Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov haqda tez-tez müxtəlif iddialar səslənir.
Onun müxtəlif dairələr tərəfindən himayə olunması və nazirlikdə yüksək vəzifədə saxlanmasında da həmin qüvvələrin siyasi təsirlərinin olduğu vurğulanır. Xüsusən də Rusiyanın hərbi-siyasi kluarlarında N.Sadıqovun ciddi əlaqələrə malik olması barədə fikirlər bildirilir. Ona Dağıstanın Milli Qəhrəmanı adı verilməsi və Dərbənddə adına küçə olması bu iddiaları gücləndirir. Nəcməddin Sadıkovun adı ilə bağlı baş verənlər cəmiyyəti zaman-zaman çox təəccübləndirib. Onun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Demək ki, büstün qoyulmasının səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. Bəzi hərbçi ekspertlər də vaxtaşırı belə bir iddia səsləndirirdilər ki, ona Dağıstanda büst qoyulması, adına küçə olması, Milli Qəhrəman adı verilməsi Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunarkən generalın Rusiyanın strateji maraqlarına uyğun mövqe tutması olub. Elə “Gündəm-Xəbər”in redaksiyasına da son vaxtlar Qarabağ müharibəsi veteranları və şəhid ailələri tərəfindən müraciətlər olur, N.Sadıqovun fəaliyyəti barədə müxtəlif məlumatlar verirlər. Onlardan biri - Qarabağ müharibəsi veteranı (adı və soyadı redaksiyamıza məlumdur - red) N.Sadıqov barədə qəzetimizə göndərdiyi məlumatlar maraqlı olduğu üçün nəzərinizə çatdırırıq. Qarabağ müharibəsi veteranı qeyd edir ki, 1994-cü ilin 5-10 aralığında Kəlbəcəri geri qaytarmaq üçün başlanan hərbi əməliyyatlar N.Sadıqov kimi generalların ucbatından fiaskoya uğrayıb.
Onun sözlərinə görə, həmin ərəfədə Murovdağ ərazisində yerləşən tibb məntəqəsində ( samçastda) olan 7-8 nəfər ağır yaralının iniltisini (zarıltısını) eşidib. Sitat: “Nəcməddin Sadıqov həkimə deyirdi ki, nə vaxt ağır yaralı 10 nəfər əsgər olsa, onda icazə verərəm təcili yardım maşını onları hospitala aparsın. Bu hadisə generalın fəaliyyətini tamamilə ifadə edir. Ona görə də yaralıların bəziləri vaxtında lazımi səviyyədə tibbi yardım almadılar, dünyasını dəyişdilər. O cür mərd uşaqlarımız getdilər. Amma bu gün də o generalı müdafiə edən qüvvələr var. Ona görə də öz işini davam etdirir və özünü toxunulmaz general hesab edir”. Redaksiyamıza verilən məlumata görə, başqa bir hadisə 90-cı illərin ortalarında yaşanıb: “Hardasa, 1994-96-cı illər olardı. O vaxt MTN-də İstintaq İdarəsinin rəisi olan polkovnik Rüfət Mansurov ciddi əməliyyat həyata keçirmişdir. Mansurov Dağıstanın “Sadval” terror təşkilatına hərbi silah-sursat aparan bir neçə yük maşınını saxlatmış və həbs etmişdi. O dövrdə belə iddialar var idi ki, MTN-nin polkovniki araşdırma aparıb və həmin maşınların yola düşməsində Azərbaycan Müdafiə Nazirliyində müəyyən adamların boşluğa yol verdiyini təsbit edib. Hətta iddialardan biri beləydi ki, Nəcməddin Sadıqov bu hala ya göz yumub ya da səhlənkarlıq edibmiş. Hər halda general haqda xoşagəlməz məlumatlar var idi və bu gün onların araşdırılmasına zərurət var”.
Məlumat bazar günü axşam saatlarında gəldiyi üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin mövqeyini öyrənmək mümkün olmadı. Nazirliyi dinləməyə hazırıq.
Bəhlul Orucoğlu Qarabağ müharibəsi veteranı, ehtiyyatda olan ədliyyə -mayoru
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?