Ehtiram Əliyev: “MTN-də ağılagəlməz işgəncələrə məruz qalmışam”
“MTN-də əllərimi bağlayıb, ayaqlarımdan asıblar və rezin alətlə məni döyüblər”
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Ehtiram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Ehtiram Əliyev 2014-cü il yanvar ayında İran İslam Respublikası ərazisində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Fərəməz adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılıq əldə edib.
Daha sonra Fərəməz 20 fevral 2014-cü il tarixdə Ehtiram Əliyevə zəng edib, 8863,85 qram narkotik vasitə olan heroini və 11732,95 qram narkotik vasitə olan tiryəki qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirərək Cəlilabad rayonunun İran İslam Respublikası ilə həmsərhəd ərazisində gizlətdiyini bildirib. Ehtirama həmin narkotik vasitələri götürərək özündə saxlamağı və sonradan deyəcəyi şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxsə çatdırmağı tapşırıb.
Ehtiram Əliyev verilən tapşırığın icrası ilə əlaqədar fevralın 20-də, saat 20-21 radələrində fərdi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərən, lakin qrup üzvlərinin cinayət əməllərindən xəbəri olmayan Bəybala Mahmudovun idarə etdiyi “Vaz 2107” markalı avtomaşınla Cəlilabad rayonu, Şatırlı kəndinə gedib, içərisində külli miqdarda narkotik vasitələr olan kisəni götürüb və Bəybala Mahmudovun avtomaşını ilə Cəlilabad rayonu istiqamətinə gəlib.
Maşında Bəybala Mahmudov kisədə olan əşyadan şübhələndiyinə görə Ehtiram Əliyevə həmin kisəni gizlətməyi təklif edib. O da bu təkliflə razılaşıb.
Sonra onlar Cəlilabad rayonu, Fərzili kəndi ərazisində rayonun Zopun kəndinə gedən yolun kənarına gəliblər. Taksi sürücüsü Ehtiram Əliyevə məxsus kisəni açıq sahədə gizlədiblər və sonra birlikdə Cəlilabad rayonuna qayıdıblar.
Bəybala Mahmudov fevralın 21-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Cəlilabad rayon şöbəsinə müraciət edib. Onun ərizəsi əsasında həmin gün MTN əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ehtiram Əliyev yaxalanıb.
Ehtiram Əliyev Cinayət Məcəlləsinin 206.3.2-ci (abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.
“Harada olduğumu soruşdu”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bılməyib. O, ifadəsində göstərib ki, tutulana qədər Qaradağ rayonunda daş karxanasında daş kəsən işləyıb. Onun sözlərinə görə, 15 gün işləyib, 15 gün evdə olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2014-cü ilin fevral ayının 20-də işdən evə, daha doğrusu Cəlilabada qayıdarkən bir nəfər ona zəng vurub, adının Fərəməz olduğunu bildirib və bir mobil nömrə deyib, həmin nömrəyə zəng vurmağını ondan xahiş edib: “Həmin nömrəyə zəng vurdum, danışan adam özünü İlqar kimi təqdim etdi. Lakin sonradan məlum oldu ki, həmin adamın adı İlqar yox, Bəybaladır. Bəybala məndən telefonda harada olduğumu soruşdu. Bildirdim ki, Cəlilabada gəlirəm, rayonda Hacı Zaurun mağazasının yanında maşında düşəcəm. Rayona çatanda həmin yerdə düşdüm, mağazaya girərək siqaret aldım və küçəyə çıxanda Bəybala mənə zəng vurdu. O bildirdi ki, yolun kənarında dayanan ağ rəngli VAZ 2107 markalı avtomobildə əyləşiib. Bəybala maşının işıqları vasitəsi ilə işarə etdi, Mən də həmin avtomobilə yaxınlaşaraq əyləşdim”.
“Kiminlə danışdığını bilməmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir az söhbət edəndən sonra Bəybala “dərman var onları paylayaq” deyə bildirib: “Bəybaladan nə dərman olduğunu soruşdub. Paylayanda görərsən, cavabını verdi. Etiraz elədim, bu vaxtı Bəybala dedi ki, eybi yox, bu gün olmasın sabah olsun. Avtomobildən düşmək istəyəndə Bəybala dedi ki, gedək, kafedə yemək yeyək. Kafedə yemək yeyəndən sonra avtomobilə minmək istədim, Bəybala “ver telefonunu zəng vurum “, deyə bildirdi. Mən də telefonumu ona verdim. Lakin onun kiminlə və nə barədə danışdığını biməmişəm. Yarı yolda Bəybala bir daha məndən telefonu istədi və mən də verdim. Bəybala maşından düşərək danışdığından bu dəfə də onun kiminlə və nə barədə danışdığını bilməmişəm”.
“Tələb etdilər ki, narkotikin yerini deyim”
Ehtiram Əliyev bildirib ki, təxminən gecə saat 1 radələrində küçələrində Bəybalanın avtomobilindən düşüb, sonra Bəybala gedib: “Mən isə evə gəldim. Təxminən saat 3 radələrində səsə yuxudan oyandım. Darvazanı açan kimi aldığım zərbədən huşumu itirdim. Ayılanda gördüm ki, evdəyım və evdə xüsusi geyimli şəxslər var. Onlar bildirdilər ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Onlardan soruşdum ki, sizə nə lazımdır, onlar bildirdilır ki, bizə səndə olan narkotikin yerini de. Heç bir narkotikdən məlumatım olmadığını bildirdi. Həmin şəxslər səhər saat altıyadək evi axtardı, lakin heç bir şey tapa bilmədilər. Səhər məni MTN-nin Cəlilabad rayon şöbəsinə apardılar. Ora gələndə gördüm ki, Bəybalada ordadır. Orada məni döyməyə başladılar və tələb etdilər ki, narkotoki harda gizlətsdiyimi deyim”.
“MTN-də məni döydülər”
Ehtiram Əliyevin sözlərinə görə, 2 kiloqram narkotik vasitəni gizlətdiyini yazmağı tələb ediblər: “Sonra bildirdilər ki, səni aparacağıq və sən narkotiki gizlətdiyin yeri bizə göstərəcəksən. Hal şahidləri dəvət olunandan sonra gözlərimi bağladılar və avtomobilə əyləşdirdilər. Sonradan məlum oldu ki, məni Cəlilabad rayonu Fərzəli kəndinə aparıblar. Məni avtomobildən düşürdüb, sonra gözlərimi açanda Bəybalanın orada olan qara rəngli Prado markalı avtomobildə oturaraq siqaret çəkdiyini gördüm. Lakin Bəybala məni görən kimi avtomobilin qapısını örtdü. Həmin avtomobilin yanına apardı və yerdə mal təzəyinin altında olan ağ kisəni göstərdilər, onu açmağımı tələb etdilər. Kisəni açmaqdan imtina etdim. Onlar bunun səbəbini soruşdu. Bildirdim ki, kisəni tanımıram, mənim deyil. Həmin kisə mənə məxsus olmayıb, kisə əvvəldən ora qoyulmuşdu. Bu səbəbdən MTN-nin əməkdaşları məni döyməyə başladılar”.
“Həkimlə bağlı mənə köməklik göstərib”
Ehtiram Əliyev bildirib ki, bundan sonra onu yenidən MTN-nin Cəlilabad rayon şöbəsinə gətiriblər: “Səhərə kimi yenədə orada döyüb, mənə işgəncə verdilər. Səhəri günü məni Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Bu səbəbdəndə orada ağılagəlməz işgəncələrə məruz qaldım. Fərəməzlə birinci və sonuncu dəfə fevral ayının 19-da danışdığımı dedilər. Fərəməz İrandan danışdığını bildirdi, Fərəməzi tanımadım. İrana gedib-gələrkən Rəhim adlı şəxsi tanımışam o, mənə həkimlə bağlı köməklik göstərib. İrana 3 ildir ki, xəstəliyimlə əlaqədar gedib-gəlirəm. İranın Ərdəbil şəhərinə gedib-gəlmişəm. Rəhim mənə heç vaxtı qeyri-qanuni nə isə təklif etməyib. Telefonla Azərbaycandan Rəhimlə danışmamışam. Bəybalanı əvvəllər tanımamışam, bu səbəbdən də aramızda heç bir ədavət və düşmənçilik olmayıb”.
“İşgəncələrə dözə bilməmişəm”
Təqsirləndirilən şəxs qeyd edib ki, Bəybalanın onun telefonu ilə Fərəməzlə danışıb-danışmamasını dəqiq deyə bilməyib: “İzahatımı özüm yazmışam, lakin MTN-nin əməkdaşlarının diqtəsi ilə. Narkotikin 2 kiloqram olduğunu yazmışam, sonradan MTN əməkdaşları tərəfindən 2 rəqəminin yanına 0 rəqəmi yazılıb. İşgəncələrə dözə bilməmişəm, 2 kiloqram narkotikin mənə məxsus olduğunu yazmışam. Bütün istintaq müddətində yalnız bir dəfə imza etmişəm, o da ekspert rəyi ilə tanış olmağıma dair. Digər sənədlərdə olan imzalar mənim deyil. MTN-nin Cəlilabad rayon şöbəsində məndən izahat alınarkən vəkilimin iştirakı təmin olunmayıb. 5 ay 18 gün istintaq müddətində cəmi 3 dəfə vəkillə görüşmüşəm. Bəybala ilə üzləşdirilməmişəm, narkotik vasitənin yerini göstərməmişəm. Hətta Bəybalada öz ifadəsində bildirib ki, Ehtiram oturdu avtomobildə, narkotiki mən aparıb basdırdım”.
“MTN-də ayaqlarımdan məni asıblar”
Təqsirləndirilən şəxs ifadəsində Bəybala ilə Fərəməzin telefonla danışı haqqında olan ittihama da aydınlıq gətirib. O, bildirib ki, Fərəməzə zəng vurmayıb: “Həmin nömrə mənə məxsus olmayıb. Təxminən 2014-cü ilin fevral ayının 8-də Quba rayonundan olan iş yoldaşımdan almışam. Həmin nömrə ona məxsusdur. Karyerdə işləyərkən iş yoldaşım adı xatırlamadığı Qubadan olan oğlan mənim telefonuma öz nömrəsini taxıb, zənglər edib. İstintaq orqanı həmin zəngləri mənim adıma yazıb, mənə qarşı saxta ittihamlar verib. MTN-nin Cəlilabad rayon şöbəsində möhkəm döyülmüşəm, hatta sol gicgahıma yanan siqaret basılıb. Həmçinin ayaqla vura-vura sol ayağımın barmağını sındırıblar. MTN-də isə həmişə gözlərimi bağlı saxlayıb, əllərimi bağlayıb, ayaqlarımdan asıblar. Sonra da məni rezin alətlə döyüblər. 5 ay 18 gün MTN-də saxlanıldıqdan sonra istintaq təcridxanasına köçürülmüşəm. Orada xəsarətlərimi göstərmişəm. Lakin maraqlanan olmayıb. MTN-dən çıxdıqdan sonra işgəncələrlə bağlı hər yerə yazmışam, Yalnız həbsxanaya köçürüldükdən sonra Daxili İşlər Nazirliyindən və Respublika Baş Prokurorluğundan nümayəndələr gəlib, araşdırma aparıblar. Araşdırmanın nəticəsindən məlumatım olmayıb”.
14 il cəza və şikayət
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtiram Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ehtiram Əliyev apelyasiya şikayəti verib.
Ehtiram Əliyev şikayətində ona elan olunmuş ittiham üzrə məhkəmənin gəldiyi nəticənin əsassız və qanunsuz olduğunu, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirsiz bildiyini, heç bir günahının olmadığını qeyd edib. O, cinayət işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Prokuror: “Cəza ədalətlidir”
Dövlət ittihamçısı Elnar Hüseynov bildirib ki, məhkum edilmiş şəxsin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Onun sözlərinə görə, Ehtiram Əliyevin əməlləri Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub: “Apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş ekspertiza rəyi ilə Ehtram Əliyvin ibtidai istintaq zamanı işgəncələrə məruz qalması bardə göstərdiklərinin tamamilə əsassız olması təsdiq olunub. Bundan başaqa müdafiə tərəfi məhkum olunmuş şəxsin ibtidai istintaq zamanı heç bir sənədə imza etməməsi barədə göstərdikləri iş üzrə təyin olunmuş məhkəmə xəttşünaslıq ekspertiza rəyi ilə tam təkzib olunub. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğulara cavabdan müəyyən edilib ki, məhkum olunmuş şəxsin istifadəsində olan mobil nömrələrlə mütəmadi olaraq İran İslam Respublikası ərazisində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Fərəməz adlı şəxslə danışıqları olub. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən sonuncunun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin edib”.
Təqsirləndirilən şəxsin vəkili Salman Fərəcov bildirib ki, müdafiə etdiyi şəxsdən zorla etirafedici ifadələr alınıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Ehtiram Əliyev də vəkili ilə razı olduğunu deyib.
Daha sonra hakimlər apelyasiya şikayəti üzrə qərar elan ediblər. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Ehtiram Əliyevin cəzasını 13 ilə endirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?