim Məmmədovla tanış edib: “Səlim Məmmədovla Sevincin həmin vaxta qədər tanışlıqları olmayıb. Bundan sonra bir neçə dəfə MTN-in Komendaturasının yaxınlığında Nemanın dayısı Zakir Mövsümovla Səlim Məmmədovun söhbət etmələrinin şahidi olmuşam. Lakin onların nə barədə söhbət etdiklərini
bilməmişəm. Dəqiq tarixi, ayı və ili xatırlamıram. Bir gün işdə olarkən, saat təxminən 12-13 radələrində işçilərdən kimsə mənə dedi ki, komendaturaya adam gətiriblər, sənin adını çəkir, deyir qohumusan onun. Həmin şəxsin kim olması mənə maraqlı gəldiyi üçün MTN-in komendaturasının 2-ci mərtəbəsinə qalxdım və bu zaman Nemanı orada gördüm və nə baş verdiyini soruşdum. Neman borcu olduğu üçün Sevincin məndən şikayət etdiyini bildirdi. Neman məni özünün qohumu kimi təqdim etdiyi üçün ondan adımın hallandırmamasını xahiş etdim”.
“Nemanı ötelldə tutaraq MTN-ə gətiriblər”
Elçin Çıraqovun sözlərinə görə, həmin vaxt komendaturanın dəhlizində VI Baş idarənin əməkdaşları İbrahim, Vüqar Muxtarov və eləcə də həmin idarənin adlarını hazırda xatırlamadığı başqa əməkdaşları da olub: “Səlim Məmmədovu həmin vaxt orada görməmişəm. Təxminən 5-10 dəqiqə Nemanla söhbət edərək getdim. Neman Kərimovun barəsində MTN-nə ərizə daxil olub-olmaması barədə məlumatım yoxdur. Həmin vaxt Sevinc Rüstəmovanı MTN-in komendantlığında görməmişəm. Sonradan öyrəndim ki, MTN-in VI Baş idarəsinin narkotiklərlə mübarizə şöbəsinin rəisi Vüqar Muxtarov öz işçiləri ilə birlikdə Neman Kərimovu otellərdən birindən dayısı Zakirin oğlu ilə birlikdə tutub və MTN-nə gətirib. Neman Kərimovun barəsində MTN-in VI baş idarəsinə hər hansı bir ərizənin daxil olub-olmamasından məlumatım yoxdur. Bildiyimə görə Neman Kərimov Sevinc Rüstəmovanın ərizəsi əsasında MTN-in komendantlığına
gətirilib. Lakin həmin ərizənin qeydiyyata alınıb-alınmaması barədə heç bir məlumatım yoxdur”.
“Neman şər ataraq dostumun qızını boşayıb”
Elçin Çıraqov ifadəsində daha sonra göstərib ki, Səlim Məmmədovla birlikdə MTN-in komendantlığının inzibati binasında Neman Kərimovu qəbul etməyib, ondan hər hansı bir məbləğdə pul istəməyib: “Neman Kərimov dostum Vahid Məmmədovun qızının əri olub. Sonradan Neman Kərimov həmin qıza şər ataraq onu boşayıb. Vahid Məmmədovla yaxın dostluq münasibətində olduğuma görə düşünür ki, Neman Kərimov MTN ətrafında gedən proseslərdən istifadə edərək, ona şər atıb, tutdurmaq istəyirəm. Heç vaxt Sevinc Rüstəmovadan hər hansı bir ərizə almamışam, Sevinci Neman Kərimov MTN-in komendantlığının inzibati binasına gətirilməmişdən əvvəl Səlim Məmmədovla tanış etmişəm. Sevinc Rüstəmova ilə hər hansı bir restoranda görüşməmişəm və ona hər hansı bir məbləğdə pul verməmişəm. Neman Kərimovun qayınatasının telefon nömrəsini Sevinc Rüstəmovaya heç vaxt verməmişəm. Neman Kərimovun Sevinc Rüstəmovaya hər hansı bir məbləğdə pul qaytarıb-qaytarmamasından məlumatım yoxdur. Sevinc Rüstəmovanın ərizəsi ilə Səlim Məmmədov şəxsən özü məşğul olub”.
“Neman Kərimovu xatırlamıram”
Digər şahid Vüqar Muxtarov ifadəsində göstərib ki, 2000-ci ilin yanvar ayından etibarən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə xidmət edib: “2009-cu ilə qədər ləğv edilmiş MTN-nin IV Baş İdarəsinin I idarəsinin I
şöbəsinin tərkibində olan “Narkotiklərlə Mübarizə bölməsinin rəisi vəzifəsində, 2009-cu ilin mart ayında struktur dəyişikliyindən sonra yeni yaradılmış VI Baş İdarənin tərkibində olan “Narkotiklərlə Mübarizə” şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişəm. 2009-cu ilin noyabr ayından etibarən həmin şöbənin rəisi vəzifəsində işləmişəm. Hal-hazırda isə Dövlət Təhlükəsizlik Xidmətinin həmin şöbəsinin rəisi vəzifəsində xidmət edirəm. Neman Kərimov adlı şəxsi xatırlamıram”.
Vüqar Muxtarov qeyd edib ki, 2009-cu ildən indiyə qədər uzun müddət keçdiyindən, habelə bir çox əməliyyat-axtarış tədbirlərində iştirak etdiyindən Neman Kərimovun “Elit” otelində tutulub ləğv olunmuş MTN-ə gətirilməsini xatırlamır: “Rəhbərlik tərəfindən əməliyyat işlərinə cəlb edilmişəm və bunu inkar etmirəm. Lakin MTN-nin inzibati binasına gətirilən şəxsin avtomaşınını idarə etməyi isə həqiqətə uyğun deyil, bu məsələ qətiyyən yalan bir söhbətdir. Neman Kərimovun və Elvin Mövsümovun MTN-nin inzibati binasına gətirildikdən sonra Səlim Məmmədov və Elçin Çıraqovun onlara hədə-qorxu gələrək 250.000 manat tələb edib və 80.000 manat pul almasından məlumatım yoxdur”.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri,
istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?