Mülkünü dağıdacağıq: hara istəyirsən şikayət et, sizə kompensasiya da verilməyəcək
“2017-ci ilin sentyabrında Abşeron Rayon icra hakimiyyəti başçısının I müavini İlham Quliyev tərəfindən məktub göndərilib. Məktubda qeyd edilir ki, mənə məxsus olan avtomobil qarajı və torpaq sahəsi müvəqqəti xarakter daşıyır və zərurət yarandıqda onlar sizin əlinizdən alına bilər. Bununla əlaqədar mən İcra Hakimiyyətinə getsəm də, icra başçısının qəbuluna düşə bilmədim. Düşünürdüm ki, icra başçısı, hörmətli İrada Gülməmmədova vaxtı ilə anamla birlikdə işləyib və mənim dərdimə çarə qılar. Amma İcra Hakimiyyəti binasının qarşısında duran polis əməkdaşı mənə dedi ki, icra başçısı heç kimi qəbul etmək istəmir”.
Bu fikirləri Abşeron rayon sakini, Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş əməkdaşı, baş leytenant Asif Lətifov qəzetimizə şikayətində deyib. Şikayətçi bildirib ki, icra başçısının qəbuluna düşə bilmədikdən sonra mülklərini qorumaq məqsədilə Elçin Sadıqovla müqavilə bağlayaraq özünə vəkil tutub: “Bundan sonra Dövlət Əmlak Komitəsinin ekspertiza şöbəsindən gələrək mənim əmlakımı 5510 manat miqdarında qiymətləndirdilər. Bura mənim avtomobil qarajım və torpağın üzərində olanları daxildir. Torpağın özünü qiymətləndirmədilər, çünki onun sənədi yoxdur. Amma 1 sot torpaq 1983-cü ildən bizə məxsusdur və evimizin qarşısında yerləşir. Bu torpağa biz su xətti çəkmişik, sayğac qoymuşuq, istifadə etdiyimiz suya görə ödəniş qəbzləri var. Vəziyyətin çıxılmaz olduğunu gördükdə isə qərara gəldik ki, Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsində iddia qaldırdıq. Hazırda işi hakim Vəfa Əzizova araşdırır. Ancaq iki dəfə məhkəmə prosesi keçirilib, lakin qarşı tərəf-Abşeron İcra Hakimiyyətinin nümayəndələri məhkəməyə gəlməyib. Təsəvvür edin ki, məhkəmə qərar vermədən fevralın 15-də səhər saatlarında əmlakımı dağıtmağa başlayıblar, su xəttini pis hala gətiriblər, qarajıma ziyan vurublar. Hətta atamın əkdiyi 20 illik zeytun ağaclarını korlayıblar. Mən atamla birlikdə həyətə düşüb traktorla oranı dağıdan şəxsə sual etdim ki, bu göstərişi haradan almışınız. O, isə dedi ki, göstərişi 2 saylı Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Kamil İsmayılov verib. Kamil İsmayılov isə dedi ki, ona göstərişi Mənzil Kommunal Təsərrüfat Birliklərinin rəisi olan Hüseyn müəllim verib. Bildirdim ki, rəhmətlik Heydər Əliyev deyirdi ki, ağacı kəsən mənim qolumu kəsir. Niyə bu ağacları məhv edirsiniz. Üstəlik məhkəmə qərarı qüvvəyə minmədən niyə buranı dağıdırsınız. Dedilər ki, get hara şikayət edirsən, et, göstərişi Abşeron İcra Hakimiyyəti verib”.
Şikayətçi deyib ki, onun əmlakını dağıtma prosesinin fotolarını çəkib, dərhal vəkilinə bu haqda informasiya verib: “Eyni zamanda binamızın qarşısında 20-yə yaxın ağacı “quruyub” bəhanəsi ilə kəsdilər. Hazırda nəyin baş verdiyini bilmirəm. Ancaq qeyri rəsmi məlumatlara görə, bunlar Abşeron rayonu 27-ci məhəllə, 2 b-nin qarşısında və arxasında bina tikmək istəyir. Ancaq bu da müəyyən razılıq əsasında, halallıq formasında həyata keçirilə bilər. Sən mənim əmlakımı niyə dağıdırsan. Qarşıdan prezident seçkiləri gəlir, insanlar seçkilər haqqında düşünür. Ancaq bu məmurlar sanki seçki öncəsi təxribatla məşğul olur, narazılıq yaradırlar. Üstəlik prezidentin həyata keçirdiyi işlərə kölgə salır və hansısa məmur durub deyir ki, məni maraqlandırmır və mən əmlakını zəbt edirəm. Bu açıq təxribatdır. Biz XXI əsrdə yaşayırıq. İnsanın əmlakını məhkəmə qərarı olmadan necə zəbt etmək və ya dağıtmaq olar? Bu həm də məmurların qanunçuluğa hansı münasibət sərgilədiyinin göstəricisidir”. Şikayətçi bildirib ki, hüquq istiqamətində mübarizəsini davam etdirəcək: “Mən bilmirəm ki, məhkəmə hansı qərar çıxaracaq. Əgər məmurun, hansısa vəzifəli şəxsin maraqlarına uyğun qərar veriləcəksə, biz yenə də məhkəmədən ədalət gözləyəcəyik. İnanıram ki, məhkəmə bu işə ədalətlə yanaşacaq. Əgər, hüququmuz pozulacaqsa, bütün məhkəmə instansiyalarını keçərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Hazırda mənim digər işim də Avropa Məhkəməsindədir. Fevralın 24-də məni icra hakimiyyətinin müavini qəbul etdi. Dedi ki, biz heç kimə kompensasiya vermirik, hara istəyirsən şikayət edin. Bunlar neyləyir etsin, mənim konpensasiyam ödənilməlidir. Bu mübarizəmizi sona qədər aparacağam”. Asif Lətifov bildirib ki, başına gətirilən haqsızlıq təkcə yaşadığı binanın həyətindəki mülkünün əlindən alınması ilə bitmir. O, deyir ki, 2017-cı ilin fevralında həbsdən azad edilib. Bundan sonra əmanət kitabçasını götürərək Kapital Bankın Abşeron filialına müraciət edib. Burada onu bankın mərkəzi binasına istiqamətləndiriblər. Burada Lətifovu Kapital Bankın müştərilərlə iş üzrə xidmətin rəisi Seymur Rzayev qarşılayıb. Şikayətçi bankın rəhbəri Rövşən Allahverdiyevin qəbuluna düşmək istəsə də, bəlli olub ki, bank sədri yüksək səviyyəli şəxs olduğundan heç kimi qəbul etmir. Bundan sonra Asif Lətifov 1991-ci ildə SSRİ Əmanət Bankında yerləşdirilən 11610 rubl vəsaitin fazilərinin ona qaytarılmasını istəyib. Nəzərə çatdırıb ki, 2012-ci ilin avqustunda həbs edilib. Onun həbsindən sonra isə Prezidentin göstərişi ilə vətəndaşların Əmanət Bankında yerləşdirdiyi pullar müəyyən faizlərlə qaytarılıb. Həmin zaman şikayətçi həbsdə olduğundan pulları ala bilməyib. Atası Kapital Bankın Qara Qarayev filialına müraciət etsə də, ona deyilib ki, oğlunuz həbsdən çıxdıqdan sonra onun adına olan əmanəti qaytaracaqlar. Ancaq indi ona deyirlər ki, 11610 rublun qarşılığında cəmi 2 manat 10 qəpik pul qaytara bilərlər. Arqumentdə budur ki, SSRİ dövründə banklarda qalan əmanətlərin qaytarılmasından illər keçib. Ancaq normalda vətəndaş azadlıqdan mərhum edilirsə və ya istintaq dövründə yaxın ailə üzvləri ilə görüşə bilmirsə, bu maliyyə sonradan ona qaytarılmalıdır. Şikayətçi təəssüflə vurğulayır ki, əgər, adicə bank rəhbərinin qəbuluna düşə bilmirsə Abşeron icra başçısının qəbuluna necə düşə bilər?. Mən bu istiqamətdə də mübarizəmi davam etdirəcəym”.
Sorğu
Yeni dizaynımız necədir?