İranda 1946-cı ildə Pəhləvi rejimi Cənubi Azərbaycanı işğal etmək məqsədilə hücuma keçəndə yerli əhaliyə, Azərbaycan Demokrat Firqəsinin və Milli Hökumətin öz şəhərlərini tərk etməyən rəsmiləri və məmurlarına qarşı soyqırım törədib. Törədilən soyqırım planlı şəkildə həm İran ordusu, həm də Pəhləvi rejiminə bağlı olan mülki geyimli jandarmlar, eləc də rejimə bağlı mülkədarların İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələri tərəfindən həyata keçirilib.
Tehran rejimi, hələ Azərbaycanda Milli Demokratik Hərəkat formalaşıb, Cənubi Azərbaycanı fars rejimindən azad etdiyi gündən Azərbaycan milli qüvvələrinə qarşı sivil müharibədən uzaq, iyrənc mübarizə üsuluna əl atırdı. Bunlar da hələ ilk günlərdən azərbaycanlıların kütləvi soyqırımı yolu haqlı mübarizəsini boğmağa xidmət edirdi. Həmin üsullardan biri yerli əhalinin dini inanclarından azərbaycanlı qüvvələrə qarşı istifadə etmək idi. Belə ki, Pəhləvi rejimi özünə bağlı molla və müctəhidlərdən, o cümlədən Mirxas Ərdəbili, Mirmənsur Mənsuri və s. mənfur ruhanilərdən Azərbaycan Milli Hərəkatına və onun qüvvələrinə, yəni əslində Azərbaycana qarşı mühakimə olmadan, görən kimi yerində öldürmə fitvası və bəyanatları çıxardılar. Bu da müharibə olmadan çox sayda azərbaycanlının İran dövlətinə bağlı silahlı dəstələr, cinayətkarlar və İran ordusu tərəfindən soyqırıma məruz qalmasında şirnikdirici amil kimi çıxış etdi. (1, s. 117)
İran dövlətinin Azərbaycanın işğalı və soyqırım törətməkdə istifadə etdiyi digər iyrənc taktika, işğal və soyqırımda özünə bağlı Azərbaycan mənşəli qüvvələr, mülkədarlar və cinayətkarları səfərbər edib, döyüşə hazırlaması idi. Pəhləvi rejimi bu yolla törətdiyi cinayət, soyqırım və işğalı azərbaycanlıların adına yazdırmaq istəmişdir. Ona görə də Azərbaycana hücuma keçən İran ordusundan öncə və ordunun qarşısında rejimin təşkilatlandırığı mülkədarlar silahlı dəstələri, mülki geyimli polis və jandarm qüvvələri hərəkət edirdilər. Bundan əlavə İran dövləti törədəcəkləri soyqırımı azərbaycanlıların özünün boynuna yıxmaq üçün Azərbaycana hücum edən İran ordusuna özlərinə bağlı əslən azərbaycanlı komandanlar (Polkovnik Haşimi) təyin edirdilər. Azərbaycana hücum edən İran ordusunun komandan müavini, polkovnik Zəngənənin xatirələrində də bu məsələ açıq şəkildə etiraf edilir. (4, s. 159-160)
Tehran radiosu və qəzetləri isə İran dövlətinin soyqırım törətmək məqsədilə təşkilatlandırdığı və eləcə də dövlətin mülki geyimli zabitləri və jandarmlarının komandanlıq etdiyi silahlı dəstələri “İran vətənsevərləri” adlandırırdı. Bunların əsas funksiyası təşkilatlandırılan mülkədarların dəstələri ilə birlikdə Azərbaycanı demokratlardan təmizləmək və “şahın qalib ordusu”na möhtəşəm qarşılama şəraiti yaratmaq idi. Təbriz və Azərbaycanın digər şəhərlərində sözün əsil mənasında qətl-qarət və soyqırım beləcə başlandı. (2, s. 254) Lakin bütün soyqırım və cinayətlər İran şahı Məhəmmədrza Pəhləvinin göstərişi ilə planlı şəkildə həyata keçirildi. (3, s. 55)
Eyni zamanda İran dövləti əlaltılarını təşkilatlandırıb Azərbaycana göndərəndən sonra Tehran radiosu vasitəsilə İran ordsunun Azərbaycana doğru hərəkət etdiyini bildirib, davamlı müraciətlə firqə üzvlərini, Milli Hökumətin qurulmasında rolu olanları, azərbaycançı qüvvələri və onların yaxınlarını cəzalandırmağa və kütləvi şəkildə məhv etməyə səsləyirdi. (5, s.788-789) Bu da Pəhləvi rejiminin günahsız azərbaycanlıların soyqırımı məqsədilə yetişdirib Azərbaycana göndərdiyi silahlı şəxslərlə yanaşı, hər zaman fürsət axtaran cinayətkarları da günahsız əhalini qətliam edib, var-yoxunu talamağa sövq etdi. İran dövləti Cənubi Azərbaycanda təşkilatlandırdıqları dəstələrin təxribatlar və soyqırım törətməsi və casusluğu üçün bir milyon iki yüz əlli min tümən pul da ayrılıb xərcəlmişdi. (6, s. 113)
1946-1947-ci illər arası Cənubi Azərbaycanda İran dövlətinin ordusunun, mülki geyimli jandarmlarının, eləcə də həmin dövlətin təşkilatlandırdığı özünə bağlı mülkədarların və əlaltılarının silahlı dəstələrinin Cənubi Azərbaycanda kütləvi şəkildə törətdikləri qətliamın forması, planlı olması, eləcə də firqə tərəfdarları və günahsız əhalinin mühakiməsiz kütləvi qətliam yolu ilə məhv edilməsi soyqırım konvensiyasının bütün maddələrinə uyğun gəlir və kütləvi soyqırımın olduğunu təsdiqləyir. (7)
İran dövləti və təşkilatlandırdığı silahlı dəstələrin Cənubi Azərbaycanda törətdiyi ilk soyqırım halı Zəncan şəhəri və vilayətində baş verdi. Bu vilayət Azərbaycan Milli Hökuməti ilə Tehran arasında anlaşmaya əsasında İrana verilirdi və hər növ qırığının olmaması üçün də İran dövləti ilə müqavilə bağlanmışdı. Razılığa görə Tehran rejiminin yalnız 300 jandarmı bu bölgəyə daxil ola bilərdi. Lakin Zəncan fədailərdən boşaldılan kimi top, tank və zirehli texnika ilə təchiz edilən İran ordusu, eləcə də onlarla birlikdə İran dövlətinin təşkilatlandırıb silahlandırdığı silahlı cinayətkar dəstələri şəhərə daxil oldu. (8, s 120) Pəhləvi rejimi həmçinin dünya ictimaiyyətini aldatmaq və qırğın törətmək məqsədilə taxıl qatarına silah, top, hərbi texnika və hərbçiləri doldurub Zəncana göndərmişdi. Həmin qüvvə və texnika ilə Azərbaycan Milli Hökuməti ilə anlaşmaların əksinə olaraq günahsız əhalini soyqırıma məruz qoydular. Halbuki, Pişəvərinin dediyi kimi demokratlar qardaş qırğının olmaması üçün belə böyük güzəştə getmişdilər.
İran ordusu və onun silahlı himayədarları, o cümlədən Zülfiqarı və s. mülkədarların şah rejimi tərəfindən təşkilatlanmış silahlı dəstələri Pəhləvi rejiminin göstərişi ilə Zəncanda hətta südəmər uşaqlara belə rəhm etməyib, öldürəndən sonra onların cəsədlərini futbol topu kimi təpiklə bir-birlərinə vururdular. Zəncana daxil olan İran dövlətinin təşkilatlandırdığı silahlı tərəfdarları və İran ordusu Zəncanda ən azından 200 evi taladılar. Zəncanın yaxınlığında yerləşən və əhalisinin əksəri fədai sıralarında iştirak edən Dizəc, Tarım, Qaraboşlu və s. kəndlər də dağıdılıb yandırıldı. (9, s. 139) İran qüvvələri tərəfindən əhalinin evlərinın talanı o qədər vəhşicəsinə həyata keçirilirdi ki, talanan xalıların birinin qatında südəmər uşaq qalaraq, boğulub ölmüşdü. Südəmər uşağın xalça qatında qalıb ölməsi isə daha sonralar xalının qatı açılanda məlum olmuşdu. (8, s.121)
İran ordusu və jandarmları günahsız azərbaycanlılara qarşı hədsiz qəddarlıq göstərmişlər. Jandarmlar Zəncanda 21 yaşlı azərbaycanlı qızı soyundurub, küçədə gəzdirmişdilər. Namusunu qorumaq istəyən qız müqavimət göstərərkən, yorğunluqdan yerə oturanda isə onu biçaqlaya-biçaqlaya saçından yapışıb qaldırır, yenidən yeriməyə vadar edirdilər. (8, s.122-123)
Mərkəzi hakimiyyətə satılmayan ruhanilər və din xadimləri də İran ordusu və jandarması, eləcə də İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr tərəfindən vəhşicəsinə qətliam edildilər. Zəncanda ruhanilərdən Məhəmmədəli Ali İshaq, Şeyx Məhəmmədəli qətlə yetirildi. (9, s. 139)
Zəncanda günahsız əhali soyqırım və təzyiqlərə məruz qaldığı üçün canlarının qurtaran əhalinin bir qismi şəhəri tərk edib öz diyarından didərgin düşdü. Bir qrup tutularaq edam edildi, digər bir qrup isə uzun müddətli həbs və sürgünə məruz qaldı.
Azərbaycan Milli Hökuməti ilə İran dövləti arasında Zəncanın təhvil verilməsi ilə münaqişənin dayandırılmasına dair anlaşma olsa da, Tehran rejimi özünün və ABŞ-a məxsus köməyə gələn təyyarələrlə Azərbaycana hücuma keçib bombardman etdi. Daha sonra isə quru qüvvələri hücuma keçdi və onlarla birlikdə və Tehran hakimiyyətinin təşkilatlandırdığı Zülfiqari və s. mülkədarların silahlıları Miyana şəhərinə hücum etdilər. Onlar burada da əhalini qətliam edib, var-yoxunu taladılar. Burada da günahsız əhalidən çoxu tutularaq edam və həbslərə məruz qaldı. Miyana ilə yanaşı Kağızkonan da işğal edilib talandı, əhali isə qətliama və həbslərə məruz qaldı. (8, .s 146-148)
Azərbaycan Milli Hökumətinin başçıları hər növ qırğın və soyqırımın qarşısının alınması üçün Cənubi Azərbaycana daxil olmaqda olan İran ordusu ilə münaqişəni dayandırmağı elan etmişdilər. Hətta bununla bağlı Azərbaycanın valisi dr. Səlamullah Cavid və Azərbaycan Əyalət Əncüməninin rəisi Hacı Mirzə Əli Şəbistəri tərəfindən İranın baş naziri Qəvvamüssəltənəyə göndərilən teleqramlarda İran ordusuna heç bir müqavimətin göstərilməyəcəyi və İran ordusunun təhlükəsizliyinin təmin ediləcəyi bildirilmişdi. Eyni zamanda S.Cavid və M.Şəbistəri Təbrizdən Basmınca gedərək Təbrizə doğru gələn İran ordusunu qarşıladılar. Hətta “S.Cavid silahlı dəstələrin qırğınının qarşısını almaq üçün Təbrizin 63 km-liyində yerləşən Bostanabadda Azərbaycana hücuma keçən İran ordusunun komandanı briqada generalı Haşiminin görüşünə getdi”. (2, s. 254) Lakin İran dövlətinin məqsədinin təşkilatlandırdığı silhalı dəstələr vasitəsilə geniş miqyaslı soyqırım törətmək olduğu üçün, ordunun Cənubi Azərbaycanınn mərkəzi və ümumiyyətlə içərilərinə irəliləməsi bir neçə gün gecikdirildi. Bu məqsədi başa düşən S.Cavid öz xatirələrində yazır: “Azərin 21-də axşam saat 14-də mən və Şəbüstəri Bostanabadda gəldik. General Haşimi bir neçə saata qoşunun Təbrizə çatacağına bizi arxayın etdi. Bir gün də keçdi, qoşun gəlib çıxmadı. Mən sonra yəqin etdim ki, bu gecikmə ilə əvvəlcədən hazırlanmış plan əsasında dövlətin əli ilə təlim və təminat almış quldurlar qoşun gələnək demokratların axırına çıxmalıymış. Qoşun isə Azərbaycandakı millət davasına son qoyan “xilasedici” qüvvə kimi ictimaiyyətə və dünyaya tanıtdırmalıymış. Artıq 48 saatdan çox idi mən valilikdə, Təbriz küçələrində, xoşagəlməz hadisələrin baş alıb getdiyi qaynar nöqtələrdə əlimdən gələni edirdim ki, qırğın, talan, zorakılıq miqyasını genişləndirilməsin. O günləri yadıma salanda indi də kövrəlirəm, sarsılıram. 22 azərdə mən təkrar Bostanabada getdim, vəziyyəti qoşun başçılarına danışdım. Yenə general Haşimi məni arxayın edib yola saldı. Təkrar Qəvama teleqram etdim, qoşunun günasız adamların dadına çatmasını, tez gəlməsini xahiş etdim”. (10, s. 90) Lakin hadisələrin gedişatı göstərdi ki, İran dövlətinin planı təşkilatlandırıb, Azərbaycana göndərdiyi silahlı dəstələr vasitəsilə burada soyqırım törətmək olduğu üçün bu teleqramlar heç bir nəticə vermədi. Əslində “mərkəzi hökumətin qoşunu Təbrizə daxil olmağa qəsdən tələsməmişdi. Bu gecikmənin əsas məqsədi əvvəlcədən öyrədilib Azərbaycana göndərilmiş şahpərəstlərin, xüsusi təlim almış banda dəstələrinin burada vətəndaş qırğını salmaq, talanlar təşkil etmək və hərəkat iştirakçılarından qisas almaq idi.” (11, s. 150)
Azərbaycanın müxtəlif şəhərlərində Pəhləvi rejiminin əlaltılarının və təşkilatlandırdırıb göndərdiyi qüvvələrin törətdiyi soyqırım və qırğınlardan sonra nəhayət “13 dekabr 1946-cı ildə şah qoşunu saat 16:00-da artıq şahpərəst ünsürlər və banda dəstələri tərəfindən qan dəryasına qərq olmuş Təbrizə daxil oldular.” (12, s.173)
İran ordusunun Təbrizə daxil olması ilə Pəhləvi rejiminin təşkilatlandırıb soyqırım törətmək üçün göndərdiyi qüvvələrin kütləvi qırğın və talanlarının səngiyəcəyi təsəvvür edilirdi. “Lakin talan və terrorun qarşısı alınmadı, əksinə, irticaçı dairələr daha da azğınlaşdılar. Sovet İttifaqının baş konsulu Krasnı ilə görüş zamanı general Haşımi vəd etdi ki, Təbrizdəki Sovet idarələrinin təhlükəsizliyi təmin ediləcək. O əlavə etdi ki, yalnız seçkilər zamanı qayda-qanunu qorumağa səlahiyyətlidir, digər məsələlər barədə o, heç bir göstəriş almamışdır. Lakin buna baxmayaraq hərbçilər şəhərin sahibi oldular. Əvvəlcədən yaradılmış hərbi səhra məhkəməsi işə başladı. (13, s. 532) Beləliklə, bütün anlaşmalara və görülən tədbirlərə rəğmən Pəhləvi rejimi geniş soyqırım planı ilə Cənubi Azərbaycanı işğal edib, günahsız əhalini soyqırıma məruz qoydu. (8, s. 187-188)
Təbrizin işğalından sonra General Zəngənə Təbriz qubernatoru təyin edildi. O fədailərdən birinin azyaşlı uşağını təndirə atıb yandırdı. Təbriz qısa zamanda düşərgəyə çevrildi. Zindanlar günahsız əhali ilə doldu və yer olmadığı üçün fədailər və günahsız əhali qrup-qrup gülləboran edildi. Bir neçə gündə Təbrizdə 3000-dən artıq fədai və günahsız əhali edam edildi. Hər gün onlarla günahsız azərbaycanlı zindanlarda aclıq və soyuqdan, eləcə də işgəncə altında ölürdü. Azərbaycanın prokuroru Firudin İbrahimi və bir çox mübarizlər asıldılar. Təbrizin Firdovsi məktəbində son güllələrinədək müqavimət göstərən fədailər sonda təslim olmamaq üçün özlərini quyuya atdılar. (8, s. 192)
Bir neçə gün ərzində Təbrizdə on minlərlə insan soyqırım, sürgün, həbs və talana məruz qaldı. “760 adam hərbi səhra məhkəməsinin hökmü ilə edam edildi, minlərlə adam jandarm və “İran vətənpərvərləri” tərəfindən məhkəməsiz qətlə yetirildi (bir məlumatda yalnız bir neçə gün ərzində onların sayının 3022 nəfər olduğu göstərilir – C.H.) həbs edilənlərin 3200 nəfəri Azərbaycanda saxlanıldı, qalanları İranın digər həbsxanalarına göndərildi, 8000 adam İranın cənubuna sürgün edildi ki, bunlar da aclıq və susuzluqdan məhv oldular”.(13 s. 539) Həbsxanalarda boş yer qalmadığı üçün tutduqları günahsız əhalini mühakiməsiz öldürürdülər. Təbriz küçələri soyqırıma məruz qalan azərbaycanlıların cənazələri ilə dolmuşdu. “İqdam” qəzeti yazırdı ki, Təbrizdə küçələr və arxlar ölülərin cənazələri ilə dolub. Şəhərdə qan arxa çevrilərək axırdı. Tehranda isə rejim bu cinayətinə şənlik edirdi. Təbrizin xiyaban qapısında rejimin silahlıları dr.Baqiri adlı həkimi güllələdilər. Qonqa başı məhəlləsində bir fədainin evinə hücum edən rejimin silahlıları həmin şəxsi tutub aparanda həyat yoldaşı Quran çıxarıb, ləçək atdı. Lakin baxmadılar və fədaini sürüyə-sürüyə apardılar. Fədainin 13 yaşlı qızı isə ağlayaraq yalvara-yalvara atasının dalısınca qaçırdı. Fədaini azyaşlı qızının gözü qarşısında öldürüb, azyaşlı qıza isə təcavüz etdilər. (2, s. 275)
Azərbaycana səfər edən İranın Təhlükəsizlik İdarəsinin rəisi general H.Fərdus öz xatirələrində Təbrizdə gördükləri barədə yazır: “Silahlılar Pişəvərinin tərəfdarlarını tutub edam edirdilər. Küçələrin kənarlarında çox sayda edam olunan şəxslərin cəsədləri görünürdü. Onların sayı 2000-3000 civarında olardı”.(8, s. 211)
İran dövlətinin təşkil etdiyi silahlı dəstələr və ordu işğal etdiyi Azərbaycan şəhərlərində uşaqlara da rəhm etməyib, onları vəhşicəsinə qətlə yetirirdilər. eyni zamanda çox sayda azərbaycanlı incəsənət adamı, rəssam, şair və s. də vəhşicəsinə qətliama məruz qaldı. (8, s.214-215)
Təbriz şəhərində əhalinin evlərini talayıb 10 tonluq yük maşınları ilə daşıyıb özlərinə qərargah etdikləri polkovnik Şəqaqinin evinə aparırdılar. Əhalini isə öldürüb qəbiristanlıqlara tökürdülər. (8, s. 209)
Təbriz yaxınlığında yerləşən Basmıncda fədailərin, o cümlədən 21 Azər medalı almış Əli Qəhrəmaninin başını kəsib nizəyə taxaraq gəzdirdilər. (8, s. 208)
Şübhəsiz bu faciələr və vəhşiliklər İran ordusunun himayəsi ilə həyata keçirilirdi. Sual olunurdu ki, bu qədər qətl və qarət kifayət etməzmi? Nə üçün əhalidən əl çəkmirdilər? Bu suallar cavabsız qalırdı. Şəhər böyükləri və ağsaqqalları qətliamın qarşısını almaq məqsədilə valilikdə toplaşmışdılar. Lakin onların sözünə baxan yox idi. Hacı Mirzə Əli Şəbüstəri baş verən cinayətlərin miqyasını izah edərkən oraya toplaşan insanların bəziləri göz yaşlarına hakim ola bilmirdilər. O dedi ki, dünyanın harasında silahsız əhalini bu şəkildə qətliam edib, evləri qarət edirlər? Heç kimə və heç nəyə rəhm etmirlər… (2, s. 275)
İran ordusu Əhər və Qaradağ bölgəsində tarixin ən qəddar qırğını və soyqırımını həyata keçirib. Burada İran dövlətinin soyqırım törətmək üçün təşkilatlandırdığı qüvvələr, mülki geyimli jandarmlar və İran ordusu kütləvi qətliamla yanaşı çox sayda əhalini tikə-tikə doğradılar, bəzilərini, o cümlədən Milli Hökumət tərəfdarı olan Motalıq kəndindən ata və oğulu birlikdə ağaca bağlayıb, üzərinə neft tökməklə, kül olana qədər yandırdılar. (8, s. 321-322)
Üç istiqamətdə Cənubi Azərbaycana hücuma keçən İran ordusu və ona bağlı təşkilatlandırılmış silahlı dəstələr Ərdəbilə doğru irəliləyərkən yol boyu qətliam və talanlar törədir. İlk öncə şah rejiminin təşkilatlandırdığı silahlı dəstələr tərəfindən Ərdəbildə təkcə 1946-cı il dekabr ayında yüzlərlə insan mühakiməsiz qətliam edilmiş, meyitləri isə qar altında qalmışdı. Burada hakimiyyətə bağlı mollaların fitvası əsasında xüsusilə Azərbaycan Milli Hökumətinə yaxın olan azərbaycanlıların qanı halal elan edilmişdi və mühakimə olmadan yerində qətlə yetirilirdi. Çox hallarda isə Milli Hökumətə heç bir dəxli olmayanlar da qətlim edilirdilər. Belə ki, Ərdəbildə hakimiyyət qüvvələri daraqçı kimi tanınan bir nəfər daraq satan şəxsi, Daraqçı soyadlı firqə üzvü zənn edərək qətlə yetirmişdilər. Sonra məlum olmuşdu ki, onun firqəyə heç bir bağlılığı olmayıb. (8, s. 161-162) Şah qoşunu Ərdəbili tutandan sonra 1946-cı il dekabr ayının 24-də Ərdəbilin Nir bölgəsinin kəndlərinin təkcə birində firqəyə dəxli olmayan 6 nəfər sadə kəndli mühakimə edilmədən günahsız olduqları halda güllələndilər. (2, s. 582)
Ərdəbildə günahsız əhalini qətliam edərək cənazələrini qarın üstündə sürüdükləri üçün küçələrdə qırmızı qan örtüklü buz layı əmələ gəlmişdi. Ərdəbildə İran dövlətinin mülki geyimli jandarmların və təşkilatlandırdığı silahlı dəstələrin törətdiyi bu qeyd etdiyimiz cinayətlərdən sonra İran ordusu Qaflantı dağı istiqamətindən 1946-cı il 21 azərdən (12 dekabrdan) bir həftə sonra Ərdəbilə daxil olub, qətliam və qarətə yeni təkan verdi. Ərdəbil şəhərindən kütləvi qətlə yetirilənlərdən əlavə, 500 nəfər tutularaq zindanlara atıldı. Çox sayda azərbaycanlı edam edildi, bəziləri də doğma yurd-yuvalarından sürgün edildilər. (8, s. 162)
Cənubi Azərbaycanın şəhərləri və qəsəbələri ilə yanaşı bütün kəndlərində qırğınlar davam edirdi. Təkcə Ərdəbilin yaxınlığında yerləşən Sümərin kəndində 17 nəfər günahsız sakin məhkəmə qərarı olmadan Ağadəyirmanı adlı yerdə sıraya düzülüb kütləvi şəkildə güllələndilər. (2, s. 583)
Səreyində isə İran ordusunun işğalından bir həftə sonra artıq Azərbaycan Demokrat Firqəsinə üzv olan və onlara yaxın şəxslər hamısı qətliam edildilər. Təkcə Səreyinin Sarıdərə məntəqəsindən 110 nəfər günahsız azərbaycanlı vəhşicəsinə gülləboran edildi. (8, s. 172-173)
İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr və dövlət ordusu Sarab şəhəri və ətraf kəndlərində də azərbaycanlılara qarşı divan tutdu. Sarabda və kəndlərində fədailər tutularaq öldürülür, evləri isə talan edilərək yandırılırdı. Rəsmi sənədlərə görə Sarabda 156 nəfər tutulmuşdu. Lakin qeyri-rəsmi məlumata görə tutulanların sayı daha çox idi. (8, s. 234) Kəndlərdə isə əhali mühakimə olmadan qətliam edilirdi. Sarabın təkcə Sənziq kəndində tutulan 6 nəfər şah rejimi tərəfindən heç bir tutarlı fakt olmadan edam edildi. Rəsmi məlumata görə Sarabda 24 nəfər azərbaycanlı asıldı. Əlavə olaraq daha onlarla günahsız azərbaycanlı sonrakı aylarda Sarab şəhərində hər gün səhər 4 nəfər olmaqla asıldılar. (8, s. 241)
Urmiya şəhəri də İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr və İran ordusunun vəhşicəsinə hücumuna məruz qaldı. Bu şəhərdə Pəhləvi rejiminin əlaltıları və təşkilatlandırdığı şəxslər, o cümlədən Hacı Mirzə Qulam Fiqhi, Dr. Əfşari, Dr. Soləti, Hacı Nüsrət Nizam Əhmədi, Əhməd Torabi, Hüseyn Lütfi, Qulam İntizami, Həmid Ağazadə, Mücahid Bərzgər, Hüseyn Bərzgər, Rəşid Qərələri və digər firqə üzvlərini tutub, mühakiməsiz güllələyir, evlərini isə talayırdılar. (5, s. 789) Yaxalanan firqə başıçılarından 89 nəfəri şəhərin xaricində Çuxur bağçaya çıxarılaraq güllələndi. (14, s. 402)
Marağa şəhərində də çoxsaylı günahsız əhali qətliama məruz qaldı. Tehranda çap olam “Ettelaat” qəzeti 16 dekabr 1946-cı il tarixində İran ordusunun maşınlarının küçələrdə qətliam edilənlərin cənazələrini toplamağa səfərbər edildiyini yazımışdı. (8, s.270) Qətliam edilənlərdən əlavə çox sayda azərbaycanlı Demokrat Firqəsi ilə əməkdaşlıqda ittiham edilərək asılmış, bir çoxları isə həbs və sürgünə məruz qalmışdı.
İran rejiminin təşkilatlandırdığı qüvvələr və İran ordusu günahsız azərbaycanlılara qarşı Xoy şəhərində də ağlasığmaz cinayətlər və soyqırım törətmişdir. Qətliam edilənlərindən çoxunun cənazəsini Şahpur küçəsində Qırx pillə bulağından yuxarıda bir-birinin üstünə yığdılar, bir çoxunu isə aparıb Təzə kənd məntəqəsinə atdılar. (8, s. 296) Tehran Universitetinin müəllimi Əhməd Sai isə “Xoynegar” jurnalına öz xatirələrini danışarkən Pəhləvi rejiminin təşkilatlandırıb Azərbaycana göndərdiyi qüvvələr və mülki geyimli jandarmların 3 nəfər Milli Hökumət tərəfdarını İran ordusunu qarşılama mərasimində birinci ordu maşınından iranlı zabit Xoy şəhərinə daxil olanda yıxıb yerə qurban kəsdiklərini gördüyünü deyir. Həmin dövrdə məktəbli olan Ə.Sai deyir: “Yadıma gəlir ki, ordunu qarşılama günü cənab Fəthinin evinin qarşısından keçərkən cənazələrin yerə düşdüyünü gördüm. Saydım 19 oldu”. (15, s.9)
Cənubi Azərbaycanın İran ordusu tərəfindən işğalından sonra Mərənd şəhərinin ətraf qəsəbə və kəndlərdə də rejimin təşkilatlandırdığı qüvvələr və ordu tərəfindən ağlasığmaz cinayətlər törədilmişdir. Çox sayda günahsız əhali qətlim edilmiş, bir sıra firqə üzvlərini, o cümlədən nəzmiyyədə (polis idarəsi) çalışan şəxslərdən birini küçədə yandıraraq öldürmüşlər. Bir sıra şəxsləri öldürüb cənazələrini küçələrdə asmışdılar. (8, s. 278) Bunlardan əlavə 62 nəfər Milli Hökumət fəalı tutularaq səhra məhkəmələrində edam edilmiş, (8, s. 288) bir çoxları isə həbs və sürgünə (Kerman, Sircan, Fəsa, Neyriz, Şiraz və s. bölgələrə) məruz qalmışdır. (8, s. 279-280) Mərəndə də digər Azərbaycan şəhərlərində olduğu kimi, qətliamllarla yanaşı əhalinin əmlakı da talan edilirdi. Mərəndin kəndlərində də çox sayda günahsız əhalinin, o cümlədən 7 nəfərin Aradəyirman adlı məntəqədə qətliam edildiyi məlumdur. (8, s. 289)
Cənubi Azərbaycanın digər şəhərləri, o cümlədən Xalxal, Muğan bölgəsi, Salmas, Makı, Xiyov, Qoşaçay, Şəbistər və Astara şəhərləri, eləcə də ətraf qəsəbə və kəndlərində də günahsız əhali rejimin təşkilatlandırdığı qüvvələr və İran ordusu tərəfindən tutularaq, qətliam edildi və ya edam həbs və sürgünlərə məruz qaldı. Təkcə Makıda 15 nəfərin həbs edildiyi və çox saytda adam qətlima edildiyi məlumdur.
Ümumiyyətlə, İran ordusu 1946-cı ilin dekabr ayının 18-ə qədər Cənubi Azərbaycanın bütün şəhərlərini işğal edib, bu ərazilərdə hərbi poliqon qurdu. (4, s. 179)
1946-cı ilə aid sənədlər əsasında aparılan hesablamalarda edam olunanların sayı 25 min nəfərdən çox (fransız qəzetində isə 20 min nəfər), sürgünə göndərilənlər 100 min nəfərə yaxın, təqiblərdən yaxa qurtarıb xarici ölkələrə pənah aparanlar isə 20 min nəfərdən çox olmuşlar. (11, s. 157) digər məlumata görə İran dövləti 1946-1947-ci illərdə soyqırıma məruz qoyduğu əhalidən əlavə 36 min nəfəri isə İranın yaşayış üçün qeyri-münasib olan ərazilərinə sürgün etdi. 70 min nəfərin isə Sovet İttifaqına sığındığı qeyd edilir. (8, s. 361). İran dövlətinin təşkilatlandırdığı silahlı dəstələr, jandarmlar və ordusu tərəfindən 1946-cı ildə Cənubi Azərbaycanda soyqırıma məruz qalanların ümumi sayının isə 30-35 min arasında olduğu qeyd edilir.
İran dövlətinin azərbaycanlılara qarşı soyqırımı təkcə fiziki soyqırımla məhdudlaşmamış və daha geniş miqyaslı soyqırım isə onlara qarşı həyata keçirilən mənəvi soyqırım olmuşdur. “Dar ağacları başında öz şərəfli oğullarını boğazından asılmış görən xalq, bu ağacların altında ana dilində yazılmış kitabların yanıb kül olduğunun şahidi oldu.” (16, s. 36) Bütün şəhərlərdə Azərbaycan türkcəsində yazılmış dərsliklər, kitablar, qəzet, jurnal və kitablar zor gücünə toplanıb yandırıldı. Bütün Cənubi Azərbaycan ərazisində Azərbaycan türkcəsi qadağan edildi. Bu mənəvi soyqırım qurbanlarının sayı isə hazırda milyonlara çatır. Bu soyqırıma başlayan İran dövlətinin Pəhləvi hakimiyyəti idisə, davam edənləri İran İslam Respublikasıdır.
Ədəbiyyat siyahısı:
1- بابا صفری، اردبیل در گذرگاه تاریخ، انتشارات دانشگاه آزاد اسلامی (اردبیل)، ج 3، اردبیل، 1362
2- شاهرخ فرزاد، فرقه دمکرات آذربایجان از تخلیه تبریز تا مرگ پیشه وری، انتشارات احدی، تهران 1386، 782 ص.
3- حمید ملازاده، رازهای سر به مهر- ناگفته های وقایع آذربایجان، انتشارات مهد آزادی تبریز، 1376، 211 ص.
4- زنگنه، احمد، خاطرات ماموریتهای من در آذربایجان از شهریور 1320 – تا دی 1325انتشارات شرق، 185 ص.
5- علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، تهران، چاپ اول 1348، 1017 ص.
6- مولف و ترتیب ائدن ج. مجیری،21 آذر نهضتینین 25 ایللیگینه حصر ائدیلمیش بدیعی بلوکنوت، 1970، آذربایجان دمکرات فیرقه سی مرکزی کمیته سینین تبلیغات شعبه سی، 158 ص.
Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında. Konvensiya – http://www.migration.gov.az/images/pdf/2df40aa81099a2838b7511674dda5ec8.pdf 8- حسین علی زاده (باریش مرندلی)، حکومت ملی آذربایجان- مروری بر رویدادهای سالهای 1325-1324 آذربایجان و نسل کشی 21 آذر، نشر الکترونیکی نوامبر 2014، 506 ص.
9- لطفعلی اردبیلیان (فلکی)، فدائی لر آذربایجان خلقینین 21 آذر نهضتینده (1325-1324)، آذربایجان روزنامه سینین نشریه سی 1981، باکو، 149 ص.
Doktor Səlamullah Cavid, O günün həsrəti ilə (xatirələr), tərtibçi-redaktor: Əkrəm Mişovdağlı, Bakı, Yurd nəşiyyatı, 2003, 175 s. Əkrəm Rəhimli (Bijə), Güney Azərbaycan Milli-demokratik hərəkatı (1941-1946), Bakı, 2003, “MEQA” nəşriyyatı, 208 s. Əkrəm Rəhimli (Bijə), Seyid Cəfər Pişəvəri – mübarizə burulğanında keçən ömür, Nurlar nəşriyyatı, 2009, Bakı, 400 s. C.Həsənli, Güney Azərbaycanda Sovet-Amerika-İngiltərə qarşıdurması, 1941-1946, Bakı, Azərbaycan nəşriyyatı, 2001, 576 s. 14- احمد کاویانپور، تاریخ ارومیه، چاپ اول، تهران 1378، 553 ص.
15- دکتر احمد ساعی، من، کودکی و آنچه به چشم خود دیدم، خوی نگار، تهران، دوره سوم، شماره 6، اسفند 1391، ص. 9
16- محمدعلی فرزانه، گونئی آذربایجاندا 46-1945-نجی ایللرده ملی معارف طرفیندن نشر ائدیلن درس کتابلاری حاققیندا، تریبون زورنالی، نمره 4، قیش 1999، ایسوئچ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?