Zavod direktorunun adını çəkənlər hədələnir və işdən kənarlaşdırılır
Ağsu rayonunda yerləşən “Az-Granata” MMC – nin şirə və şərab emalı zavodunda istehsal olunan məhsulların insan həyatı üçün yaratdığı təhlükədən bəhs etmişdik. Zavod rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı Realliq.info – da dərc olunan yazıdan sonra redaksiyamıza müraciət edənlərin sayı çoxalıb. Vətəndaşların zavod rəhbərliyi tərəfindən aldadılmasından, vergi mənimsəmələrindən, torpaqların qanunsuz zəbt edilməsindən bəhs olunan müraciətdə qeyd olunan faktlar hazırda əməkdaşlarımız tərəfindən araşdırılır.
Bu yazıda biz “Az-Granata”MMC-nın şirə və spirtli içkilər istehsal edən zavodunda işçilərin hüquqlarının pozulması ilə bağlı faktlara yer verəcəyik. Ilk öncə qeyd edək ki, “Az-Granata” MMC – yə qeyri rəsmi rəhbərlik edən şəxs Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Mikayıl İsmayıliovdur. Məhz bu şəxsin qərarları və qanunlara hörmətsizliyi nəticəsində zavod rəhbərliyi sadə vətəndaşların torpaq sahələrini zəbt edib. gundemxeber.az Realliq.info-ya istinadən bildirir ki, araşdırmalardan məlum olur ki, zavodun rəhbəri Nazim Babayev Mikayıl İsmayılovun dayısı oğludur. Ağzuda yerləşən “Rabitəbank” filalı və Ağsu rayon poçtuna da İsmayılovlar rəhbərlik edir. SOCAR vitse-prezidenti öz qohumlarını vəzifələrə təyin etməsi rayonda adi hal alıb. İxtisası və peşəsi uygun olmasa belə Mikayıl müəllimin qohumu olanların təyinatına sorğu-sual edilməz və əngəl yaradıla bilməz.
“Az-Granata” MMC- nin şirə və spirtli içkilər istehsal edən zavoduna da Nazim Babayevin təyinatı sadəcə qohumluq münasibətlərinə əsaslanıb. N.Babayevin bu sahədə mütəxəssis olmaması zavodun fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olub.
Zavodda istehsal olunan məhsulların keyfiyyətinin aşağı olması barədə qeyd olunanlar təbii ki, hər bir aidiyyatı qurumu narahat etməlidir. Bu məsələnin araşdırılacağına və tədbir görüləcəyinə inamımız az da olsa var. Araşdırmalar zamanı ortaya çıxan faktlardan biri isə “AZ-Granata”MMC-də işçilərin qanunla nəzərdə tutulan hüquqlarına məhəl qoyulmamasıdır. Belə ki, MMC- nin şirə və spirtli içkilər istehsal edən zavodunda çalışanların əksəri ilə işçi müqavilələri bağlanmayıb. Qanunsuz yolla insanların əməyini istismar edən zavod rəhbərliyi müqaviləsiz işlətdiyi şəxsləri heç bir əsas göstərmədən işdən azad edir. Hər 100 işçidən 70 – inin müqaviləsiz işlədiyi zavodda direktorun özəl qaydalarına etiraz etmək olmaz. Hələ bu bir yana, zavodun rəhbəri Nazim Babayevin tapşırığı ilə onun gözünə görünmək olmaz. Hətta ona salam verən işçilər dərhal işdən qovulur.
Zavod rəhbərinin tapşırığı ilə “Ləzgi” millətindən olanlara xüsusi diqqət göstərilir. Bu barədə növbəti yazıda ətraflı məlumat verəcəyik. Zavodda müqaviləsiz işləyən işçilərin əmək haqqları rəsmi sənədlərdə qeyd olunmur. Bununla da hər ay dövlətdən minlərlə vəsait oğurlanaraq mənimsənilir. “Az-Granata” MMC – nin şirə və şərab emalı zavodunda etik davranışlar da ən kobud şəklidə pozulmaqdadır. İnsanlarla rəftara nəzər yetirəndə məlum olur ki, Mikayıl İsmayılovun qohumları ali hüquqlara belə sayğı göstərmirlər.
Zavod rəhbəri Nazim Babayevin qohumuna arxalanaraq onlarla insanı müqaviləsiz işlətməsi Ərazi üzrə aidiyyatı qurumların diqqətindən yayınmır. Lakin Mikayıl İsmayılovun nəzarətində olan zavodda rəhbər işçilərlə qanunun dili ilə danışmaq Dövlət orqanlarını qorxudur. Digər maraqlı bir fakt isə zavodun işçi kollektivinə olunan qadağalarla bağlıdır. Belə ki, zavodda çalışan işçilər heç bir halda rəhbərliyə söz deyə bilməz. Nazim müəllim nə xahişləri nə də ki, şikayətləri dinləmir. Şikayət edənlər və ya adi halda narazılıq bildirənlər dərhal işdən qovulur. Direktorun fəaliyyəti ilə bağlı danışmaq da qadağandır. əgər kimsə rəhbərliyin adını çəksə əmək haqqından məhrum edilir. Bununla yanaşı Mikayıl İsmayılovun qohumları tərəfindən hədələnərək təhqir edilirlər.
Yazıdakı faktlara münasibət öyrənmək üçün zavod rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq. Mövzuya qayıdacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?