"Dərslərində və həyatda müvəffəqiyyətlər arzulayırıq. Olduğun kimi yaxşı dost qal! Sənin sinif yoldaşların. Vova, III "Q". 2014-c il". Bu, Sabunçu bazarında bir manata satılan kitabın iş üzlüyündə yazılıb.
Burada həmçinin bir-iki manata paltar, ayaqqabı və köhnə radiodetallar almaq olar.
Köhnə CD kasetlərə də alıcı tapılır
Bura Bakıda sonuncu "Cındır bazarı"dır. Bəlkə də o heç vaxt bağlanmayacaq, çünki Vovanın sinif yoldaşlarının bağışladığı piratlarla bağlı yepyeni kitabı satışa çıxarmağa ehtiyacı olacaq dərəcədə kasıb adamlar var. Yayın istisi hər yeri bürüyüb. Kölgədə mağazanın pilləsində oturan qadının qarşısında bir topa köynək, paltar və şalvar tökülüb. Bir orta yaşlı qadın satıcıya yaxınlaşır, paketdən qısa cins gödəkcə və köhnə yumşaq oyuncaq çıxarır: "Bunu alırsan?" "Yox, - deyə o, cavab verir, - apar, bax, ora, ver!" Beş addım aralıqda - başqa bir paltar koması. Orta boylu kişi qış paltosu gətirir, onu da qəbul etmirlər - mövsümü deyil. Uç nəfər kişi qızmar Günəşdən çətir altında gizlənirlər.
Fəhlələr iş üçün ayaqqabı və paltarları buradan alırlar
Məmmədəli adlı satıcı danışır: "Malı həm alırıq, həm də satırıq. Mənim qırx beş yaşım var, ömrümün qırx yaşını burada oturmuşam. Uşaq idik, satırdıq, sonra bax ora, divarın dibində elə yerdə uzanıb yatırdıq", - o, gülümsəyir. Anlamaq olmur, o ciddi danışır, yoxsa zarafat edir: "Alver necə gedir? Bir manata mal alıb, manat yarıma satırıq. Bu kişini görürsən... mənim daimi tədarükçümdu. Səkkiz manata ventilyator gətirib. Mən də gərək doqquz manata satım".
Burada ev üçün lazım olan istənilən əşyanı tapmaq olar
Satıcının yanında saqqalı ağaran bir kişi çömələrək oturub, onun qarşısında çərçivəsiz bir ventilyator var. Satıcının arxasında dəmir qəfəslərin içində bir neçə toyuq qaqqıldayır. Məmmədəli bəyin dediyinə görə, alver elə həmişə eyni gedir: "Əvvəllər camış südü içirdik , indi də inək südü içirik. Nə qazanırıq, ona da elə burada bazardan nəvələrimə mer - meyvə alıram".
Məmmədəli adlı satıcının tədarükçüsü tez-tez ona müxtəlif mallar gətirir
"Nə qədər ki kasıb adamlar var, burada alver dayanmayacaq. Burada paltar, santexnika, köhnə sovet alətlərinin ehtiyat hissələrini 2-3 manata almaq olar. Köhnə transformator isə artıq on manatdır - həyət evlərində elektrik şəbəkəsində gərginlik zəif olur." "Zəif gedir işlər", - küncdə, daş-divarın altında kölgədə oturan qaşqabaqlı cavan oğlan siqaretini yandırır, - "Əvvəllər alıcılar daha varlı idi. İndi vaxt olur ki, malı elə mayasına satırıq".
Burada "adi bazar" malları da satılır
Bazarın örtülü hissəsi daha səliqəli görünür - burada mallar komalara tökülməyib, masalara yığılıb. Masaların birinin arxasında iri bığlı kişi əyləşib. Başının üstündə köynəklər, idman kurtkaları asılıb. Qarşısında masanın üstündə köhnə Polaroid fotoaparatı var.
Bazarın örtülü hissəsində mallar daha səliqəli yerləşdirilib
"Belə işləyir, ancaq kaseti yoxdur ", - kişi deyir. Şəkilini çəkməyə də etiraz etmir: "Turistlər bura tez-tez gəlir, bığlarımı görüb mənimlə şəkil çəkməyə icazə alırlar. Allah bərəkət versin, çörəkpulum çıxır. Buna da şükür! - deyir, - özüm pensiyadayam, gəlib burada işləyirəm. Allah prezidentin canını sağ eləsin, əsas müharibə yoxdur".
Bir alıcı yaxınlaşır, masadakı ayaqqabıların qiyməti ilə maraqlanır: "Bunlar otuz manatdır. Fransanındır. Paris!"
Bu satıcı, diqqəti təkcə malları ilə deyil, həm də bığları ilə cəlb edir. Bazara gələnlər - həm sadə şəhər sakinləri, evlərinə ucuz bəzək əşyaları almaq istəyənlər, turistlər, əntiq sevənlərdir. Onlar üçün burada sovet vaxtlarından qalmış farfor mələklər, alman statuetlər, bürünc saatlar, mis qəhvə dəmləyən dəstləri var. Köhnə paltar, ayaqqabı almağa fəhlələr də gəlir. Ancaq hamı danışmağa hazır deyil, kameradan çəkinirlər. Kərpic divarın altında əyləşən yaşlı kişi gülə-gülə deyir: "Baxın a, məni çəkməyin!" Onun qarşısında radio detallar, məftillər, hətta köhnə düyməli telefon aparatı var. "Fitnəkarlıqdan qorxurlar " - rus qadın satıcı çiyinlərini çəkir.
Qızmar Günəşin altında çox işləmək olmur, adətən alver günorta bitir
Lyuba xanım hələ doxsanların əvvəllərindən təqaüdçüdür. O vaxtdan elə hər şənbə-bazarı Sabunçu bazarında keçirir. Malları fərqlidir - həm paltar, həm kitab, həm bijuteriya var. "Bura nətər gəlib çıxmışıq? Bu sual bizə deyil, yuxarıda oturanlaradır ", - əsəblə gülür. Qonşu masalarda rəfiqələri əyləşib. "Özüm əmtəəçi kimi işləmişəm, bax, bu - sağda oturan qısa saçlı sarışın qadına göstərir - qidaşünas, o birisi iqtisadçıdır. Hamımız ali təhsilliyik. Burada ehtiyacı olanlar oturur. Kim lap çətin vəziyyətdə olur, bura gəlir, sonra da qalırlar burada. Maraqlar üzrə klub yaranıb bizdə. Hərdənbir nəsə qazanırıq, çörəyə, qənd almağa çatır". "Cındır bazarı" ancaq şənbə-bazar işləyir - başqa günlər işə çıxmaq baha başa gəlir, axı bir yer üçün gününə üç manat ödəməlisən. Yayda şifer örtüklü dam qızır. Yayda ventilyator, qışda isə qızdırıcı və çaynik qoşmaq üçün elektrik xətti yoxdur.
Bazarda şərait olmadığı üçün hərəsi özünü üçün rahatlıq yaradır
Yelpik ilə özünü sərinlədən Lyuba xanım "bax, budur bizim kondisionerimiz" deyir. Qarşısında çayla dolu termos fincanı durub. Qışda bazarda külək əsir, satıcılar üst paltarlarını, papaqlarını heç çıxarmırlar. "Doxsanıncı illərdə pensiyaya mağazada nəsə ala bilirdin, - Lyuba xanım deyir, - İndi isə qiymətlər qalxıb, heç bilmirsən, aldığın pulu hara sərf edəsən, nəyə çatsın". "Əvvəllər pensiyaya Moskvaya bilet almaq olurdu, hələ ərzağa da çatırdı"- sağda oturan sarışın qadın söhbətə qarışır. 90-ların Sabunçu bazarında ticarət bol idi. "İşsiz qalmışdım, cehizlik gümüş çay qaşıqlarımı gəlib burada satdım, - satıcı danışır- elə indi də malları gah evdən gətiririk, gah qonşular verir, öz tədarükçülərimiz də var". Satıcıların dediklərinə görə, 90-ların əvvəlində ruslar, ermənilər, yəhudilər Azərbaycandan çıxıb gedirdi və ev əşyalarını gətirib burada satırdılar. O vaxtı bazar stansiyanın özündə, dəmir yolunda yerləşirdi, elə burada kitablar, paltar, qab-qacaq yerə yığıb satırdılar. Qarabağ müharibəsi başlayanda Bakıya qaçqınlar və məcburi köçkünlər gəlməyə başladı. Çoxu evlərini elə əynindəki paltarla tərk etmişdi, heç nələri yox idi. Buradan döşək, yataq dəsti, qab-qacaq alırdılar. Hətta bol neft illərində "bit bazarı"nın alıcıları azalmadı - kasıblar həmişə var. Daimi alıcılar kitab alır, bir manata istənilən kitabı tapmaq olar - həm klassik ədəbiyyatdan, detektivlər, müasir nəşrlər.
Malları mövsümə görə qəbul edirlər
Sabunçu bazarının çox adı var - əvvəllər ona "rus bazarı", "kolxoz bazarı", "bit bazarı", "Ölü xana" adlandırırdılar. İndi isə burada ruslar demək olar ki, qalmayıb - Lyuba xanımın sözlərinə görə, cəmi beş faiz olar. Bazarın dəqiq yaranma tarixi məlum deyil, bəziləri deyir ki, hələ sovetin vaxtından işləyir. Buradakı satıcılar üçün bu iş ailələrinə çörək pulu qazanmaq üçün yeganə imkandır. Bahalı yeni paltar almağı özünə qıymayan insanlar üçün isə bu bazar yaxşı fürsətdir./bbc.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?