Azərbaycanın müstəqil və tənqidçi mediasının boğulmasında birbaşa iştirakı olan Mətbuat Şurası prezident İlham Əliyevdən fərqli olaraq, jurnalistlərin yox, məmurların dostu olmağı seçib. Ölkədə korrupsiyaya bulaşan, təpədən-dırnağa qədər rüşvət çirkabına bələşən məmurlara qahmar çıxan Mətbuat Şurası jurnalistlərin deyil, çinovniklərin, vəzifə sahiblərinin köməkçisi ruporunu oynamaqdadır.
Prezident “jurnalistlər özləri də bilmədən mənim köməkçilərimdir” deyərək mətbuatın nöqsanları göstərməklə ona dəstək verdiyini bəyan etdiyi halda, “Məmurlar Şurası” odioz məmurları qoruyur. Bununla nəinki mətbuatın, elə prezidentin çıxışına da zidd istiqamət tutduqlarını nümayiş etdirirlər. Söhbət Mətbuat Şurasının “apellyasiya qrupu”nun iclasında gundemxeber.az-ın “qara siyahıya salınmasından gedir. İclasda bildirilir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin «gundemxeber.az» saytı ilə bağlı müraciətinin müzakirəsi zamanı məlumat verilib ki, sözügedən sayt «Gündəm xəbər» qəzetinin elektron versiyasıdır. Bu qəzet isə vaxtilə Şuranın «qara siyahı»sında olub. MŞ-nın «Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat»ında göstərilib ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi barədə hər hansı əsaslı şikayət məktubu daxil olarsa, həmin media orqanının adı yenidən «qara siyahı»ya qaytarılır. «gundemxeber.az» saytı ilə bağlı da götürülmüş ölçü tədbiri budur. Çox gözəl, çox pakizə. Başdan-ayağa nəzəri cümlələrdən ibarət olan bu məlumatda açıqlanmır ki, Nərimanov RİH və onun başçısı Abidin Fərzəliyev MŞ-na gundemxeber.az-ın konkret olaraq hansı məqaləsinə, hansı böhtan xarakterli yazısına görə müraciət edib. Mətbuat Şurası rəhbərliyi ictimaiyyətə məlumat vermir ki, sayt “qara siyahı”ya hansı əsasla, hansı faktla və hansı reketçilik fəaliyyəti ilə əlaqədar salınıb. Çünki MŞ yetkililəri A.Fərzəliyevin qarşısında biət edərək onun arzusunu yerinə yetiriblər və heç bir izah vermədən “qara siyahı”ya salıblar. Biz isə Nərimanov icra başçısının bundan sonra da qanunsuz əməlləri haqda araşdırmalar apararaq məqalələri davam etdirəcəyik. Məsələnin ikinci tərəfi, 2013-cü ildə Mətbuat Şurası bizim adımızı öz “qara siyahısı”na heç bir əsas olmadan salmışdı. Biz də qəzetimizin 3-cü səhifəsində əsaslı olaraq sifarişçilərin və icraçıların şəkillərini “mətbuat qəssabları” kimi həkk etmişdik. Bu tənqidlərə tab gətirə bilməyən Mətbuat Şurasının yalvarışı və xahişi əsasında qarşılıqlı olaraq tablonu qəzet səhifəsindən ləğv etdik. Yəni ki, Mətbuat Şurası öz “qara siyahısı”ndan qəzetin adını çıxardı. Çünki bu qurum ona biət etməyən və xoşuna gəlməyənləri, məmurların tapşırıqları əsasında “qara siyahı”ya salır. Ancaq deyəsən, köhnə söhbəti təzələyirlər. Biz də “mətbuat qəssabları”nın şəkillərini bərpa etmək məcburiyyətində qalırıq. Belə görünür ki, ilin sonunda pislik etməklə yadda qalmaq istəyən Mətbuat Şurası rəhbərliyi medianın düşməni olaraq tarix yazmağa iddialıdır... Üçüncü məqam isə budur ki, 2013-cü ildə qəzetimizə qarşı sifariş prezidentin hazırda İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan gəlmişdi. Həmin sifarişi icra edən isə sabiq vergilər naziri Fazil Məmmədov idi. Hətta o vaxt Mətbuat Şurası ''Gündəm Xəbər''lə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi ki, qəzeti yoxlasınlar. Ancaq müraciət əsassız olduğundan idarə şuranın göndərdiyi məktubu rədd etmişdi. Bundan sonra Əli Həsənovun sifarişi əsasında Vergilər Nazirliyi qəzetin təsisçisi Şirin Cəfərini 68,244 manat qanunsuz olaraq cərimələdi. Bundan sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaqa başladı. O zaman Ə.Həsənov və F.Məmmədov birliyi Ş.Cəfərinin həbsinə nail olmaq istəyirdilər. F.Məmmədov artıq vəzifədən azad olunub, ancaq yenidən “Gündəm Xəbər”ə qarşı hücumlar, təzyiqlər başladılır. Mətbuat Şurası isə Ə.Həsənovun “dirijor çubuğu” ilə hərəkət edir və qəzetimizi “qara siyahı”ya salır. Halbuki, jurnalisti, qəzeti, həftədə bir dəfə ağır şərtlər altında, maliyyə imkanları məhdud olan medianı “qara siyahı”ya salmazlar, əksinə prezidentin, dövlətin siyasətinə qarşı gedən məmurları “qara siyahı”ya salarlar. Mətbuat Şurası isə özündə o cəsarəti tapa bilmir və gücü müstəqil, illərdir öz ayaqları üstə dayanmağa bacaran “Gündəm Xəbər”i A.Fərzəliyevin sifarişi əsasında hədəfləyir. Və təkrar edirik ki, konkret hansı məqalədən söhbət getdiyi də açıqlanmır.
P.S "Gündəm Xəbər" oxucularının nəzərinə! Məlumunuz olsun ki, qəzetimizin eyni adlı gundemxeber.az saytına yüksək çinli məmur tərəfindən basqı olmuşdur. Belə ki, saytımız bloklandığından ölkə daxili girişi məhdudlaşdırılmışdır. Yaranan problemlə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri cənab Ramin Quluzadəyə rəsmi müraciət etmişik. Saytımız bloklansada qəzetimizin çap versiyası həftənin 1-ci günləri satışda olur. Bizi hələlik qəzetimiz vasitəsi ilə izləyin ki, sifariş verən məmurun kimliyini öyrənə biləsiniz. Artıq məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşırıq. Yəqin ki, Prezident məsələnin mahiyyətinin araşdırılması üçün vəzifə sahiblərinə müvafiq tapşırıqlarını verəcək. Dəyərli oxucular bizi mütəmadi olaraq facebook-da da izləyə bilərsiniz.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?