Buna səbəb, rayonun mərkəzi xəstəxanasında uzun müddət stasionar müalicə alan və əmək qabiliyyəti bərpa olunmayan xəstələrin əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiziya Kommisiyasına elektron qaydada göndərilən sənədlərin, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədov tərəfindən məqsədyönlü olaraq, düzgün göndərilməməsidir. Bunun nəticəsində həmin xəstələrin, sənədlərinə imtina bildirişi gəlir. TSEK-dən xəstələrin əlillik dərəcəsi üçün edilən müraciətlərinə gələn imtina bildirişində əsas səbəb kimi sənədlərin düzgün doldurulmaması göstərilir. Ən təəccüblüsü odur ki, dəfələrlə həmin göndərilən sənədlərə bir dəfə yox, hətta bir neçə dəfə başdansovdu imtina bildirişi gəlir.
Buna misal olaraq, Lənkəran şəhəri, H. Z. Tağıyev küçəsində yaşayan, 1971 – ci il təvəllüdlü, üç uşaq anası, ingilis dili müəlliməsi Nəzakət Hüseynovanın başına gətirilənləri göstərmək olar. Xəstə N. Hüseynova “Gündəm Xəbər”ə bildirib ki, 2017- ci ilin yanvarında “beyin insultu” keçirib. Uzun müddətdir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında müalicə kursu keçir. Sağlamlığı hələ də, bərpa olunmayıb. Xəstə əlillik dərəcəsi almaq üçün, onun sənədləri Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üç dəfə göndərilsə də, hər dəfə ona imtina bildirişi gəlib.
Sonuncu dəfə Nəzakət müəlliməyə aşağıdakı cavab göndərilib: “ Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: göndərişdə xəstənin stasionar mualicə almasi barədə məlumat yoxdur.xəstə işlədiyi ucun dispanser musahidə muddəti(180) gun gözlənilməlidir.muddət bitdikdən sonra sistemə daxil edə bilərsiniz Forma 88 nömrəsi: 0284003AAGC4 Qiymətləndirmə tarixi: 12.01. 2018
Daha sonra, qeyd etdiyimiz kimi, xəstə Nəzakət Hüseynova ingilis dili müəlliməsidir. Onun bülleteninin vaxtı 2018 – ci ilin yanvarın 18 – də bitib. Lakin xəstəxanada vaxtını uzatmırlar. Baş həkimin müavini Taleh Məmmədov və poliknikanın müdiri Zahir Axundov xəstəyə deyiblər ki, bu məsələ də bizlik deyil.
Başqa bir misal, Lənkəran rayonu, Liman şəhərinin sakini, 1961 – ci il təvəllüdlü Gözəlov Fəxrəddin Gülmirzə ağır fomada “beyin insultu” keçirməsinə baxmayaraq, Mərkəzi Xəstəxananın həkim komissiyası onun pensiyaya çıxması üçün uzun – uzadı get – gəldən sonra rəy verməsinə baxmayaraq, yenə də, əvvəlki qaydada xəstəyə imtina bildirişi gəlib: İmtina edilib. Səbəb: Göndərişin natamam doldurulması. Ətraflı: göndərişdə xəstənin stasionar mualicə almasi barədə məlumat yoxdur.xəstə işlədiyi ucun dispanser musahidə muddəti(180) gun gözlənilməlidir.muddət bitdikdən sonra sistemə daxil edə bilərsiniz Forma 88 nömrəsi: 0284003AAGC4 Qiymətləndirmə tarixi: 12.01.2018
Siyahını artırmaq olar. Bu barədə kifayət qədər məlumat var. Rayonun səhiyyə sistemində baş alıb gedən rüşvətxorluq , korrupsiya halları rayon sakinlərini narahat edir. Məsələ ilə əlaqədar, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevin və baş həkimin müavini Taleh Məmmədovun münasibətini öyrənmək istədik. Taleh Məmmədov birmənalı olaraq bildirdi ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından TSEK- na əlillik dərəcəsi almaq üçün göndərilən sənədlər tam düzgün və qanuna müvafiq doldurulub. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bilərəkdən xəstələrin sənədlərinə imtina bildirişi göndərilir. Biz xəstələrin sənədlərinə göndərilən imtina bildirişləri barədə tam məlumat istədikdə, o, imtina edərək bildirdi ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında imtina bildirişinin mətnini tam açıq şəkildə oxumaq mümkün deyil.Yalnız xəstə bu barədə gedib ƏSM- nin TSEK- indən tam aydın şəkildə məlumat ala bilər. Bəzi mənbələrdən aldığımız məlumata əsasən, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əlillik dərəcəsinin təyin edilməsi üçün, bazar qiyməti həmin xəstəxananın ekspert kommisiyasında 300- 500 manat, ƏSM- nin TSEK-da isə 2500- 3000 manat civarındadır. Hal – hazırda əlillik dərəcəsi almaq üçün müraciət edən vətəndaşların taleyi futbol meydançasında iki komanda arasında oynanılan topa bənzəyir. Bəs görəsən, məsələ ilə bağlı aidiyyatı qurumlar nə vaxt maraqlanar və qanuna müvafiq ölçü götürərlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?