İllərdir Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindəki mədəni irsimizə qarşı törədilən erməni vandalizmini dayandırmaq üçün, ideoloji cəbhədə ermənilərə qarşı mübarizə aparırıq. Bu illər ərzində heç ağlıma gəlməzdi ki, mən Azərbaycanda da belə bir vandallıqla qarşılaşaram və həm də doğma abidələrimizə qarşı, özümüzün törətdiyi vandallıqla...
Bir neçə gün bundan öncə bir qrup Buzovna qəsəbə sakininin xahişi ilə “Qara paltar” pirini ziyarətə gəldim doğrusu gördüklərim məni heyrətə gətirdi.
Bu şəkillər 1992/93-cü illərdə Azərbaycan ərazilərinə Ermənistan Respublikasının təcavüzü zamanı Ağdam və Laçın rayonu ərazilərində ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm aktıdır.
Bu şəkillər isə 2018-ci ildə Bakı şəhəri Buzovna qəsəbəsinin mərkəzində hansısa məmur tərəfindən şəxsi tamah məqsədi ilə törədilən vandallıqdır.
Buzovna qəsəbəsindəki Hazranlı məhəlləsindəki məşhur “Qara paltar” pirinin ərazisi hansısa məmur tərəfindən zəbt edilmiş, abidənin ətrafı hasarlanaraq xarici aləmdən təcrid edilmiş, abidənin mühafizə zonasına daxil olan ərazidəki qədim divarlar sökülüb dağıdılaraq, ərazidə hnsısa məmur üçün villa inşa edilir.
“Qara paltar” piri haqqında görkəmli tədqiqatçı Məşədixanım Nemət tərəfindən 1992-ci ildə çap etdirdiyi “Azərbaycanda pirlər” kitabında geniş məlumat verir. Bu pir uzun illər kənd camaatının və digər ərazilərdə yaşayan insanların inam və inanc yeri olmuşdur.
“Qara paltar” piri Azərbaycanın mədəni irsidir. Onu dağıtmaq, söküb yerində başqa nə isə tikmək insanlıq naminə desək ən azından günahdır.
Mədəni irs bir qrup insanların deyil xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin hansısa məmur tərəfindən dağıdılması, məhv edilməsi yolverilməzdir. Belə hərəkətlər Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 10 aprel 1998-ci il tarixli, № 470-IQ saylı qərarla təsdiq etdiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna, 14 fevral 2014-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 273 saylı qərarla təsdiq etdiyi “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na və digər beynəlxalq qanunlara və konvensiyalara görə yolverilməzdir.
Buzovna qəsəbəsindəki “Qara paltar” pirinə edilən təcavüz, zorakılıq və məmur özbaşınalığıdır. Bunu törədənlər qanunla cəzalandırılmalıdırlar.
Biz tikintinin kimə məxsus olduğunu öyrənə bilməsəkdə, bu özbaşınalıq barədə Mədəniyyət və Turizm Nazirliyinin iki müvafiq şöbəsi ilə əlaqə saxladıq, məlum oldu ki, bu barədə onların məlumatları var və “tədbir görmək” barədə “fikirləşirlər”. Tikinti işlərini aparan fəhlələrin dediklərinə görə, tikintinin icrasına Azərbərpa Layihə İnstitunun əməkdaşı rəhbərlik edir. Bunu eşidəndə fikirləşdim, Azərbaycanın mədəni irsini dağıdan, tarixini yox etmək istəyən ermənilərdən görəsən bu məsələdə fərqimiz nədir?...
Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətin üzvü
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?