Mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın hadisəsinə görə, icra başçısı Xaləddin İsgəndərov prokurorluq əməkdaşları tərəfindən dindirilib.
Bu barədə Binəqədi rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, 15 nəfərin öldüyü yanğına görə açılan cinayət işi çəvçivəsində icra başçısı Xaləddin İsgəndərov bəzi məsələlərlə bağlı sorğu-sual edilib.
İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova açıqlamasında bu xəbəri təkzib etməyib. Bildirib ki, hadisəyə görə icra hakimiyyətinin bir neçə səlahiyyətli nümayəndəsi istintaq çağrılıb.
“İstintaq getdiyi üçün və istintaqın gedişinə kömək məqsədilə Xaləddin İsgəndərova hadisə ilə bağlı suallar verilə bilər. Lakin bununla bağlı istintaqa çağırılma olmayıb. İcra başçısı səhərdən axşama kimi iş başındadır.
Demək olar ki, hər gün yanğın olan binanın yanına gedir, oradakı işlərlə maraqlanır, sakinlərlə görüşür. Bəzi mətbuat orqanlarında da istintaqa cəlb olunanların adları verilir. Hesab edirəm ki, bu istintaq sirridir”.
Şöbə müdiri Xaləddin İsgəndərovun həbs olunacağı ilə bağlı xəbərlərin doğru olmadığını deyib. Onun sözlərinə görə, icra başçısı yalnız sorğu-sual edilib və onun həbs edilməsi gözlənilmir.
“Binanın fasadlarının üzlənməsində məsul olan şəxslər var. Artıq bir neçə nəfər həbs edilib Həbs edilənlər arasında icra hakimiyyətinin şöbə müdiri Ədalət Şükürov da var. Təbii ki, bu həbslərlə bağlı Xaləddin İsgəndərova sual ünvanlana bilər. Bu, təbiidir. Sualların ünvanlanacağı birinci yer icra hakimiyyətidir. Suallar da sənədlərlə bağlıdır. Amma təbii ki, qanun nəyi deyəcəksə. o da olacaq”-deyə N.Allahyarova bildirib.
Qeyd edək ki, may ayının 19-da Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binada baş verən dəhşətli yanğında 15 nəfər dünyasını dəyişib, 50-dən çox insan yaralanıb. Açılan cinayət işi üzrə 6 nəfər həbs olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?