Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlər var. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir. gundemxeber.az cumhuriyyet.az-a istinadən bildirir ki, bununla bağlı daxil olan məlumata görə, son vaxtlar hədəfə çevrilən vəzifəli şəxslərdən biri də Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlıdır. Palata rəhbəri Rüfət Aslanlı işə başlar-başlamaz atdığı bəzi addımlarla hakim komanda daxilində və cəmiyyətdə qınaq obyektinə çevrilib. Bu azmış kimi onun fəaliyyətindən narazılıq o həddə çatıb ki, Palatadakı səlahiyyətlər qurumun icraçı direktoru İbrahim Alışova həvalə edilib.
Rüfət Aslanlı prezidentin qəzəbinə necə tuş gəldi?
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin iyunun 23-də imzaladığı növbəti Fərmanını bu baxımdan əslində Rüfət Aslanlı hakimiyyətinin sonu və ya sonunun başlanğıcı hesab etmək olar. Bu fərmanla qısa tanışlıqdan belə qənaətə gəlmək olur ki, artıq Rüfət Aslanlı MBNP istədiyi kimi idarə etmək şansından məhrum edilir, bank-maliyyə sistemində taleyüklü qərarların verilməsində əsas söz Prezidentin köməkçisi Natiq Əmirova verilir. Ən çox diqqətçəkən və ehtimal etmək olar ki, dövlət başçısı tərəfindən belə bir fərmanın verilməsinə səbəb olan məqamsa nizamnamənin 1.9.13 -cü hissəsinin yeni redaksiyada verilməsi zərurətidir:“Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.” Sual oluna bilər, artıq il yarım ərzində fəaliyyətə başlayan və bütün strukturları formalaşdırılan bir qurumda işçilərin sayı, əmək haqları məsələsi bu günədək həllini tapmayıb ki, belə bir “gecikmiş” addım atılır? Tələsməyin, məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlara görə MBNP rəhbəri Rüfət Aslanlı özünə prezident İlham Əliyevin əmək haqqından 4 dəfə artıq, 65 min manat əmək haqqı yazıbmış. Deyilənə görə, bu faktın üzə çıxması prezidenti bərk qəzəbləndirib və nəticədə 23 iyun fərmanı ortalığa çıxıb. Xatırladaq ki, vaxtilə prezident İlham Əliyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova aylıq 10 min manat maaş təyin edilməsi barədə qərar verəndə Elman Rüstəmov təvazökarlıq edərək dövlət başçısına minnətdarlıq etməklə həmin maaşın 8 min manat olmasına nail olmuşdu. Fikrimizcə, bu iki nümunə hər şeydən xəbər verir və müqayisənin şərh ehtiyacı yoxdur… Məhz belə bir fərmanın verilməsi əslində prezident tərəfindən MBNP rəhbərinə etimadın itirilməkdə olması anlamına gəlir.
Bacarıqsızlıq!
Azərbaycanda biznesin maliyyələşməsinin 2 mənbəyi var; iş adamı öz vəsaitini yatırır və ya banklardan aldığı krediti biznesə yatırır. Banklar da öz növbəsində kimlərinsə sərbəst vəsaitini cəlb edir, vasitəçi kimi öz xidmət haqqını onun üzərinə qoyub ehtiyacı olan iş adamlarına, biznesmenlərə satır. Əgər 2-ci və əsas mənbə yoxdursa, bu həmin mənbədir ki, Cənub Şərqi Asiya ölkələri – Sinqapur, İndoneziya, Malayziya dövlətlərini ayağa qaldırıb. Bu ölkələr və bundan əvvəl də bir sıra ölkələr öz iqtisadiyyatlarında inqilabı kreditin hesabına gerçəkləşdiriblər, məhz kreditin üzərində yüksəlib ayağa qalxıblar. Bu gün 29,99 faizlə istehlak krediti verməklə biz iş adamlarından heç nə gözləyə bilmərik. Faktiki olaraq Azərbaycanda iş adamlarını əsas mənbədən – yəni kreditləşmədən məhrum duruma salmışıq. 100 iş adamından 20 nəfərində dədə-babadan qalma ilkin maliyyə ola bilər. Qalan 80 nəfərin işləməsi, biznesini açıb böyütməsi üçün mütləq şəkildə kreditləşmə gərəkdir. Hazırda verilən kreditlərin faizləri isə o qədər yüksəkdir ki, kimsə həmin kreditlərə yaxın durmaq istəmir. Palatanın birbaşa vəzifələrindən biri də məhz bankların fəaliyyətini normallaşdırmaq, öz axarına salmaqdan ibarətdir. Bu gün ölkədə fəaliyyət göstərən banklar ayaqda deyil. Bank sistemi xəstədir və bu xəstəliyi sağaltmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Bu gün bankların xəstəliyi hər ötən gün daha da dərinləşir. Bankları bağlamaq çıxış yolu, islahat deyil. Bankların qapılarına qıfıl vurmaq əvəzinə bankları reabilitasiya edib ayaq üstə qoyacaq tədbirləri gerçəkləşdirmək lazımdır. Təəssüf ki, MBNP banklar üçün reanimasiyaya çevrilə bilmədi.
Xəyanətin bədəli
Birinci devalvasiyadan sonra ölkənin maliyyə sektorundakı başıpozuqluğa qarşı ciddi mübarizə başlanıldı, yeni sistem yaradıldı və Rüfət Aslanlı ciddi bir vəzifəyə gətirildi. Sözsüz ki, onun gözlənilmədən belə bir vəzifəyə təyin olunması ölkənin maliyyə-bank sektorundakı bəzi şəxsləri narahat etməyə bilməzdi. Maliyyə və bank sektorunun “qoca qurd”ları hesab edir ki, onlar dura-dura Qiymətli Kağzılar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı əhəmiyyətli vəzifəyə gətirilir və o, bunların açıq və gizli maliyyə fəaliyyətlərini yönəldir. Hətta bəzi hallarda onların ölkədən pul çıxarmasına, o cümlədən himayəçisi olduqları və ya yönəltdikləri banklara, həmçinin böyük pullarına nəzarət etməsi qarşı tərəfdə Palata rəhbərinə şəxsi mənada böyük sıxıntılar yaratdı. Bəli, bu bir həqiqətdir ki, hazırda Palatada çox məsələlərdən onu kənarda saxlayırlar. Maraqlıdır ki, belə bir anda Prezident İlham Əliyevin bir müddət öncəki sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquq şəxsə çevrilərək, İbrahim Alışov Palatanın icraçı direktoru vəzifəsinə təyin olundu. Bununla da faktiki olaraq Aslanlı proseslərdən təcrid olunaraq oyundakənar duruma salındı. Alışovun bu vəzifənin öhdəsindən necə gələcəyini deyə bilmərik, amma onun gələr-gəlməz bank sektoruna daha çox nüfuz etməyə çalışması və bütün fəaliyyətində Aslanlının varlığını heçə sayması Palatada ciddi proseslərin getməsindən xəbər verir. Hesab edirəm ki, bu, çox davam etməyək. Ya Rüfət Aslanlı başqa bir vəzifəyə göndəriləcək, ya da onunla bağlı vəziyyət o qədər ciddidir ki, barəsində başqa tədbirlər də görülə bilər. Belə bir məqamda onunla bağlı mətbuatda komromat tipli xəbərlərin intensivləşməsi də təsadüf deyil.
Gözlənilən sonluq
Baş verənlərlə bağlı daxil olan məlumata görə, Palatadakı son iclaslar da məhz İbrahim Alışovun rəhbərliyi ilə keçirilib və Rüfət Aslanlının bu iclaslarda iştirak edib-etmədiyi barədə məlumatların sanki gizli saxlanılmasına üstünlük verildiyindən ictimaiyyətə bu barədə hər hansı məlumat, yaxud fotosübut təqdim edilməyib. Cumhuriyyet.az olaraq xatırladaq ki, onun yaxın dostu olduğu deyilən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovu da yola saldılar. Azad Cavadovun vəzifədən alınmasını Rüfət Aslanlıya xəbərdarlıq kimi yozanlar da oldu. Bunun nə dərəcə doğru olduğunu deyə bilmərik, amma o vaxtdan aydın oldu ki, Rüfət Aslanlının Palatadakı hökmranlığı da uzun çəkməyəcək. O, rəhbərlik etdiyi qısa zamanda təkcə kredit bataqlığında çabalayan yüz minlərlə sadə insanlar arasında deyil, hakim komanda da özünə xeyli düşmən qazanmağa macal tapıb. Ona görə də Rüfət Aslanlının “ulduzunun” növbəti dəfə parlayacağı inandırıcı deyil.
Sorğu
Yeni dizaynımız necədir?