Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirliyin binası qarşısında özünü yandırmaq istəyən Sərxan Cabbarovla bağlı açıqlama verib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib ki, əlillik dərəcəsi almaq üçün özünə qəsd yolu ilə dövlət orqanına təzyiq etmək cəhdi müsbət nəticələnə bilməz. “Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə həyata keçirilir. Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur. Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən, vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub”, -Babayev deyib. Onun sözlərinə görə, proses artıq elektron qaydada, yəni Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi haqqında məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində TSERAS-a ötürülür. Göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir.
Nazirlik rəsmisi qeyd edib ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir.
Qeyd edək ki, Cabbarov dünən nazirliyin qarşısında özünü yandırmaq istəyib. O, əlillik dərəcəsi ala bilmədiyindən intihar etmək istədiyini deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?