Bəzi insanlar o qədər insafsızlıq ediblər ki, hələ də etdikləri haqda düşünmürlər
“Gündəm xəbər” qəzetinin əsassız olaraq Azərbaycan Nəşriyyatından çıxarılması və çapından imtina edilməsi kimi media adına biabırçı hadisəyə siyasətşünas Zərdüşt Əlizadə münasibət bildirib. Zərdüşt Əlizadə bildirib ki, həftədə bir dəfə çıxan qəzetə qarşı bu cür dözümsüzlüyü anlaya bilmir. Onun sözlərinə görə, tənqidə görə, belə dözümsüz olan şəxslərin qəzetin bu müddət “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərməsinə imkan verilməməsi də təəccüblü hadisədir: “Əgər “Gündəm Xəbər” tənqidi materiallara üstünlük verirdisə və bu müddətdə Azərbaycan Nəşriyyatında fəaliyyət göstərirdisə, bunun özü təəccüblüdür. Çünki media siyasəti ona hesablanıb ki, ölkədə tənqid olmasın. Məqsəd budur. Odur ki, burada təəccüblənmək lazım deyil. Hələ internet var, məsləhət görərdim ki, elektron varianta keçin. Çində Kanfusuçi adında maraqlı insan deyir ki, otur dağın başında və maraqla çaya bax. Nə vaxtsa səni incidən şəxsi bu çay aparacaq. Səmərəsiz media siyasətinin sonu yoxdur”. Əlizadə qeyd edib ki, vaxtı ilə kommunistlər hakimiyyətdə olanda özlərindən çox razı olmaqla yanaşı göylə gedirdilər: “Sonra elə günə düşdülər. Əslində mən buna sevinmirdim. Qəzetin çölə atılması və onun nəşrindən imtina edilməsi məni 25 il əvvələ apardı. Xatırlayıram Ayaz Mütəllibovun vaxtında mən “İstiqlal” qəzeti buraxdım. Qəzetin birinci sayı çap edildikdən sonra bizi redaksiyadan bayıra atdılar və çap etmədilər. Mən məcbur olub qəzeti Pribaltikada çap edib Bakıya gətirdim. O zaman rəhmətlik Osman Mirzəyev Mərkəzi Komitədə işləyirdi. Onun yanına getdim və dedim ki, siz niyə belə edirsiniz, axı SSRİ-də qəzet çapına qadağa yoxdur. O, da qəzeti siyirtməsindən çıxardı və bir tənqidi məqaləni göstərdi. Məndə dedim ki, partiyaya qarşı fəaliyyət göstərənləri tənqid etmişik. Osman Mirzəyevdə dedi ki, qəzet daha çap edilməyəcək. İndi “Gündəm Xəbər”in bayıra atılması mənə bunu xatırlatdı. Bildiyiniz kimi sonradan rəhmətlik Osman Mirzəyev vəfat etdi. Bu adamlar başa düşmürlər ki, hansısa insafsız edəndə əvvəl-axır cəzalanacaqlar. Qurani Kərimdə deyilir ki, sənin bacı-qardaşın pis iş görübsə, cəzasını çəkmədən bu dünyadan getməyəcək. Bəzi insanlar o qədər insafsızlıq ediblər ki, hələ də etdikləri haqda düşünmürlər. Özü də onların çoxu yüksək vəzifə tutmaqla yanaşı elmi titullara malikdirlər. Axı insan vəfat edəndə ona cəmi 3-4 kvadrat torpaq lazım gəlir. Müəyyən dövrdən sonra da bu torpaqda itib gedir. İnsan bunu anlamalıdır. Açığı, mən belə insanlara çox təəccüblə baxıram. Amma görünən odur ki, hissiyatla yaşayırlar”. Zərdüşt Əlizadə sonda deyib ki, Azərbaycanda media siyasətinin başında kimlərin durduğu məlumdur. Onun fikrincə, bu şəxslərin ölkə mediasını ağ günə çıxarması, hansısa pozitiv addımlar atması istisna edilir: “Bu ona oxşayardı ki, Xəzər dənizindən bir vedrə su götürüb başına tökəsən və od vurub özünü yandırsan. Axı su yanmaz. Bunlar heç vaxt düzələn və düzəldən deyil. Media siyasətini bu şəkildə də aparacaqlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?