Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında uzun müzakirələrdən sonra konsensus alınmadığından Azərbaycanla bağlı müzakirələr martın 9-da davam etdiriləcək. Bu barədə toplantıda iştirak edən Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, martın 8-də beynəlxalq Idarə Heyəti Tacikistan, Solomon Adaları və Qırğızıstanın fəaliyyətinı dayandırmaqla bağlı qərar qəbul edib.
Q.İbadoğlunun fikrincə, Azərbaycandakı durumun müzakirəsi toplantının ən mürəkkəb müzakirəsi olacaq. “Çünki bu məsələdə ölkələr və şirkətlərin maraqları müxtəlifdir. İdarə Heyəti üzvlərinə təqdim olunmuş son hesabatda göstərilir ki, hazırda MSŞT 51 ölkədə tətbuq olunur. Bu təşəbbüsün tətbiqində ən böyük çətinliklər Azərbaycan, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Indonesiya, Myanma, Solomon Adaları, Tanzaniya, Tacikistan, Timor-Lest və Yəməndə müşahidə olunur”, - qeyd edib. Xatırladaq ki, Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasına 150-dən çox QHT daxildir. Bu QHT-lər arasında da fikir ayrılığı var. Bir qrup QHT ölkənin Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüsün islahedici planını yerinə yetirdiyi, digər qrup QHT isə tam yerinə yetirmədiyi ilə bağlı bəyanatla çıxış edib. Azərbaycan 2015-ci il aprelin 15-də Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüsündə tamhüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub. Ötən ilin sonlarında təşkilat rəhbərlərinin Bakıya səfəri zamanı bildirilib ki, QHT-lərin problemlərinin həllinə başlanılıb. QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılıb, üzv təşkilatların bank hesablarından həbslər götürülüb və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bununla yanaşı koalisiyaya daxil olan QHT-lərin bir qismi hesab edir ki, atılan addımlar davamlı və sistemli olmadığına görə vətəndaş cəmiyyətinin problemləri tam həllini tapmayıb. Bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə tətbiq olunan qadağalar hələ də qüvvədədir. Koalisiyanın bir neçə üzvü həbsdədir. QHT-lərin fəaliyyətini tənzimləyən qanun və normativ sənədlərdə son illər ərzində edilən məhdudlaşdırıcı xarakterli əlavə və dəyişikliklərdən sonra hüquqi mühit daha da pisləşib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?