VI Bakı Qlobal Forumu, baş nazir Artur Rasizadənin Milli Məclisdə hesabatı, səhiyyə sisteminin problemləri və başqa bu kimi məsələlər şənbə - 17 mart, 2018-ci il medianın aparıcı mövzularındandır...
“Rəsmi pulsuz, qeyri rəsmi pullu....”
“Exo” qəzetində “Səhiyyə Azərbaycandan ötrü sonuncu sıradadır?” sualı gündəmə daşınır. Yazıda Azərbaycanda səhiyyənin vəziyyəti və icbari tibbi sığortanın bütün bölgələrdə tətbiq olunmaması ekspertlərlə müzakirə edilib. Müəllif vurğulayıb ki, rəsmi olaraq ölkədə tibbi xidmətin pulsuz olduğu deyilir, amma reallıqda belə deyil: “Dövlət balansında olan xəstəxanaya ayaq basdıqda dərmanlardan tutmuş sanitar və tibb bacıları xidmətinə qədər hamını “görməli”sən. Özəl xəstəxana və tibb mərkəzlərində pulu kassaya ödəməlisən. Amma o məbləğlə ölkədəki yaşayış minimumu, minimum pensiya və ya maaş uyğun gəlmir”. Yazıda bildirilir ki, belə durumda vətəndaş köməksiz qalır və dövlətdən hər hansı dəstək ala bilmir.
“Ölkənin səhiyyə sistemində qəribə hallar baş verir. Tibbi sığorta tətbiq edilməyib və məlum deyil ki, nə zaman tətbiq ediləcək. Amma məsələ həll edilməlidir və onun yolu tibbi sığortanın tətbiqindən keçir”, – deyə ekspert Natiq Cəfərli vurğulayıb.
N.Cəfərli bildirib ki, Azərbaycanda tibbi sığortanın tətbiqində bir neçə pilot regionlar seçiblər. Onun fikrincə layihə tam baş tutmayıb: “Bu ona görə baş verib ki, regionlarda lazımi avadanlıqlar yoxdur, Bakıdakı xidmətlər təklif olunmur. Nəticədə, region sakinlərini müalicə üçün Bakıya göndərməyə başladılar. O zaman bu pilot layihələrin mahiyyəti nədir?”. N.Cəfərli vurğulayıb ki, hazırda Azərbaycanda inkişaf etmiş bir çox ölkələrlə müqayisədə səhiyyəyə çox az pul ayrılır. Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da hesab edir ki, tibbi xidməti əlçatan edə bilməkdən ötrü səhiyyəyə ayrılan vəsait artırılmalıdır...
“Kommunist partiyasının plenumları...”
Müəllif iqtisadçı Qubad İbadoğlu baş nazir Artur Rasizadənin dünən, martın 16-da Milli Məclisdə 2017-ci illə bağlı hesabatını dəyərləndirib. Qubad İbadoğlu bildirib ki, hesabat 2017-ci ili əhatə etməsinə baxmayaraq müqayisələr son 14 ilin üzərində qurulub:
“Hesabatın leytmotivini korrupsiya hesabına yaradılmış infrastruktur təşkil edirdi. Bu da sovet dövründə kommunist partiyasının plenumlarında partiya rəhbərlərinin təsərrüfat fəaliyyətinin nəticələrinə həsr olunmuş çıxışını xatırladırdı. Hesabatda mövcud infrastrukturun rəsmi statistik məlumatlarla xarakteristikası verilməklə ölkə iqtisadiyyatının daha çox kəmiyyət qiymətləndirilməsi aparılıb. Elə bil ki, baş nazır deyil, Dövlət Statistika Komitəsinin sədri hesabat verirdi”. İqtisadçının fikrincə, əslində bu hesabat ötən ilin yekunlarına həsr olunmalı, sosial-iqtisadi nəticələrin bazasında keyfiyyət xarakterli qiymətləndirməni əks etdirməli, cari il üzrə yeni planlar açıqlanmalı və hökumətin əhaliyə, biznesə mesajları çatdırılmalı idi: “Təəssüf ki, baş nazir ölkədə 2 il davam edən ikirəqəmli inflyasiya problemindən, bank sektorunun acınacaqlı vəziyyətindən, kredit qoyuluşunun azalmasından, problemli kreditlərin artmasından, Beynəlxalq Bankın borclarından, neft gəlirlərinin səmərəsiz xərclənməsindən, işsizlikdən, yoxsulluqdan, regional disproporsiyasından, miqrasiyadan, təhsilin və səhiyyənin keyfiyyətindən heç nə danışmadı...” VI Bakı Qlobal Forumu “Azərbaycan” qəzetində isə “Azərbaycan dünyanın əsas tərəfdaşlıq mərkəzlərindən biridir” sərlövhəli yazıda VI Bakı Qlobal Forumu fonunda Azərbaycanın beynəlxalq tərəfdaşlıqda rolu dəyərləndirilir. Müəllif yazıb ki, martın 15-də başlayan foruma 50-dən çox ölkənin 450-dən çox nümayəndəsi, hökumət başçıları, tanınmış siyasətçilər, dövlət xadimləri, alimlər və vətəndaş cəmiyyətinin təmsilçiləri qatılıblar. Yazıda hesab edir ki, qlobal məsələlərin həllində müstəsna rol oynayan Bakı Forumu ölkənin beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə dönməsinin sübutudur:
“Əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan Qlobal Bakı Forumu müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır”. Yazıda bu forumda dövlət başçısı İlham Əliyevin çıxışına da yer verilir. Müəllifin xatırlamasına görə, dövlət başçısı deyib ki, son 15 ildə ölkədə yoxsulluq və işsizlik təxminən 5 faiz səviyyəsinə düşüb. Yazıda bildirilir ki, son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb. Müəllifi vurğulayır ki, 2004-cü ildə valyuta ehtiyatları cəmi 1.8 milyard dollar idisə, indi 44 milyard dollara çatıb. Yazıda habelə, qeyd edilməsinə görə, son 15 ildə ölkə iqtisadiyyatına 230 milyard dollara sərmayə yatırılıb:
“Bu nailiyyətləri dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, həqiqi müstəqilliyin qorunub saxlanılması onu əldə etməkdən çox çətindir. Ancaq bugünkü Azərbaycan tam mənada müstəqil dövlətdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?