Təqsirləndirilən şəxslərin vəkilləri çıxışında müvəkkillərinin günahsız olduğunu və barəsində bəraət hökmünün çəxarılmasını istəyiblər.
Elçin Quliyevin vəkili müdafiə nitqində müvəkkilinin mülklərinin üzərinə qoyulmuş həbsin götürülməsini istəyib. Zərərçəkmişlərin bildirdiyinə görə, E.Quliyev məhkəmədə səs-küy salaraq, günahsız olduğunu bildirib. O, çıxışa hazır olmadığını və məhkəmədən vaxt istəyib. Zərərçəkmiş Mətləb Mustafayev "Report"a açıqlamasında bildirib ki, E.Quliyev çıxışında qeyd edib ki, o,(Mətləb Mustafayev) sabiq nazir Eldar Mahmudovun sifarişi ilə həbs edilib. Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.
****
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə bütün zərərçəkmişlər və onların nümayəndələri çıxış ediblər. Onlar mülki iddialarının təmin edilməsini istəyiblər. Zərərçəkmiş Xaliq Sadıqovun vəkili Adəm Məmmədov çıxışında müvəkkilinin mülki iddiasının təmin olunmasını tələb etdib. O, həmçinin prokurorun təqsirləndirilən şəxslərə istədiyi cəza ilə razı olduğunu bildirib. A.Məmmədov qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı 300 min manatlıq mülki iddiaları var. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışlarına başlayıb. Hazırda məhkəmə iclası davam etdirilir. Xatırladaq k, prokuror çıxışında E.Quliyevin 15 il, A.Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib. Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləbdirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib. gundemxeber.az report-a istinadla bildirir ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar. Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?