Nazirlə palata sədri də marafona qoşulub - Təfərrüat
Vitse-prezidentlərin martın sonuna qədər təyin olunacağı gözlənilir. Deputat Vahid Əhmədov martda 6 posta təyinat olacağını açıqlamışdı.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı ilə sənaye və energetika naziri Natiq Əliyev 6 vitse-prezidentdən biri olmaq eşqinə düşüb.
Məlumatda iddia olunur ki, sədrlə nazir iqtisadi islahatlar üzrə prezidentin komandasında təmsil olunmaq niyyətindədirlər.
N.Əliyev iqtidarda veteran kadrlardan biridir, barəsində korrupsiya ittihamı səslənməyib. R.Aslanlı isə yeni yaradılmış palata sədri kimi özünü reformist göstərməyə çalışır.
Nazir bilir ki, Sənaye və Energetika Nazirliyi SOCAR-a birləşə bilər və bu halda vitse-prezident postunu tutmaq daha münasibdir.
N.Əliyevin vitse-prezidentlik uğrunda mübarizə apardığı və iqtidar rəhbərliyini razı salmağa çalışdığı deyilir. R.Aslanlı isə Mərkəzi Bank sədri Elman Rüstəmovu qabaqlayaraq mövqeyini möhkəmləndirib.
Mərkəzi Bankın digər səlahiyyətlərinin də Maliyyə Bazarlarına Nəzarət Palatası verilməsi təklifləri səslənir. Bu isə o deməkdir ki, Elman Rüstəmov Rüfət Aslanlıya tabe etdirilir, ona uduzdurulur, ayağına verilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri ilə yanaşı energetika nazirinin də vitse-prezidentlik şansları yüksək qiymətləndirilir.
Bu nazirliyin funksiyalarının bir qisminin Dövlət Neft Şirkətinə (SOCAR) verilməsi, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamentinin formalaşdırılması ideyası gündəmə gəlib.
Postneft dövrünün başlanması artıq bu qurumun lazımsızlığını şərtləndirib. Hakim dairələrdə gedən müzakirələrə görə, bu nazirliyin fəaliyyəti həm büdcəyə israfçılıqdır, həm faydalılıq əmsalı aşağıdır, həm də SOCAR-ın tabeliyində fəaliyyət göstərməsi daha münasibdir.
Qeyd edək ki, indi hakimiyyət birqütblü deyil və müxtəlif qruplaşmalar, merkantil maraqları olan klanlar var. Onların hamısının istəkləri təmin olunmalıdır. Bu arzular təbii ki, iqtidardakı mövqeləri möhkəmləndirmək və vitse-prezident postuna hər klandan bir namizədi yerləşdirməkdən ibarətdir.
İndiki halda bu təyinatlarla hansısa qrupların maraqları təmin olunmaya və narazılıq yarana bilər. Əlbəttə, hakimiyyətin içində balanslaşdırılmış siyasət yürüdülür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?