Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib. Bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki “Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib.
Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, onun müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.
Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?