İran qadınlarını Suriya qadınlarına necə qibtə elətdirdilər?
"The Guardian" yazır ki, İran parlamentinin qadın millət vəkilləri futbol üzrə Dünya Çempionatının seçmə oyunları çərçivəsində Tehranda keçirilən İran-Suriya matçına qadın azarkeşlərin buraxılmamasını kəskin tənqid ediblər. Məqalədə deyilir ki, ötən çərşənbə axşamı keçirilən bu oyuna biletlərin hər iki cinsin nümayəndələrinə satılacağı əvvəlcədən elan edilsə də, sonradan qadınlara bilet satılması qadağan edilib və əvvəlki icazəsinin texniki səhv ucbatından verildiyi bildirilib. Beləliklə, Tehranın nəhəng Azadi stadionuna gedən bir qrup qadını oradan geri qaytarıblar. Onlar etiraz mitinqi keçirmək istəyəndə isə həbs olunacaqları ilə hədələniblər. Maraqlıdır ki, suriyalı azarkeş qadınlar stadiona buraxılıb və oyuna tamaşa ediblər. Bu da qeyd olunur ki, suriyalı qadınlardan bəziləri hətta başlarını örtməmişdilər. Bu hadisə İranın bəzi qəzetlərinin başlıqlarına çıxıb. Bahar qəzetinin baş məqaləsi "İran paradoksu" adlanırdı. Bu məqalədə deyilirdi ki, "ev sahibləri çöldə qaldıqları halda, qonaqları stadiona buraxıblar". Qəzet həmçinin öz komandalarını alqışlayan başı açıq suriyalı qadınlarla, stadionun çölündə etiraz edən iranlı qadınların fotolarını yanaşı çap edib. "The Guardian" yazır ki, İran qadınlarının futbol matçlarına baxmasına yalnız qadın futbolu zamanı icazə verilir. Məqalədə deyilir ki, İranda qadınların futbol matçlarına buraxılmaması yenilik deyil, lakin qəzetlərin bunu baş mövzu etməsi ilk dəfədir yer alır. Bu arada İran parlamentinin qadın millət vəkilləri cinsi diskriminasiyanın aradan qaldırılmasına çağırıblar. Onlardan biri - Fatimə Hüseyni deyib ki, bu hadisə ilə əlaqədar ölkənin idman nazirini sorğu-sual üçün parlamentə dəvət edəcək. O özünün Twitter hesabından nazirə belə bir sual verib: "Bu ayrı-seçkiliyə son qoymaq üçün nə isə edəcəksinizmi?" İsfahandan olan islahatpərəst millət vəkili Nahid Tacəddin isə Twitterdə yazıb ki, bu hadisənin ən rüsvayçı tərəfi cinsi diskriminasiyaya, milli diskriminasiyanın da əlavə edilməsidir. İsfahan Texnologiya Universitetinin 24 yaşlı tələbəsi Fərnaz deyib ki, o, bu matça baxmaq üçün avtobusla 7 saatlıq yol gəlib. O deyib ki, ötən apreldə kişi paltarı geyinərək Azadi stadionunda sevimli komandası Persepolis klubunun oynadığı matça tamaşa edə bilmişdi. O "The Guardian" qəzetinə deyib ki, "evdə boş-boşuna oturmaqdansa, ən azı etiraz aksiyası keçirmək istəyib". Tələbə qız bildirib ki, stadionun adı Azadi, yəni Azadlıqdır və qadınlar da məhz bunu istəyirlər. Əvvəllər öz mübarizəsinə görə həbsxanaya salınmış tanınmış qadın haqları kampaniyaçısı Şiva Nəzər-Əhəri deyib ki, stadionun bayırında 20-dək qadın etiraz aksiyası keçirib. Onun özü də bu matça baxmaq üçün hərəsi 5 dollardan iki bilet almışdı. "Biz ümid edirdik ki, bizi də içəri buraxacaqlar. İki saat idi ki, növbədə dayanmışdıq. Əvvəl dedilər ki, bizi işəri buraxmağa çalışacaqlar. Elə bu vaxt suriyalı qadınlar rahatca stadiona daxil olurdular. Bizə isə icazə vermədilər. Bu çox böyük pərtlik idi. Mən az qalırdım ki, ağlayım" - deyib Şiva. Çərşənbə axşamı keçirilən matç 2-2 hesabı ilə heç-heçə başa çatıb və bu, suriyalıların gələn il Rusiyada keçiriləcək Dünya Çempionatına yetişmək ümidini "diri saxlayıb". İran bu qrupdan finala çıxışını artıq təmin edib. Tehran Bəşər əl-Əsəd rejiminin müttəfiqidir. Sosial media istifadəçilərindən biri zarafatla yazıb: "Yəqin ki, İnqilab Keşikçiləri hansı komandaya azarkeşlik etmək seçimində çətinlik çəkiblər…"
ABŞ Konqresi Rusiya ilə bağlı Facebook-u da dindirib
"The Telegraph" yazır ki, Rusiyada mənzillənmiş məxfi qrup ABŞ seçkilərini təsirləndirmək üçün Facebook-da 100 min dollarlıq reklam alıb. Facebook rəsmiləri bildiriblər ki, bəzi hallarda bu reklamlarda namizədlər Donald Trump və ya Hillary Clinton-un adları çəkilirdi. Amma əksər reklamlarda mühacirət, irq, homoseksualların haqları və şəxsi silah kimi Amerika ictimaiyyəti üçün həssas mövzulara toxunulur və cəmiyyət arasında ixtilaf toxumu səpilirdi. Məqalədə deyilir ki, bu əməliyyat 2 il davam edib və seçki kampaniyasının həlledici məqamlarında azı 3000 fərdi reklamdan istifadə olunub. Facebook şirkəti bildirib ki, bu məsələdə Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran Konqres komitələri ilə əməkdaşlıq edir. Bu da qeyd olunur ki, Facebook-dan alınmış reklamlar 470 saxta hesabla əlaqəli idi və indi bu hesablar bağlanıb. Facebook sosial mediasının təhlükəsizlik komandasının başçısı Alex Stamos bildirib ki, böyük bir ehtimalla Rusiyadan idarə olunan bu saxta hesablar bir-biri ilə bağlı olub. Reklamların təxminən dörddə biri Amerikanın konkret coğrafiyalarını hədəfləyirdi. Bu hesablardan bir çoxu 2015-ci ildə prayemeri kampaniyaları keçiriləndən fəaliyyətdə idi. Cənab Stamos deyib ki, Facebook bundan başqa "yenə də Rusiyada mənzillənən gizli qrup" tərəfindən 2200 reklamın 50 min dollara alındığını üzə çıxarıb. Bu da qeyd olunur ki, bu pullar namizədlərin rəqəmsal reklamlarına xərclənən məbləğlərlə müqayisədə çox kiçik olub. Xanım Clinton-un belə reklamlara 55, Trump-ın isə 90 milyon dollar xərclədiyinə inanılır. Facebook Konqresdə ABŞ seçkilərinə təsir edilməsi üçün ondan istifadə olunub-olunmadığı barədə suallara cavab verməli olub. Sosial şəbəkə bu faktları "saxta xəbərlərin" yayılması mexanizmini araşdırarkən üzə çıxardığını bildirib. Stamos deyib ki, Konqresdə onlara verilən sualların əksəriyyəti Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi barədə idi. "Suallardan biri də bu idi ki, Rusiyanın cəhdləri ilə Facebook-dan alınmış reklamlar arasında nə kimi əlaqə olub. Bu çox ciddi iddialardır və biz də buna görə platformamızda gedən fəaliyyətləri araşdırıb baş verənləri anlamağa çalışdıq" - deyib Stamos. O bidlrib ki, Facebook "dezinformasiya və saxta xəbərlərin" axınını daim azaltmağa çalışır. Kimisə həyatınızdan necə "delete" etməli? "The Independent" qəzetində Olivia Petter yazır ki, məşhur Oscar Wilde demişkən "ürək sındırılmaq üçün yaranıb". İndi sınan ürəyin bitişməsinin dəqiq vaxtını deyən alimlər də var. The Journal of Positive Psychology (Pozitiv psixologiya) məcmuəsində dərc edilmiş bir elmi məqalədə sındırılmış ürəyin 11 həftəyə sağalmağa başladığı iddia edilir. Bəs əgər sevdiyiniz adamdan ayrılmışsınızsa, sizi atıb getmişlərsə, qəlb qırıqlığını necə sağaltmaq olar? Olivia Petter bunun bir neçə yollarından bəhs edir.
Kövrəlin
Bəli, Justin Timberlake-in mahnısındakı kimi çaylar qədər göz yaşları axıdın. Məqalədə deyilir ki, sevgi münasibətləri başa çatanda "su işləri" görmək lazım gəlir. Bəzi alimlər də inanırlar ki, göz yaşları əhval-ruhiyyəni qaldırır. Başqa bir elmi tədqiqata görə isə ağlayanlar təklik hissindən daha tez xilas olurlar.
Bağları kəsin
Kiminsə görəsən naharda nə yediyi barədə düşünməyin. Müasir zəmanəmizdə sözün əsl mənasında kimisə həyatımızdan "delete" edib silmək mümkündür. O adamı Facebook/Twitter/Instragram/Pinterest və başqa platformalarda izləməyin. Keçmişinizin sosial media postlarına baxmaqda fayda yoxdur. 2012-ci ildə 464 könüllü üzərində aparılmış bir tədqiqat göstərib ki, Facebook-da dost qalan keçmiş sevgililər daha çox iztirab çəkirlər. Nəyə baxırsınız? Onların uğurlarına? Bu sizə çox lazımdır? İnanmaq olmur.
Danışın, danışın, kiminləsə danışın
Dostlarınız, rəfiqələriniz, hətta varsa keçmiş ginekoloqunuzla söhbət edin, qiybət qırın. Ürəyinizi dolu saxlamaqla onu rahatlada bilməzsiniz. Bir sözlə həyatınızdakı bütün insanlar üçün fəlakət sonrası brifinq verin. Təzə körpülər barədə düşünün. 2014-cü ilə aid bir araşdırma göstərib ki, itirilmiş münasibətlərin ağrısına ən yaxşı dərman yeni münasibətlərdir. Səyahətə çıxın, aşpazlıq dərnəyinə yazılın - sizi xoşbəxt edəcək işlərlə məşğul olun. Gəzin və gülün.
Bu barədə yazın
Bu o demək deyildir ki, bütün dünya üçün necə böyük bir iztirab keçirdiyinizin salnaməsini yazasızınız. Əhval-ruhiyyənin bədbin olan vaxtlarında yazmağın və ya amerikalılar demişkən "jurnallamağın" xeyri barədə çox…yazılıb. Alimlər deyirlər ki, ayrılıq haqqında yazmaq adamın fikrini dağıtmaqla yanaşı, stresi və nigarançılığı azaldır, problemləri həll etməkdə yardımçınız olur. Deyilənlərə görə, müğənni Adele belə sağalıb…/bbc.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?