Ucar sakini prezidentə, nazirə və baş prokurora müraciət etdi
Redaksiyamıza Ucar rayonundan şikayət məktubu daxil olub. Rayonun Qazyan kənd sakini Məlikov Səfa Sabir oğlu bildirir ki, Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı onun qardaşı - 1971-ci il tarixdə anadan olmuş Məlikov Aydın Sabir oğlunun ölümünə baiskar olublar: “Ancaq bu günə qədər cinayət faktını araşdıran yoxdur. Belə ki, qardaşım Aydın Məlikov Səudiyyə Ərəbistanda müqavilə əsasında gəmidə işləyirdi. Müqavilənin vaxtı bitdiyi üçün 3-4 gün olardı ki, evə gəlmişdi. 6 fevral 2017-ci il tarixdə həyətdə çoxdan saxladığı “Qazel” markalı avtomobilini təmir etdirmək məqsədi ilə ustaya göstərmək üçün Ucar rayonunun mərkəzinə getdi. Rayonun Oğuz küçəsi ərazisində Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı qardaşıma yaxınlaşıb ondan fərqlənmə nişanını tələb ediblər. Qardaşım onlara bildirib ki, mən yük daşımaqla məşğul olmuram, özüm də Azərbaycana 3 gündür ki, gəlmişəm. Onlar Aydınla yersiz mübahisə etməyə başlayıb, üstünə hücum edib, bərk əsəbləşdiriblər. Oradaca qardaşımın huşu gedib. Nəqliyyat Departamentinin əməkdaşları huşsuz vəziyyətdə yerə yıxılan qardaşımın cibini axtarmağa başlayıblar. Yaxınlıqda olan insanların müdaxiləsindən qorxuya düşən həmin azğınlaşmışlar oradan qaçıb uzaqlaşıblar”.
Şikayətçi yazır ki, Ucar Rayon Xəstəxanasına çatdırılan qardaşının beyninə qan sızması aşkarlanib: “Ona görə də onu təcili yardım maşını ilə Bakı şəhərinə xəstəxanaya gətirdik. Burada iki gün qalsaq da, həkimlərin səyi nəticə vermədi, qardaşım dünyasını dəyişdi. Həkimlər bildirdilər ki, qardaşınız bərk əsəbləşdiyi, stress keçirdiyi üçün insult keçirib. Biz bu barədə 102 xidmətinə zəng edib məlumat versəkdə, qardaşım Aydının ölümünə bais olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə heç bir tədbir görülməyib. Onların ikisinin adlarını öyrənmişik - Rəşad Şəfiyev və Anar. Bu azğınlaşmış 6 nəfər şəxsin həyatına son qoyduqları qardaşımın iki övladı yetim qaldı.Onlar qanun qarşısında cavab verməli və barələrində cinayət işi başlanılıb həbs edilməlidirlər. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova və Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm qardaşım Məlikov Aydın Sabir oğlunun ölümünə səbəkar olmuş Nəqliyyat Departamentinin 6 nəfər əməkdaşı barədə ciddi tədbirlər görəsiniz”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?