Əlverişli siyasi vəziyyət, daxili sabitlik, nəhayət beynəlxalq şərtlər prezident İlham Əliyevin xeyrinə olan amillərdir; bu çətin prosesdə ölkəni siyasi təlatümlərdən və xarici təhlükələrdən qorumaq məsuliyyətini də İlham Əliyev üzərinə götürdü
Fevralın 5-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı imzalanmış sərəncam ölkə gündəminin yaxın üç ayda əsas mövzusunu müəyyən etdi. Qeyd edək ki, bu, müstəqil Azərbaycan tarixində ilk növbədənkənar prezident seçkisidir.
Əslində, növbədənkənar seçkilərlə bağlı müzakirələr hələ 2016-cı ilin sentyabrında - Azərbaycan Konstitusiyasına düzəlişlərlə bağlı referendumdan dərhal sonra başlamışdı. Çünki referendumda prezidentlik müddətinin uzadılması (7 il) ilə yanaşı, prezidentə növbədənkənar seçkilər təyin etmək hüququ da verilmişdi. Ötən ilin dekabrda Milli Məclis növbədənkənar prezident seçkisinin keçirilməsi barədə qaydalara dəyişiklik etdi ki, bu da növbədənkənar seçki istiqamətdə müzakirələri yenidən aktuallaşdırdı.
Belə ki, Seçki Məcəlləsinin 179-cu (növbədənkənar prezident seçkisinin keçirilməsi) maddəsinin əvvəlki variantına əsasən, növbədənkənar prezident seçkisi barədə qərar verilərsə, Mərkəzi Seçki Komissiyası bu seçkini elan edildikdən sonrakı 3 ay ərzində keçirməliydi. Lakin yeni qəbul edilən varianta əsasən, bu müddət iki aya (60 gün) endirildi. Yəni indiki halda prezident növbədənkənar seçki barədə qərar verərkən həmin dəyişikliyə əsaslanıb.
Bizim üçün gözlənilən qərar
“Yeni Müsavat”ın bu mövzuda müəyyən bilgiləri bir müddət əvvəldən var idi və oxucular yaxşı xatırlayırlar ki, əvvəl deputat Zahid Oruc, daha sonra prezidentliyə müxalifətdən iddiaçı, VİP sədri Əli Əliyev növbədənkənar seçkinin gözləndiyini demişdilər. Maraqlıdır ki, YAP funksionerləri seçkinin vaxtından əvvəl keçiriləcəyi barədə iddiaları qətiyyətlə təkzib edirdi. Bunu isə həm də YAP-ın qurultayının yayda keçirəcəyi ilə əsaslandırırdı. Ötən həftə isə YAP-ın icra katibi Əli Əhmədov seçkidə partiyanın namizədinin İlham Əliyev olduğunu açıqlamaqla növbədənkənar seçki müzakirələrini təzələdi. Yeri gəlmişkən, artıq məlumatlar var ki, YAP bir neçə gün sonra növbədənkənar qurultaya toplanmaq hazırlığı içərisindədir...
Sərəncamın elan edildiyi gün-fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayı keçirilib ki, bu tədbirdə İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultaydakı çıxışında erkən seçkinin keçirilməsi qərarını bu ilin martın 31-də azərbaycanlıların soyqırımının 100 illiyi, mayın 10-da sabiq prezident Heydər Əliyevin 95 illiyi, mayın 28-də isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunacağı tarixlərlə əlaqələndirib. Əli Həsənov bu mühüm tədbirlərin seçkilərin vaxtının önə çəkilməsini zəruri etdiyini söyləyib. Yəni rəsmi olaraq verilmiş bu izahda müxalifətin iddia etdiyi kimi, “iqtidar daxilində fövqəladə hal”, “gizli plan” və sair kimi detektiv süjetlər görünmür, əksinə, bunlar cəmiyyət üçün kifayət qədər tutarlı görünən izah sayıla bilər.
“Qərbdən təzyiqlərin kritik həddə olacağını iddia etmək tələskənlikdir, çünki indi həm Avropa, həm Amerika çoxsaylı daxili problemlər içərisindədir”
Niyə növbədənkənar seçki?
“Hakimiyyət niyə erkən seçkiyə qərar verdi” sualına rəsmi cavab verilsə də, şübhəsiz bu mövzu hələ bir müddət həm mediada, həm siyasi həyatda öz aktuallığını saxlayacaq. Bu sual ətrafında başlamış müzakirələrə tezliklə Qərb mediası, Qərbin digər təsisatlarının da qoşulacağı şübhə doğurmur.
Öncəliklə, o arqument üzərinə gələk ki, erkən seçki qərarının hakimiyyət daxilindəki gərginliklə izah edilməsi siyasi səbatsızlıq kimi qiymətləndirilə bilər. Seçki növbədənkənar olsa da, hakimiyyətin namizədinin İlham Əliyev olacağı zatən şübhə doğurmurdu. Hakimiyyət daxilində 2005-ci ildən sonra (sabiq nazirlərin həbsi) xüsusi bir gərginlik olmayıb, üstəlik prezidentin komanda üzərində nəzarəti o vaxtdan nəinki azalmayıb, əksinə artıb. Komandada hər hansı mərkəzdənqaçma faktı yoxdur, mərkəzi hakimiyyət əvvəlki kimi İlham Əliyevin güclü iradəsinə tabedir. Hakimiyyət daxilində hər hansı bir gərginlik olsaydı, bunu gizlətmək mümkün olmazdı. O baxımdan seçkinin “gərgin hakimiyyətdaxili faktorlarla” izahı boş və mənasız işdir.
Seçkinin növbədənkənar keçirilməsinin ölkədəki vəziyyətlə izahı da indilikdə qərəzli görünür. Neftin qiymətinin kəskin düşməsi və dünyadakı iqtisadi böhran dövrü İlham Əliyev hakimiyyəti üçün ilk ciddi sınaq oldu. Prezidentin düşünülmüş ciddi iqtisadi planları sayəsində Azərbaycan bir sıra neft zənginləri olan ölkələrin gününə düşmədi. Qeyr-neft sektorunun dirçəldilməsi sayəsində iqtisadi tarazlıq yaradıldı, neftin qiymətinin düşməsinin fəsadları aradan qaldırıldı, büdcə əvvəlki kimi sosial yönümlü ağırlığını saxladı.
Siyasi sabitliyin əsas təminatçısı olan sosial-iqtisadi vəziyyət birbaşa prezidentin nəzarətində “reanimasiya dövrünü” keçdi və təhlükəli həddə çatmadı. İndi isə sosial iqtisadi vəziyyət üç il əvvəlkindən də yaxşıdır, manatın kursu stabilləşib. Neftin qiyməti də kritik düşmə həddindən çox uzaqlaşıb, əksinə üzüyuxarı gedir. Yəni seçkinin ölkədə “ağırlaşan sosial vəziyyətə” hesablandığını söyləmək ölkədəki vəziyyətin real təhlili ilə qətiyyən uyğun gəlmir.
Müxalifətin erkən seçki sərəncamı ilə “seytnot” edildiyi ilə bağlı iddialar qismən əsaslı görünə bilər, amma heç kimə sirr deyil ki, Azərbaycanın müxalifət kəsimi indi deyil, illərdir ki, bu vəziyyətdədir. Ola bilsin, bu qərar onlar üçün soyuq qış fəslində seçki kimi ağır təbliğatı prosesə qoşulmaq tənbəlliyini artırsın, amma obyektivlik naminə qeyd edək ki, bəlkə də növbədənkənar seçki elə onların da illərin “pasını” atmağa qismən yardımçı ola bilər. Seçki təbliğatının müddətinin azaldılmasına gəlincə, bu da sadəcə müxalif düşərgənin bəhanəsi kimi görünür. Zatən parçalanmış müxalifətin indi heç bir həftə seçki təbliğatı aparmağa nə maliyyəsi, nə insani resursları var. Hər halda görünən mənzərə budur...
Növbədənkənar seçkinin ətrafımızda baş verən proseslərlə, yəni kənar təsirlərlə izahı isə daha məntiqli və soyuqqanlı görünür. Amma bir əlavə ilə : mümkün qələbə daxili faktorlara hesablanıb, xaricdən isə təhlükələr önlənməlidir.
Son illər seçki praktikasında xarici müdaxilələr termini xeyli dəyişikliyə məruz qalıb. Əvvəlki illərdə üçüncü dünya ölkələrindəki seçkilərə maraqlı dövlətlər siyasi təzyiqlər yolu ilə təsir edirdilər. Bu işi bir sıra fondlar, qrant təşkilatları, beyin mərkəzləri görürdülər. Azərbaycan öz təcrübəsində bu tarixləri yaşayıb. Son illər fondların və qrantların təsirləri önlənsə də, indi seçkiyə birbaşa müdaxilələr texnologiyası geniş yayılıb. Bunun hansı reaksiya doğurduğunu ABŞ-da hələ də davam edən seçki qalmaqalı sübut edir.
“Seçki təbliğatının müddətinin azaldılması sadəcə müxalif düşərgənin bəhanəsi kimi görünür, çünki onların indi heç bir həftə seçki təbliğatı aparmağa nə maliyyəsi, nə insani resursları var” Azərbaycan xarici təzyiqlərlə üzləşən ölkələr sırasındadır. Prezidentin son Davos səfərində də bu tip müzakirələrlə üzləşdiyinin xatırlatmaq kifayət edir. Seçki ilində isə bu cür təzyiqlər adətən artan xətt üzrə gedir. Son prezident seçkisi ərəfəsi Rusiyada “Milyarderlər İttifaqı” adlanan qurumun yaradılması və seçkiyə hesablanmış anti-hakimiyyət təbliğatını da yada salmaq lazım gəlir. İndi təkcə müxalifət deyil, oktyabr üçün seçki planları qurmuş Qərb təsisatları da hazırlıqsız yaxalanmış sayılmalıdırlar.
Qərbin növbədənkənar seçkiyə xüsusi etirazı ola bilməz, çünki ən azından bu ölkənin daxili işidir. Qərbdən təzyiqlərin də kritik həddə olacağını da iddia etmək tələskənlikdir, çünki indi həm Avropa, həm Amerika çoxsaylı daxili problemlər içərisindədir. Hakimiyyət isə bunu nəzərdə qaçırmış ola bilməz...
Nəhayət, seçkinin ön tarixə çəkilməsinin Rusiya faktoru ilə izahı da yeni mövzu deyil. Mümkündür ki, başı martdakı seçkiyə qarışmış və qarışacaq Rusiya siyasi mərkəzlərinin hansınınsa müdaxilə planları qurmağa az vaxtı olsun. Amma Kremlin bu seçkidə İlham Əliyevdən başqa bir namizədi dəstəkləyə biləcəyini gözləmək mümkünsüz işdir. Əsas olan da budur...
Son nəticə
Beləliklə, hakimiyyət seçkini önə çəkməklə ölkədə siyasi həyatı canlandıracaq prosesə start verdi. Əlverişli siyasi vəziyyət, daxili sabitlik, nəhayət, beynəlxalq şərtlər indilikdə İlham Əliyevin xeyrinə olan amillərdir. Qalır, bu çətin prosesdə ölkəni siyasi təlatümlərdən və xarici təhlükələrdə qorumaq ki, bu işdə də ən böyük məsuliyyət artıq prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin üzərindədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?