İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.
Məlumata əsasən, “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
***
Həlak olanlardan 3-ü azyaşlıdır. Ölən şəxslərin Şəki və Qax sakinləri olduğu bildirilib. Dünyasını dəyişən şəxslərin adlarını hələ ki, müəyyən etmək mümkün olmayıb.
***
İsmayıllı rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişən 7 nəfərin şəxsiyyəti müəyyən edilib. APA-nın yerli bürosunun xəbərinə görə, İsmayıllı-Qəbələ avtomobil yolunun Topçu kəndi ərazisindən keçən hissəsində 99-DF-907 dövlət nömrə nişanlı “Opel Zafira” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-AL- 238 dövlət nömrə nişanlı “Toyota Prado” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Şəki sakini 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də təxminən 8-13 yaşlarında olan 3 uşaq - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlı aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Hadisənin yağışlı havada yolun sürüşkən olması və sürücülərin avtomobilləri sürətlə idarəetməsi səbəbindən baş verdiyi bildirilir. “Toyota Prado” markalı minik avtomobilinin sürücüsünün Böyük Britaniya vətəndaşı olduğu və onun xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə aparıldığı bildirilir.
Faktla bağlı baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?