İntensiv yağan yağış Bakının Binəqədi yolunu gözlənildiyi kimi iflic vəziyyətinə saldı
Dünən tıxacın ucu-bucağı görünmür. Üstəlik, yaranmış gölməçələr yolu keçilməz edib.
Aidiyyəti qurumların əməkdaşları bu acınacaqlı durumu nəinki aradan qaldırmağa çalışır, hətta vəziyyətin daha da pisləşməsi üçün göstərişlər verilir.
Məsələn: Gündüz saatları olmasına baxmayaraq, həmin yollara ağır yük maşınları buraxılır.
Bundan əlavə, həmin yoldan - Azadlıq prospektindən istifadə edən bütün marşrutlara alternativ Biləcəri yolundan istifadə etməmək tapşırılıb. Beləliklə, onlarla avtobusda yüzlərlə sərnişin tıxacda saatlarla gözləməli olub.
Həmin yolun 6 aydan çoxdur, əsaslı təmirə dayandığı bildirilsə də payıza kimi yol təmiri bitmədi və keçənilki problem olduğu kimi qaldı. Qazılmış çökəklər, torpaq isə yağış suları ilə dolaraq keçilməz bataqlığa çevrilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov isə ənənəvi olaraq öz isti kabinetində oturub və əlini ağdan qaraya vurmur ki, bu ərazi düzəlsin. Hər il eyni tənqidlərə baxmayaraq, icra başçısı nəticə çıxarmaq istəmir.
X.İsgəndərovun rəhbərlik etdiyi rayon ərazisində əhalinin narazılığı barədə xəbərlər gəlir.
Qışda əhali su basmış həyətlərin təmizlənməməsindən, yağışdan sonra daha da bərbad hala düşən küçələrdən, qazın olmamasından şikayət edir, hətta diqqət cəlb etmək üçün yolları kəsirlər.
Binəqədi ilə bağlı məsələnin həssaslığı həm də ondadır ki, bu rayon əhalinin sayına görə paytaxtın ikinci ən böyük rayonudur.
Binəqədi rayonunun əhalisi təxminən 260-270 min nəfər təşkil edir. Hökuməti narahat edə biləcək daha bir nüans isə Binəqədi ərazisində daha çox qaçqın və məcburi köçkünün məskunlaşmasıdır.
X.İsgəndərovun başçı təyinatından sonra binəqədililər əvvəlki icra başçısı Alı Qocayevin ölənlərinə rəhmət oxuyurlar.
Bu da Binəqədidə tikintiyə haqq qoyulması ilə əlaqəlidir. Rayon ərazisindəki tikililərə qiymət vahid cədvəl əsasında qoyulub.
Xaləddin İsgəndərovdan əvvəl - Milli Məclisin spikeri Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı işlədiyi dövrdə rüşvət ucuz idi.
Biləcəri, Binəqədi və Xocasən qəsəbələrində hasar çəkmək pulsuz, istənilən ölçüdə ev tikmək isə 500-1000 manat ”şirinliklə" baş tuturdusa, Xaləddin İsgəndərovun “zühuru” ilə qiymətlərdə qiyamət qopdu.
Məsələyə Azərbaycan reallıqları prizmasından yanaşaraq, o zaman Xaləddin İsgənrərovun vəzifədə və ayaqda qalması möcüzə kimi görünür.
X.İsgəndərovun adamları həmin ərazilərdə birmərtəbəli ev tikintisi üçün 10, iki mərtəbəli ev tikintisi üçün isə azı 20 min manat istəyirlər. Əvvəllər bu iş daha rahatlıqla görülürdüsə, indi icra başçısı bu işi ən inandığı adamlara tapşırıb.
Ümumiyyətlə, Paytaxt Bakı şəhərinin rayonlarına rəhbərlik edən şəxslər arasında haqqında ən çox neqativ planda yazılan, Prezident Administrasiyasına şikayətlər göndərilən şəxslərdən biri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdur.
Qeyd edək ki, Binəqədidəki torpaq maxinasiyalarına görə hazırda bir neçə nəfər həbsdədir.
Onların bəziləri isə bu cür proseslərdə yalnız sürücü, fəhlə kimi iştirak ediblər. Ancaq bu gün bu torpaq dəllalarının qurbanları kimi həyata dəmir barmaqlıqlar arxasından baxırlar.
Xaləddin İsgəndərov Binəqədi RİH-nə başçı təyin olunduqdan sonra "Təmiz Binəqədi" layihəsi çərçivəsində də bəzi işlər görməyə başladı. Amma X.İsgəndərovun icra başçısı kimi gördüyü əksər layihələr fiaskoya uğradı.
Onun Sumqayıt yolunda saldırdığı süni təpələr Avtovağzal Kompleksinə və magistral yola ciddi ziyan vurdu.
Rayon ərazisindəki binalara çəkdirdiyi "poliureten" üzlüklər böyük yanğına səbəb oldu. Beləliklə, Binəqədinin yeni icra başçısına ehtiyacı var.
Rayon sakinləri prezidentdən Binəqədiyə təzə rəhbər təyin olunmasını gözləyirlər. Onlar arzu edirlər ki, yeni rayon başçısı sələfinin etdiklərini təkrarlamayacaq. Ən azından onun qoyduğu problemləri kökündən həll edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?