Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
gundemxeber.az xəbər verir ki, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Bu gün X.İsgəndərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamının yayılacağı gözlənilir. Xaləddin İsgəndərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində xəbəri təsdiqləyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”. Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, “heç bir vəzifəyə təyinat almamışam” cavabı verib. Qeyd edək ki, Xaləddin Şahmar oğlu İsgəndərov 5 noyabr 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Yevlax rayonu Birləşdirilmiş Qaz Birliyində çilingər kimi başlayıb. 1984-1985-ci illərdə Qubadlı rayonu İstehlak Cəmiyyətində sədr müavini, 1987-1991-ci illərdə Abşeron rayonu təsərrüfat hesablı univermaqda əmtəəşünas, 1991-1992-ci illərdə Xızı rayonu İstehlak Cəmiyyətinin ticarət şöbəsinin müdiri, 1992-2001-ci illərdə “Azər” təsərrüfat hesablı müəssisənin direktoru vəzifəsində çalışıb. 2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin böyük referenti olub. 2003-2012-ci illərdə Vergilər Nazirliyinin 11 saylı və 14 saylı Ərazi Vergi İdarələrində, Bakı şəhəri Vergilər Departamentində, Vergilər Nazirliyi yanında Xüsusi rejimli Vergi Xidməti Departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?