Nəcməddin Sadıqov qəhrəmandır, yoxsa...Hələlik N.Sadıqovun səslənən ittihamlara reaksiya verməməsi digər məlumatların da mətbuatda yer almasına səbəb olub. Ancaq qəribəsi odur ki, N.Sadıqova münasibətdə kəskin fərqlənən iki mövqe var
Bəzi qisim insanlar onun keçmiş xidmətlərini qiymətləndirərək tənqidi mülahizələrə qarşı çıxır, digərləri isə tamam fərqli yanaşma sərgiləyirlər. Konkretləşdirsək, N.Sadıqovu qəhrəman sayan da var, xəyanətkar hesab edən də.
Hərbi ekspert Üzeyir Cəfərov tənqidçilərdəndir: “Dünəninə görə çox sağ olsun, bu günündən danışmaq lazımdır. Bu adam 20 ildir Baş Qərargah rəisi, müdafiə nazirinin 1-ci müavini vəzifəsini tutur. O adam, ümumiyyətlə, Azərbaycan zabitlərinə həmişə yuxarıdan aşağı baxıb. Onu tərifləyən adamlardan soruşmaq lazımdır ki, bir baxıb görsün Sadıqov ünsiyyətdə olduğu adamlarla hansı dildə danışır? Əgər yabançı dildə danışması onlara xoşdursa, gedib ona heykəl qoysunlar, necə ki, Dağıstanda qoyublar. Nəcməddin Sadıqovu tərifləyən adamlar bir məsələyə aydınlıq gətirsinlər ki, necə olub Azərbaycan müdafiə nazirinin 1-ci müavini Dağıstanın Milli Qəhrəmanı adına layiq görülüb? 20 il Azərbaycanda oturan adama Dağıstanda heç bir fəaliyyəti olmadığı halda hansı xidmətlərinə görə Milli Qəhrəman adı verilib, bu məsələyə aydınlıq gətirilməlidir.
Kim ki, onu tərifləyir, Sadıqovdan yaxşı bəhrələnən adamlardır. Bu gün həmin adamlar sual versinlər ki, onun ətrafında olan Elxan Məcidov nəyin müqabilində ləğv olunan hərbi hissələrdən, ləğv olunmuş MİS-lərdən kimləri vəzifələrə təyin edir, ondan danışsınlar”. Ü.Cəfərov bildirdi ki, N.Sadıqovu çoxları tərifləyə bilər: “Amma zabitləri təhqir edən, onlarla çox ağır sözlərlə danışan Sadıqov kimi ikinci bir şəxsi tanımıram. Düzdür, mənə qarşı da eyni hərəkəti etməyə cəhd göstərib, amma cavabını vermişəm. Biz onu döyüşdə, Ağdərədə görmüşük ki, Azərbaycan əsgərlərini necə söyə-söyə Kəlbəcərə tərəf yönləndirir. Amma mən hesab edirəm ki, Zakir Həsənovun ən böyük səhvlərindən biri odur ki, bu gün o, prezident qarşısında Nəcməddin Sadıqovun postundan uzaqlaşdırılması məsələsini qoymur. Bu adam orduya ən böyük zərbəni vuran şəxsdir. O, vaxtilə Səfər Əbiyevdən çəkinirdisə, bu gün əlinə gözəl şanslar düşüb, yeni hərbi hissələr yaradır, çağırışla bağlı oyunlardan çıxır. Qoy bu məsələlərə aydınlıq gətirsinlər”.
Hərbçi ekspert N.Sadıqovun keçmiş xidmətlərinin qabardılmasını düzgün saymır: “Nə olsun, mənim də xidmətlərim olub. Bu gün dövlət heç mənə müharibədə iştirak etdiyimə görə 11 manat pul da vermir. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Qarabağ müharibəsi iştirakçılarından danışır. Yaxşı, Qarabağ müharibəsi iştirakçılarından biri kimi niyə mənim haqqımı vermirlər, amma Nəcməddin Sadıqov heç bir xidmətləri olmadığı halda general-polkovnik rütbəsi daşıyır? Mən bu yaxınlarda onun saxta yolla əldə etdiyi torpaq sahələri ilə bağlı rəsmi sənədləri də mətbuata verəcəyəm. Qoy Azərbaycan xalqı qiymət versin ki, bu adam Azərbaycan Silahlı Qüvvələrini belə sevən adamdırsa, niyə oğlunu aparıb Vergi Departamentində çalışdırır? Onun oğlu hansı xidmətlərinə görə Vergi Departamentinin rəis müavini vəzifəsinə qoyulub? Sadıqov unutmamalıdır ki, onun övladlarının çoxunun adı Mingəçevirdəki hərbi hissədə gedib, ancaq onlar faktiki olaraq heç xidmətdə də olmayıblar. Sadəcə, bu adam ölkə rəhbərliyi ilə qohumluq əlaqələrindən istifadə edib fironluq edir, amma yəqin ki, onun da zamanı yetişəcək”.
Respublikanın sabiq baş hərbi komissarı, deputat Əliağa Hüseynov isə N.Sadıqovla bağlı yüksək fikirlər söylədi: “Nəcməddin Sadıqov həm ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparan, həm ərazi bütövlüyümüz uğrunda döyüşmüş, dövlətimizi, xalqımızı istəyən bir şəxsdir”. Ə.Hüseynov N.Sadıqovun Dağıstanın Milli Qəhrəmanı adını daşımasında hər hansı problem görmədiyini vurğuladı: “Dağıstanın xalq artisti olmaq olar, Milli Qəhrəmanı olmaq olmaz? Dağıstanın da əksər əhalisini azərbaycanlılar təşkil edir, bizim tarixi keçmişimiz də birdir, orda qəbirlərimiz var”. Ə.Hüseynov qeyd etdi ki, hərbi komissar vəzifəsində işlədiyi dönəmdə N.Sadıqovun fəaliyyətindən razı qalıb: “Biz çiyin-çiyinə çalışmışıq, işləmişik, ordunun komplektləşdirilməsində birgə səy göstərmişik. İnanıram ki, yeni nazirimiz Zakir Həsənovla baş-başa verib ordumuzu daha da gücləndirəcəklər”.
Sabiq komissar N.Sadıqovun Azərbaycan dilini bilməməsini də qüsur saymır: “Azərbaycan xalqını başa düşmək lazımdır, dildə çaşmaq olar. Ürəkdən azərbaycanlı olmaq lazımdır. Nəcməddin Sadıqov Azərbaycan ordusuna ürəkdən xidmət edir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?