Hər şey ondan başladı ki, günlərin bir günü “Yeni Müsavat” qəzetinin redaksiyasına zəng edib, “Əməkdaşlarınızdan birini İstanbula, Adnan Oktarla (Harun Yəhya) müsahibə-görüşə dəvət edirik” dedilər. Tanıyanlar tanıyır, tanımayanlara isə biz anladaq ki, A.Oktar Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısıdır.
Hələliksə A.Oktarla görüşüb, həmkarım, fotoqraf Məhəmməd Türkmənlə ön sırada əyləşirik. Öncədən etdikləri xəbərdarlığa görə, Məhəmməd verilişdən nə foto, nə də videogörüntü götürə bilər. Heç mənim diktofonla müsahibəni yazmağıma da icazə yoxdur. Foto və videonu özləri daha sonra göndərəcəklərini deyirlər. Səbəbini soruşanda isə “onsuz da bizdə yüksək səviyyəli çəkiliş gedir, sizin əziyyət çəkmənizə ehtiyac yoxdur” deyə cavab verilir. Bu detal belə bir informasiyadır deyib israr etmirəm.
(əvvəli ötən saylarımızda)
- Azərbaycanda tərəfdarlarınız nə qədərdir? Kanalınızın Azərbaycanda filialının açılması, kitablarınızın orda yayılmasına qədər... nə kimi planlarınız var? Azərbaycanda kökləriniz nə qədər dərindir?
- Burdakı dost çevrəm 300 nəfərə yaxındır. Azərbaycanda da çox sevənlərimiz var. Çox olmasa da, amma 20-30 nəfər olduğunu təxmin edirəm. Amma qəlbən sevənlərimiz milyonlarladır. Bizim bir görünən bədənimiz var, bir də görünməyən ruhumuz. Ruhumuz hər yerdədir. Yəni ruhumuz hər yeri qucaqlamış vəziyyətdədir, amma bədənimiz az görünür. Yəni üç yüz, bəzi yerlərdə otuz, bəlkə də otuz üç görünür. Amma ruhumuz hər yerdədir.
- Darvin tərəfdarları arasında düşmənlərinizin çox olduğu deyilir. Hətta sui-qəsdə də məruz qalmısız.
- Bəli, 9 dəfə sui-qəsdə uğradım, düzdür.
- Bu doqquz dəfənin səbəbləri nə idi? Necə qurtulduz? Bunların da hekayəsini danışsaydız, oxucularımız bilərdi.
“Kişilər mənə deyirlər ki, sən yaşayırsan, bizsə sürünürük”
- Polisin bizə rəsmi sənədlərlə bildirdiyi odur ki, bunlardan biri Devrimçi Xalq Qurtuluş Partiyası deyilən bir təşkilatdır. İkincisi DAEŞ adlanan, İŞİD adlanan terror təşkilatı. «Əl-Qaidə» deyilən terror təşkiları və Talibanı da bu siyahıya əlavə edək. Yəni bunlar birlikdə və PKK, bir də PKK-ya dəstək verən terror təşklatları. Polis orqanlarında bu terror təşkilatlarından aldığımız təhdid mesajları qeydə alınıb. Biz də öz imkanlarımız daxilində daha ehtiyatlı davranırıq. Mən təbii ki, belə bir şeydən çəkinmirəm. Amma Ortaköyə ilk gəldiyimdə, daha yeni “bismillah” deyəndə, qarşılamada yeddi qurşun vurdular. Mən məktəbə davam etdim, təbliğata davam etdim. Çıxışlarıma da davam etdim. Heç bir zaman üçün ruhdan düşmədim. Küçəyə də sinəmi gərərək çıxıram, Allaha güvənirəm. Bu ana qədər heç bir şey də olmadı. Doqquz dəfə sui-qəsd adlatdım. Heç birində də mənə heç bir şey edə bilmədilər. Allahın qoruması ilə.
- Sizcə, bu sui-qəsdlərin səbəbi nədir?
- Sən darvinizmə, ingilis dərin dövlətinə müdaxilə edərsənsə, kommunizmə qarşı mücadilə aparırsansa, onlar da sənin bədənini dayandıraraq nəticə almaq istəyəcək. Sən onlara fikrən qalib gəlmək istəyirsən. O da sənin bədənini yox edərək, sənə qalib gəlmək istəyir. Bədəni yox edə bilməyincə, fikri də yox edə bilməyincə məğlub olmaq artıq onlar üçün müqəddərata çevrilir.
- Bir gün onlar öz istəklərini həyata keçirərsə, sizin davamçılarınız varmı?
- Mənim davamçılarım artıq Türkiyədə, dünyada hər yerə oturub. Yəni, onun artıq geriyə dönüşü yoxdur. Onların edə biləcəyi heç bir şey yox hazırda.
- Sui-qəsd olayları baş verir. Özəl cangüdənləriniz varmı?
- Polis rəsmi olaraq cangüdən verdi mənə. Üç ildir. Onların sayını da biz nə qədər istəsək, polis o qədər sayda da göndərir. Mən hara getsəm, hansı bazara çıxsam, getmədən öncə orada təhlükəsizlik tədbirləri həyata keçirilir. Yəni mənim gələcəyim hüquq-mühafizə orqanlarına, onların əməkdaşlarına öncədən bildirilir. Onlar da duruma görə tədbir həyata keçirirlər. Getdiyim mağazalarda da mülki geyimli polislər olur onsuz da. Onlar da ayrıca bu təhlükəsizlik komandasının tərkibinə qatılırlar. Və təhlükəsizlik tədbirləri keçirirlər. Allah hamısından razı olsun.
- Bəs gündəlik rejiminiz, həyat tərziniz necədir? Nələrlə maraqlanır, necə yaşayırsınız?
- Mənim şəkil çəkməkdən xoşum gəlir. Bazara getməkdən xoşlanıram. Ev dekorasiyası ilə məşğul olmaq çox xoşuma gəlir. Dostlarımın evlərini də özüm dekorasiya edirəm. Bilirsiniz, memarlıq fakültəsində oxumuşam. Bununla yanaşı, fəlsəfə üzrə də təhsil almışam. Bağça dizaynı xoşuma gəlir. Bağça düzəldirəm. Çoxlu pişiklərim var.
- Həddən ziyadə pişik sevginizin səbəbi nədir bəs?
- Pişiklər bu dünyada insanlara heyvan olaraq verilmiş ən böyük nemət ola bilər. Yəni möhtəşəm varlıqlardır. Çox gözəldilər. Sevgiyə çox gözəl qarşılıq verir və sevgini də çox yaxşı başa düşürlər. Bundan başqa, çox təmiz varlıqlardır. Bir də tipləri çox şirindir.
“Verilişdəki qadınlar gündəlik həyatda başı bağlı, qapalı geyimdə gəzirlər”
- Pişiklərinizin sayı nə qədərdir?
- Təxminən 11 pişiyim var.
- Buna görə verilişdəki qadınlarla bağlı “kedicik” ifadəsindən istifadə olunur?
- Bəli, mən bir qız dostuma “Sən bir pişiksən” demişdim. “Sənin pişik canını sevərəm” demişdim. Mətbuat ondan sonra bu ifadəni götürdü və verilişdəki qadınların hamısına “kedicik” adını qoydu.
- Adnan bəy, verilişinizdə qadınların istər geyim tərzi, istər davranışları, rəqsləri, makiyajları bir-birinizə qarşılıqlı olaraq komplimentlər deməniz cəmiyyətdə birmənalı qarşılanmır. Məhz buna görə sizin bu xanımların vasitəsilə İslamı yanlış təqdim etmənizlə bağlı bir rəy formalaşırb. Əslində belə olmalıdır, fikrinizcə?
- İslamı insanlara dəhşət, vəhşilik, qorxu, çirkinlik, səviyyəsizlik dini olaraq göstəriblər. Yəni müsəlman deyincə bir çox insanın ağlına səviyyəsizlik, sənət, qadın qarşıdurması, qorxu, vəhşilik, sənətin çökməsi, sürünməsi gəlirdi. Biz də dedik ki, sizə bir oyun oynanıldı. Müsəlmanlıq adına sizə bir sirk dini göstərildi. Gerçək islam cənnət kimidir. Qadınlar azaddır, kişilər azaddır. Rəqs də var, musiqi də. Şıq geyinirsən. Gözəl evlərdə yaşayırsan. Elm var, texnologiya var, sənətin ən gözəli var. Dolayısı ilə də bu oyun pozulub dedik. Dediklərimin doğru olduğunu hər kəs bilir. Çünki danışdıqlarım Qurana uyğundur. Bunun əksi olsa Qurandan ayət vermələri lazımdır. Heç kimsə mənə bunun əksi ilə bağlı Qurandan ayət göstərə bilmir. Etdiyiniz yanlışdır deyə qabağımıza fakt qoya bilən yoxdur. Amma mən Quran ayələri ilə etdiklərimizin doğru olduğunu sübut edirəm.
- Bu qadınlar gündəlik həyatlarında da verilişdəki kimi geyinirlər?
- Xeyr. Bayıra çıxanda geyimləri topuqlarına qədər olur. O qədər uzun geyinirlər. Çoxunun da başı bağlı olur. Yəni bayırda eyni hökm yoxdur. Çünki Quranda deyilir ki, “əgər sizə narahatçılıq yaradırsa, bütün bədəninizi örtün”. Çünki narahatçılıq veriləcəyi riski olduğu üçün verilişdə geyindikləri geyimlə bayıra çıxmazlar. Peyğəmbərimizin vaxtında da belə idi. Bütün qadınlar dekolte geyinirdi Peyğəmbərimizin zamanında. Amma bayıra çıxanda onlara söz atılmağa başlandı. Sonra Ahzab Surəsi’ndəki bununla bağlı ayə qüvvəyə mindi. Bu adamların söz atmalarına qarşı “”dekoltelərinizi örtün" deyə ayə gəldi. Və qadınlar bundan sonra bütün dekoltelərini örtməyə başladılar. Buradan da anlayırıq ki, qadınlar zamanında da dekolte geyiniblər. Bunu açıq şəkildə görürük. Anlamamaq mümkün deyil.
- O zaman burada yaşananlar teatral bir oyun kimidir? Makiyajlar, geyimlər reallığı əks etdirmir...
- Xeyr, bu, gerçək həyatdır. Doğrusu budur. Amma burada təhlükəsizlik olduğu üçün belədir. Çünki burada təhlükəsizlik var. Qadınlara burda heç kim sataşmaz, söz atmaz, incitməz. Onlara pis bir hərəkət, pis söz demələri mümkün deyil. Ayədə deyilir ki, “Təhlükəsizlik içindəsizsə, istədiyiniz kimi geyinin, amma təhlükəsizlik içində deyilsinizsə, qapanın”.
- Sözün böyük mənasında məqsədiniz nədir?
- Bütün dünyanın qardaş olduğunu, hər kəsin bir-birini sevdiyini, bütün türklük aləminin birləşdiyini görəcəm, inşallah. Mən Bakıya əlimi-qolumu sallayaraq gedib, orada yemək yeyəcəm, Bakının məşhur yeməklərindən. Axşama da əlimi-qolumu sallayaraq dönəcəm. Məndən qapıda pasport istəməyəcəklər. İstəsələr, geri qayıdaram. Ölkə xaricinə çıxmamağımın səbəbi budur. Mənə pasport soruşduqları yerə getmərəm. Hətta dükan-bazara gedəndə də təhlükəsizlik qapılarından keçmirəm, daha doğrusu, elə yerlərə getmirəm. Açıq, rahat bir yerdən keçirəm. Elə bir şeyi qəbul etmirəm mən. Ölkə xaricinə çıxanda da yolda “Bir dəqiqə dayan. Hara gedirsən?” deyərlərsə, ora getmərəm. Qardaşlığın, sevginin hakim olduğu bir dünya istəyirik və ən qısa müddətdə, müharibələrin olmadığı və qadınların azad olduğu, istədikəri kimi mini yubka, dekolte geyinəcəkləri, bəzənəcəkləri bir dünya istəyirik. Qadınlar gecənin 1-də də təkbaşına istədiyi yerə, istədiyi kimi gedəcək. Qadınlar gecə günəş batandan sonra küçəyə çıxa bilmirlər. Belə rəzalət ola bilməz. Qadın vurmaq, öldürmək dözə bilməyəcəyimiz bir haldır. İslamda qadın döymək yoxdur. Ən pis halda qadını evdən uzaqlaşdırmaq mümkündür. Atasının və ya anasının evinə göndərə bilərsən. Qadını döyəndə sakitləşirik, de-şarj oluruq deyir bəziləri. Qadın döyülərmi? Allah göstərməsin, ölər qadın. Çox zərif bir varlıqdır.
- Qadınları bu qədər sevir və hörmət edirsiniz. Amma bildiyim qədər evli deyilsiz və heç bir zaman evlənmədiz.
- Bəli. Axirət dünyasıdır. İnsanlığın, qardaşlığın gücünü artırmaq üçün çalışan bir insanın ailəsinə vaxt ayırması mümkün deyil.
- Bizim bir köşə yazarımız sizinlə bağlı sosial şəbəkələrdə müzakirələr gedən zaman maraqlı bir fikir söyləmişdi: “Adnan Oktar bu dünyada özünə cənnəti yaradanlardandır”. Təbii ki, bunu ətrafınızdakı gözəl qadınları nəzərdə tutaraq demişdi. Bu fikri ünvanınıza tez-tez deyirlər?
- Ona bənzər çox şey deyilir. “Sən yaşayırsan, biz sürünürük”-filan.
- O zaman kişilərin bir xeyli həsədini də qazanmısız...
- Qısqanclıq çoxdur, haqlısız. Əslində hər kişinin idealındakı budur. Amma bunu əsla əldə edə bilmirlər. Bunu əldə edən heç bir kişi olmur. Bu, çox acı bir şeydir onlar üçün.
“Bakıya gələndə sərhəddə məndən pasport istəməsinlər... İstəsələr, geri qayıdaram”
- Yəni bunun üçün pulları çatmır... demək istəyirsiz?
- Xeyr, çox milyarderlər var, trilyonerlər var, amma əsla bunu əldə edə bilmirlər.
- Yaxşı, bəs siz necə əldə etdiniz bu qədər qadını ətrafınızda saxlamağı?
- Allah sevgisi ilə. Onları Allah yaradır, Allah göstərir. Sizi də hazırda Allah yaradır və burada göstərir.
- Bütün dünyada sülh, gözəllik olmalı, qadınlar döyülməməlidir... dediniz. Hər kəs bunu istəyir. Bəs sizin formulanız nədir?
- Bunun həll yolu İslam aləminin birləşməsidir. Başqa bir çıxış yolu yoxdur. Və bu, mümkündür. Nur Surəsi, 55. Ayədə Allah deyir ki, “din dünyaya hakim olacaq və qorxularınızın ardınca sizi təhlükəsizliyə qovuşduracam, hər tərəfi ilə dini hakim edəcəm”, amma “siz sadəcə səmimi olacaqsınız, mən də sizə hakim edəcəm dini” deyir.
- İsraillə bir yaxınlığınız varmı? Adınız zaman-zaman masonlarla, İsraillə çəkilir.
- Düzdür, mən ustad masonam. Yeddi ayrı ölkədən, yeddi ayrı masonluq diplomum var, 33 dərəcəli. Mason olmağımla da fəxr edirəm. Musəviləri də çox sevirəm. Mən də İsrail soyundanam. Həzrəti Davud soyundan gəlirəm. Şəcərəm ora qədər gedib çıxır. Peyğəmbərimizin soyundan gəlirəm. Şəcərəm də internetdə var. Baxmaq istəyənlər görə bilər. Üç milyon Allaha inanan insana milyonlarla insanın düşmən olması çox kədərli və çox əsəbləşdirici durumdur. Yüz milyonlarla insanın üç milyon insanın yaşamasını qəbul etməməsi, onlara rahatlıq verməməsi çox acı bir hadisədir. Mən buna qarşıyam. Onların həyatının qarantiyaya alınmasını və hüzur içində yaşamalarını istəyirəm. Zalım varsa, zalım cəzalandırılsın. Amma məzluma zülm etmənin əxlaqsızlıq olduğuna inanıram.
Sonda... Canlı yayımda keçən müsahibə bitir. Təəssüflər olsun ki, əvvəlcədən razılaşdırmağımıza baxmayaraq, “kediciklər” deyə təbir edilən, A.Oktarın xanım rəfiqələri ilə görüşümüz alınmır. Xüsusi bir səbəb açıqlanmır. Amma “qalsın gələn dəfəyə” deyərək, mövzunu qapadırlar. Bununla yanaşı, öyrənirik ki, məhz bu “kediciklər”in verilişdə iştirakına görə RTÜK (Radyo Televizyon Üst Kurumu) dəfələrlə kanalı cərimələyib, özü də yüksək məbləğlərdə. O səbəbdən də Türksat üzərindən yayımlanan verilişlərdə bu xanımlar yayıma çıxarılmır, ancaq internet versiyasında onları tamaşaçılar görə bilir. Bununla da bir saata yaxın davam edən canlı yayım söhbəti bitir. A.Oktar bizlərə öz kitablarını hədiyyə edir. Beləcə, pişiklər, “kedicik” xanımlarla zəngin, sirlər dolu villasından ayrılırıq./musavat.com
Sorğu
Yeni dizaynımız necədir?