“Çallı bələdiyyəsi tərəfindən Əzizovlar ailəsinə icarəyə verilmiş 186 hektar topaq sahələrinə görə heç bir rüsum ödənilmir və qanunun tələbləri də tapdaqlar altına atılır”
Müxtəlif regionlarda fəaliyyət göstərən bələdiyyələrlə bağlı yaşanan problemlər çox zaman gündəmi zəbt edən və böyük cameənin müzakirə etdiyi mövzulardan biri olur. Sözsüz ki, bütün bunlara da səbəb, əksər hallarda bələdiyyələrdə rəhbərliyi həyata keçirən şəxslərin yarıtmaz idarəçiliyi və onların şəxsi maraqlarını hər şeydən üstün tutmaları olur. Bu sırada Zərdab rayonu Çallı bələdiyyəsinin də adı daha öncüllər sırasında çəkilməkdədir. Belə ki, bir neçə gün bundan əvvəl redaksiyamızın elektron poçtuna Çallı kənd sakinləri Məmmədov Mehman Nizam oğlu və Məmmədov Fərrux Müslüm oğlu tərəfindən göndərilən açıqlamalar, adı çəkilən bələdiyyədə nələrin yaşandığını tam aydınlığı ilə müəyyən etməyə imkan verir. Yəni, onlar göndərdikləri açıqlamalarda bildirirlər ki, “Zərdab rayonunun Çallı kənd bələdiyyəsinin sədri Rafiq Umudov ya vəzifəsini icra edə bilmir, ya da qəsdən qanunsuzluğa yol verir. Nəticədə dövlətə və kənd sakinlərinə küllü miqdarda ziyan dəyir. Belə ki, Çallı bələdiyyəsinə məxsus 186 hektar torpaq sahəsi bələdiyyə rəhbərliyi tərəfindən, adı çəkilən bələdiyənin əvvəlki sədri Əzizov Əyyub Fəzli oğluna, onun oğlanları Babək və Çingizə uzun müddətli icarəyə verilsə də, onlar bələdiyyə büdcəsinə indiyə kimi heç bir icarə haqqı ödəməmişlər. 186 hektarlıq torpaq sahəsinin 50 hektarı Əyyub Əzizova, 86 hektarı Babək Əzizova, 50 hektarı isə Çingiz Əzizova təxminən 15 il əvvəl uzun müddətli icarəyə verilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, onlar indiyə kimi bələdiyyə büdcəsinə heç bir icarə haqqı ödəməsələr də, Çallı bələdiyyəsinin bugünkü sədri Rafiq Umudov, hələ ki, bu barədə heç bir qanunu tədbir görmür. Hansı ki, icarə müqaviləsinin şərtlərinə görə bələdiyyə ilə vətəndaş arasında bağlanmış icarə müqaviləsinin öhdəliyi icarəçi tərəfindən yerinə yetirilmədikdə, bağlanmış müqavilə icarəverən tərəfindən dərhal ləğv olunmalıdır.
Qanunun belə bir tələbinə baxmayaraq, bu gün Çallı bələdiyyəsinin sədri Rafiq Umudov hər hansı addımını atmaq fikirində deyil. Bu cür qanunsuzluqlara qol qoyulmasında birbaşa bələdiyyə rəhbərinin marağı olduğundan, o, hələ də susmaqda davam edir. Çünki, 186 hektar torpaq sahəsini Çallı bələdiyyəsindən icarəyə götürüb icarə haqqı ödəməyən Əzizovlar ailəsi, həmin torpaq sahələrini üçüncü şəxsə icarəyə verib pul alırlar. Yəqin ki, alınan pulların müəyyən hissəsi sədrə çatdırılır ki, o, hər hansı addımını atmaq fikirində olmur. İcarəyə verilmiş 186 hektar torpaq sahələrinin bir hektarının illik icarə haqqı 20 manatdır. Bu da 15 il müddətinə küllü miqdarda pul edir. Buna baxmayaraq, Əzizovlar ailəsi indiyə kimi bələdiyyə büdcəsinə heç bir icarə haqqı ödəməmişlər. Hansı ki, bu pullarla Çallı kəndində bir çox abadlıq və quruculuq işlərini həyata keçirmək, bərbad halda olan kəndarası yolları qaydaya salmaq olardı.
Qeyd edək ki, Əyyub Əzizov 2010-2015-ci illər ərzində Çallı bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, rəhbərlik etdiyi qurumda çoxsaylı korrupsiya əməllərinə qol qoyduğundan hələ bir müddət bundan əvvəl barəsində cinayət işi qaldırılır və məhkəmənin hökmü ilə də cəzalandırılır. Belə bir səbəblər üzündən də, Əyyub Əzizov daşıdığı vəzifəsinə “əlvida” deməli olur. Hal-hazırda Çallı kənd sakinləri maldarlıqla və əkinçiliklə məşğul olsalar da, onlar torpaq qıtlığı ilə üz-üzə qalmaqdadırlar. Buna baxmayaraq, Əzizovlar ailəsi 186 hektar torpaq sahəsini bələdiyyə tərəfindən ələ keçirmişlər və buna görə də bələdiyyə büdcəsinə heç bir icarə haqqı ödəmədən cinayət əməllərinə qol qoymaqda davam edirlər. Onu da qeyd edək ki, pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsi məqsədilə cənab Prezidentin xüsusi tapşırıqlarından sonra, regionlarda pambıq əkin sahələrinin əkilməsinə start verilib və bunun nəticəsi olaraq, kənd sakinlərinin sosial-rifah halı xeyli yaxşılaşıb. Amma, bu gün Çallı kənd sakinləri torpaq sahələri tapmırlar ki, pambıq əkib becərsinlər, təsərrüfatlarını genişləndirsinlər, dövlətimizə bu və ya digər formada xeyr versinlər. Bu cür qanunsuzluqların baş alıb getməsinin əsas səbəbkarı isə, birbaşa işinin öhdəsindən gələ bilməyən Çallı bələdiyyəsinin sədri Rafiq Umudovdur. Hansı ki, bələdiyyə sədri Əzizovlar ailəsinə verilmiş 186 hektar torpaq sahəsinə görə icarə haqqı ödəmədikləri üçün, dərhal icarə müqaviləsini ləğv etməli və həmin torpaq sahələrində pambıq əkilməsi üçün, torpaq sahələrini yerli sakinlərə icarəyə verməli olduğu halda, o, bu gün də vəzifəsini yerinə yetirmir. Hazırda sakinlər pambıq əkin sahələri əkmək istəyir, arzularını həyata keçirməyə isə bələdiyyə sədri heç cür imkan vermir. O hala da diqqət yetirmək lazımdır ki, əvvəlki bələdiyyə sədri Zərdab rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsini daşıyan Ramiz Məmmədov tərəfindən himayə olunur. Ramiz Məmmədov isə, Sabirabad RİH-nin başçısı Nazim İsmayılovun xalası oğludur. Dəhşətli hal odur ki, bu şəxs latın dilində yazıb-oxumağı bacarmadığı halda, o, bu gün icra hakimiyyəti aparatında şöbə müdiri vəzifəsini daşımaqdadır. Ramiz Məmmədovun qorxusundan Çallı bələdiyyəsinin sədri Rafiq Umudov, 186 hektar icarəyə verilmiş torpaq sahələrinə görə Çingiz Əyyubovdan bir qəpik olsun belə icarə haqqı almır və yaxud da ala bilmir. Torpaq icarəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən icarəçi icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etməli, icarə müqaviləsinin şərtlərinə əməl etmək, müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa, onun razılığı ilə icarəçinin vəsaiti hesabına aparılmış tikinti işlərinin dəyərini ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir. Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəçi torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir. Qanunun belə bir tələblərinə baxmayaraq, bu gün Əzizovlar ailəsinə Çallı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 186 hektar topaq sahələrinə görə heç bir rüsum ödənilmir və qanunun tələbləri də tapdaqlar altına atılır. Belə bir qanunsuzluqlara şərait yaradan da, Zərdab RİH-nin şöbə müdiri vəzifəsini daşıyan Ramiz Məmmədov və Çallı bələdiyyəsinin sədri Rafiq Umudovdur”. Bütün bunlar onu söyləməyə əsas verir ki, Rafiq Umudovun rəhbərlik etdiyi Çallı kənd bələdiyyəsində anarxiya, hər cür qanunsuzluq halları baş alıb getməkdədir. Baş verənlərin varlığı onu da göstərir ki, adı çəkilən qurumda dərəbəylik mühiti hökm sürdüyündən, bələdiyyə sədrini və digər vəzifə sahiblərini bələdiyyə büdcəsinin durumu, kənd sakinlərinin yaşam tərzi və digər problemlərin həlli deyil, yalnız və yalnız şəxsi maraqlarının təminatı düşündürür. Məqalədə sadalananlar qarşı tərəfin fikirləri öyrənilmədən, yalnız adı çəkilən kənd sakinlərinin redaksiyamızın elekrton poçtuna göndərdikləri açıqlamalar əsasında hazırlanıb. Odur ki, səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzunu diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?