İşdən çıxarılmış Gəncə Texnologiya Universitetinin keçmiş əməkdaşı Azər Allahverdiyev bu təhsil müəssisəsinin rektorundan şikayətçidir.
Azər Allahverdiyev Universitetin rektoru Akif Süleymanovun işdən azad edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraicətin surəti həmçinin digər dövlət qurumlarına-Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Təhsil Nazirliyinə də göndərilib. O, rektoru qanunsuz fəaliyyət göstərməkdə ittiham edir:
“Universitetə 2013-cü ildən bu günə kimi rəhbərlik edən Akif Süleymanovun idarəçiliyi nəticəsində qanunsuzluqlar baş alıb gedir. Maliyyə Nazirliyinin yoxlaması nəticəsində 1,3 milyon manat mənimsəmə faktı aşkarlanıb, müvafiq sənədlər əsasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Sonradan Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu işlə bağlı yüzlərlə şahid məhkəməyə dəvət olunub. Rektor Akif Süleymanovun əvvəlki və indiki maliyyə pozuntularında birbaşa əli olduğunu yaxşı bilən kollektivdə heç bir nüfuzu, hörməti qalmayıb. O, universitetdə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını çoxdan itirib”.
Müraciətdə A.Allahverdiyev rektorun qəsdən ona şər atdığını bildirir: “Akif Süleymanovun öyrətdiyi iki xanım mənə böhtan atdı, buna görə məni işdən kənarlaşdırdılar. Bunlardan biri Texnologiya Universitetinin “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017-ci ildə Kəpəz rayon məhkəməsi tərəfindən bəraət aldım və mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində qətnaməni icra edərək işə qayıtmağıma qərar çıxarıldı”.
A.Allahverdiyev adıçəkilən qızlardan biri Zamiqə Xəlilovanın Gəncə 34 nömrəli məktəbin direktoru Yuris Xəlilovun qızı olduğunu bildirir. Məktubda universitetin əməkdaşlarının haqsız formada işdən çıxarıldığı vurğulanır: “30 nəfərə yaxın professor, dosent, müəllim, 100-dən çox texniki işci işdən uzaqlaşdırılıb. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur-olsun, işdən kənarlaşdırmaq fikrinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan üsullara belə əl atır.
Şikayətçı əlaqədar qurumlara dəfələrlə müraciət edilməsinə baxmayaraq, onların cavabsız qaldığını bildirir: “Şikayətlərimizi Təhsil Nazirliyinə yönəldirlər, onlar da cavabsız qalır. Görünür ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun arxasında hansısa yüksək vəzifəl məmur durur. Dövlət qurumları bu adamın qanunsuz əməllərinin qarşısını almaqda çətinlik çəkir. Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4-5 nəfər ailə üzvü var. Yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısı alınmalıdır”.
Azər Allahverdiyev müraciətlərindən sonra Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinə çağrıldığını bildirib. Onun sözlərinə görə, şöbədə sorğu-sual edilib, ona məsələnin araşdırıldığı bildirilib./teref.info
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?