Bir neçə gündür ki, Qəmbərli Babaəli Atamoğlan oğlu 15 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir və bu onun ikinci aclıq aksiyasıdır
Son illər tam əksəriyyətin ittiham etdiyi qurumlardan biri də, hüquq-mühafizə orqanlarının istintaq idarələridir. Çünki, adı çəkilən qurumlarda başlanan və istintaqı aparılan bir çox işlər, əksər hallarda hansısa maraqlar, sifarişlər əsasında həyata keçirilir. Bu da çoxsaylı sakinlərin heç bir əsas olmadan həbsə atılmalarına, minbir əzab-əziyyətlə üz-üzə qalmalarına, olmazın oyunlara salınmalarına və s. səbəb olur. Bu günlərdə Bakı şəhəri, Nəsimi rayonu Əbilov küçəsi-75 ünvanda yaşayan Cabbarova Ziba Baloğlan qızının “Gündəm Xəbər”ə ünvanladığı müraciətdə, vaxtilə bitərfli mövqe tutmuş və ədalətsiz istintaq işləri həyata keçirmiş Nəsimi rayon Polis İdarəsinin istintaq idarəsi “top atəşi”nə tutulur. Xanım şikayətçi ünvanladığı müraciətində qeyd edir ki, “vaxtilə Bakı şəhəri, Nəsimi rayonu Əbilov küçəsi-75 ünvanda babamız Atamoğlan Qəmbərova məxsus mülk var idi. Bir neçə il bundan əvvəl babamızdan bizə miras qalmış paylı mülkiyyəti bölmək məqsədilə Nəsimi rayon Məhkəməsinə müraciət etdik. Keçirilən məhkəmə prosesi zamanı mənim xeyrimə qərar çıxarıldı və biz məhkəmənin çıxarmış olduğu qərar əsasında verilmiş evə köçdük. Çox keçmədi ki, Nəsimi rayon Məhkəməsinin belə bir qərarından razı qalmayan ögey əmimiz Akimov Eyvaz Sadıq oğlu, bizə verilmiş evdən qardaşım Qəmbərli Atamoğlan Baloğlan oğlunun çıxarılması üçün Nəsimi rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etdi. Qardaşım Atamoğlan Qəmbərlinin həmin evə qeydiyyatı olmasa da, ögey əmim belə bir əsassız tələblə çıxış etdi. Onu da bildirim ki, bizim xeyrimizə çıxarılmış məhkəmə qərarı həmin vaxtlarda qardaşımla ögey əmim arasında qarşıdurmanın əmələ gəlməsinə də səbəb oldu. Çox keçmədi ki, Eyvaz Akimov Nəsimi rayon Məhkəməsinin çıxarmış olduğu qərarı saya salmadı və məcburi şəkildə bizə məxsus evə daxil oldu. Hətta, o, üstündə gəzdirdiyi tapançası ilə bizə hədə-qorxu gəlib “kim bura gələrsə dərhal güllələyəcəyəm” deməkdən də çəkinmədi. Onu da vurğulayım ki, ögey əmimlə aramızda yaşanan problemlərə qardaşım oğlu Babaəli Qəmbərli heç zaman qarışmırdı. O, bu işlərə o zaman qarışdı ki, ögey əmim qohum-əqrəbamızın çoxunu, hətta onları da ailəlikcə polisə vermişdi. Eyvaz Akimov qardaşım oğlu ilə eyni həyətdə yaşadığından daim ona “mən sizi evinizdən çıxartdım, sizi poisə verdim, bu gün birinizin kişiliyi varsa qarşıma çıxın, o halda hər birinizi güllələyib qətlə yetirəcəyəm” deyir. Həmin günlərdə qardaşım oğlu ilə ögey əmim arasında qarşıdurma daha da dərinləşir və Eyvaz Akimov onu üstündə gəzdirdiyi tapança ilə vurmaq istədikdə, ilk əvvəl Babaəli Qəmbərli özünü müdafiə edir. Son anda məcburiyyət qarşısında qalıb, onu evindəki ov tüfəngi ilə vurub qətlə yetirir. Çox keçmir ki, hadisə yerinə müəyyən istintaq qrupu gəlir, bəzi çəkilişlər həyata keçirilir və Eyvaz Akimova məxsus tapança maddi sübut olaraq götürürlür. Təəssüflər olsun ki, aparılan istintaq araşdırmaları zamanı ögey əmimə məxsus tapançanın olması, onun qardaşım oğlunu öldürməyə cəhd etməsi faktı və s. toplanmış iş materiallarından çıxarılır. Bundan əlavə, aparılan istintaq araşdırmaları zamanı qardaşım oğlunun həmin anlarda özünü müdafiə etməsi faktı da əsas götürülmür. Çox keçmir ki, baş verən ölüm hadisəsinə Babaəli Qəmbərlinin atası Atamoğlan Qəmbərli də cəlb olundu. Guya o, əvvəllər “mənim oğluma bir kimsə xəsarət yetirərsə, o halda hər birinizi məhv edəcəyəm” deyib. Əslində baş verənlər heç də belə olmayıb. Hal-hazırda Nəsimi rayon Məhkəməsinin qərarı ilə mənə verilmiş evdə, ögey əmimin ailə üzvləri yaşayırlar. Onlar da Eyvaz Akimovun vaxtilə Nəsimi rayon Məhkəməsinə vermiş olduğu başqa bir iddia tələbi əsasında çıxarılmış məhkəmə qərarını əsas tutaraq, bu gün də evimdən çıxmırlar. Belə bir olayların əmələ gəlməsində, ölüm faktının baş verməsində birbaşa Nəsimi rayon Məhkəməsinin hakimi günahkardır. Çünki, adı çəkilən rayon məhkəməsinin hakimi qardaşım Atamoğlan Qəmbərlinin bizim evə qeydiyyatının olmadığını əsas götürməmiş və ögey əmimizin iddia tələbi əsasında əsassız məhkəmə qətnaməsi çıxarmışdır ki, bu da tərəflər arasında qarşıdurmanın əmələ gəlməsində əsas səbəb oldu. Digər tərəfdən onu da vurğulayım ki, aparılan istintaq araşdırmaları nəticəsində qardaşım oğlu Babaəli Qəmbərli Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.11, 182.3.2, 182.3.3, 228.1, 120.2.4, 120.2.11, 182.3.2, 182.3.3 və 228.1 maddələri ilə əsassız şəkildə ittiham olundu və 2012-ci ilin təqribən yanvar-fevral aylarında Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə o, 15 il müddətinə, atası Atamoğlan Qəmbərli isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görüldü. Bu gün Babaəli Qəmbərli 15 saylı cəzaçəkmə müəssisəsində, Atamoğlan Qəmbərli isə 12 saylı cəzaçəkmə müəssisəsində cəzalarını çəkməkdədirlər. Onu da vurğulayım ki, istər qardaşım oğlu, istərsə də onun atası ilə bağlı istintaq araşdırmaları aparılan zaman əsl həqiqətlər aşkara çıxarılmadı, bir çox hallar nəzərə alınmadı və belə bir səbəb üzündən də, onların hər ikisi ağır cəzaya məhkum edildilər. Belə bir səbəblər üzündən də bir neçə gündür ki, Qəmbərli Babaəli Atamoğlan oğlu 15 saylı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir ki, bu artıq onun ikinci aclıq aksiyasıdır. Babaəli Qəmbərlinin belə bir addımını atmasına, öncədən vurğuladığım kimi istər onun özünün, istərsə də atasının əsassız şəkildə ağır cəzaya məhkum edilmələridir”. Bəli, qeyd olunanlar bir daha təsdiq edir ki, aparılan istintaq işləri zamanı baş verən hadisələr lazımınca araşdırılmalı idi, maddi sübutlar və problemlərin əmələ gəlməsinə səbəb olan amillərin varlığı da əsas götürülməli idi. Amma, Ziba xanım Cabbarovanın iddiasına görə belə bir hallar baş vermədiyindən və digər səbəblər üzündən, Babəli Qəmbərli 15 il müddətinə, atası Atamoğlan Qəmbərli isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına layiq görülür. Belə bir addımın atılması da, birbaşa hər iki şəxsin Konstitusion hüquqlarının tapdaqlar altına atılması demək olur. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?