Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağı haqda ehtimallar təsdiqlənir.
Artıq bir neçə strukturda ciddi kadr dəyişikliyi aparılıb. Öncədən də bəlliyidi ki, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Bu sırada təşviş içində olanlarla yanaşı yeni təyinat həsrətində olanlar da yox deyildi. Bununla bağlı daxil olan məlumata görə, seçkidən sonrakı dönəmdə nazir postu iddiasında olanlar arasında Bayramov qardaşları xüsusilə seçilirdi. Söhbət Maliyyə nazirinin müavini Azər Bayramov və Təhsil Nazirinin müavini, artıq isə nazir təyin olunan Ceyhun Bayramovdan gedir. Bayramov qardaşlarının bu günkü durumu və iddialarına keçməzdən öncə onların keçmişi haqda bəzi məqamlara diqqət yetirək.
Azər Bayramovun çətin günləri: Elşad İsgəndərovsuz irəliləmə
İki qardaşın ittifaqının əsas lokomotivi Azər Bayramovdur. A.Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qayınıdır və vəzifə yüksəlişində onun xidmətləri xüsusidir. Məlumumdur ki, Elşad İsgəndərov “nurçu qalmaqalı”na görə tutduğu vəzifədən azad edilib. İsgəndərov işdən çıxarılandan sonra Maliyyə Nazirliyində bir çoxları Bayramovların da gedəcəyi fikrinə düşübmüş. Hətta həmin dönəmdə Azər Bayramov otağını belə yığışdırmaq üçün təlimat veribmiş. Bununla bağlı saytımızı məlumatlandıran mənbə deyir ki, Azər Bayramov əsasən nazirliklərə xidmət edən Maliyyə İdarəsinin rəisinin də imkanlarından yararlanır. Belə ki, nazir müavini həmin idarənin rəisi olan yerlisi, gədəbəyli Nadir Qarayevlə birlikdə hərəkət edərək, maliyyə nazirindən xəbərsiz bir sıra planların icrasını həyata keçirirlər. Mənbə maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı, təhsil nazirinin müavini postuna gətirilmiş Ceyhun Bayramovla birlikdəki planlarından da bəhs edib. Bəzi mənbələrin verdiyi məlumata görə, Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsinə təyin olunması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləriylə məşğul olması deyil, məhz təhsilə ayrılan vəsaitə nəzarəti ələ keçirmək olub.
Azər Bayramovun Beynəlxalq Bank maxinasiyaları: yenə də “sudan quru” çıxdı.
Azər Bayramovun ikinci çətin durumu Beynəlxalq Bankla bağlı qalmaqalda yaşanıb. Belə ki, Maliyyə Nazirliyinin əsas səhmdarlarından olduğu ABB-nin Müşahidə Şurasının sədri, maliyyə naziri Samir Şərifovun müavini Azər Bayramovla digər təmsilçi bu illər ərzində bir dəfə də olsun, C.Hacıyevin bu əməlinə açıq etiraz etməyiblər. Yəni onların nə vaxtsa Cahangir Hacıyevə etiraz etdiyinə dair ortada fakt yoxdur. Lakin ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev başda olmaqla, bankın demək olar ki, əksər məsul əməkdaşları ya həbs olundu, ya da işdən çıxarıldılar. Amma bu işə məsul şəxslərdən sayılan Azər Bayramova “gözün üstə qaşın var” deyən olmadı. Bu məsələ ilə bağlı cumhuriyyet.az olaraq xatırladırıq ki, əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Azər Bayramovu yaxından tanıyanlar, onun kimə bağlılığından xəbərdar olanlar bilirlər ki, o, Cahangir Hacıyevə nəinki təsir etmək, hətta yeri gələndə, istənilən qərarı ləğv etməyə gücü çatırdı. Maraqlı məqam isə odur ki, Hacıyevdən sonra ABB-yə sədrlik edən Elmar Məmmədov da “vuruldu”, yenə də ABB-nin Müşahidə Şurasının sədri “sudan quru” çıxdı.
Samir Şərifovun ən yaxınında basdırılmış mina
Maliyyə Nazirliyində əsas qruplaşmaya liderlik edən A.Bayramov hakimiyyətdəki nüfuzlu bir qrupa bağlılığını hər addımda nümayiş etdirməklə, “toxunulmaz şəxs” olduğunu göstərməyə çalışır. A.Bayramovun nazirlikdəki komandasına gəlincə, bu sırada Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Cavanşir Yusifovdan tutmuş, bir çox idarə rəislərinin adları çəkilir. Bu komandanın isə S.Şərifovdan çox A.Bayramovun verdiyi tapşırıqlar əsasında hərəkət etdiyi bildirilir. Hətta bir çox rayonlar üzrə idarə rəislərinin də A.Bayramovun komandasında olduğu qeyd edilir. Yəni onun “təqdimatı” və nazirə xahişi ilə həmin şəxslər bu vəzifələrə sahiblənə biliblər. Elə bu səbəndən də Azər Bayramov nazir kürsüsünə oturmaq üçün hazırlaşır və onun bu arzusuna çata bilməsi üçün qarşıda elə də maneə görünmür. Baş verənləri yaxından müşahidə edən adının çəkilməsini istəməyən ekspert cumhuriyyet.az-a bildirib ki, Azər Bayramovun maliyyə naziri olması daha perespektivli görünürdü. Eyni zamanda yeni Vergilər nazirinin Mikayıl Cabbarov olması da Azər Bayramov üçün nazir kürsüsnə gedən qapının açarlarından biri sayılırdı. Xatırladaq ki, Mikayıl Cabbarov və Bayramov qardaşları dostluq münasibətlərinə sahibdirlər. Amma qardaşlardan kiçiyinin nazir təyin olunması bu prosesi dayandırdı. Artıq Ceyhun Bayramov nazir postundadır.
Ceyhun Bayramov nazir postunda…
Mikayıl Cabbarovun sələfi kimi əvvəlcə Təhsil Nazirliyi aparatının rəhbəri, ardınca isə təhsil nazirinin müavini, sonda nazir olan 43 yaşlı Ceyhun Bayramov Mikayıl Cabbarovun yaxın dostudur. Onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Onun yaxından uzaqdan təhsilin idarə olunması ilə heç vaxt əlaqəsi və bağlılığı olmayıb. Belə ki, əslən Gədəbəy rayonundan olan, lakin Bakıda dünyaya göz açmış Ceyhun Bayramov 1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub. Gördüyünüz kimi, o, indiyədək təhsil sistemi ilə bağlı heç bir işdə çalışmayıb. Bəzi ekspertlər Ceyhun Bayramovun hələ nazir səlahiyyətlərini icra edərkən fəaliyyətini bir neçə dəfə tənqid edib və onun bu sahəyə yad birisi olduğunu vurğulayıblar: “Təhsil nazirinin qeyri-ixtisas sahibi olması yolveriləndir. Çünki burda idarəetmə təcrübəsi əsas rol oynayır. Ancaq müavinlər, idarə rəisləri, şöbə müdirləri sırf ixtisas sahibləri olmalıdırlar. Mən başa düşürəm ki, hər bir adam vəzifəyə təyin olunduqdan sonra öz komandasını yaratmaq istəyir. Ancaq bu o demək deyil ki, bütün kadrlar kənardan gəlməlidir. Təhsil Nazirliyi elə bir sahədir ki, burda sırf ixtisas sahibləri, peşəkarlar işləməlidirlər. İki-üç nəfər qeyri-ixtisas sahibi olması normaldır, ancaq bütövlükdə nazir və müavinlərinin qeyri-ixtisas sahibi olmasının nə dərəcədə effektli olacağını demək çətindir. Bunu gələcək göstərəcək”.
Yeni nazirin köhnə şakəri: büdcə necə talanır?
Son zamanlar Ceyhun Bayramovun adı bir sıra xoşagəlməz məqamlarda hallandırılır. İddialara görə, nazir müavini məhz qardaşı Azər Bayramovun dəstəyi ilə təhsil sistemi ilə bağlı keçirilən tender müsabiqələrinin əksəriyyətində söz sahibliyi qazana bilib. Bunun nəticəsində istədiyi təhsil müəssisəsi rəhbərini öz təsiri altına salmağı bacarır. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırma zamanı yer alan məlumatda göstərilir ki, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Ceyhun Bayramovun güvəndiyi, birgə “əməkdaşlıq” etdiyi şəxslərdən sayılır. Əgər müvafiq qurumlar bununla bağlı araşdırma aparsalar, o zaman məlum olacaq ki, Təhsil Nazirliyinin peşə sektorunu əhatə edən bütün işlərdə, həmçinin tender məsələlərindən Ceyhun Bayramovun adı keçir. Dövlət İqtisad Universitetinin rektoruna gəlincə, onların təhsil nazirinin müavininin təsiri altında olduğu deyilir. İndi qeyd edəcəyim məqam məhz bunu sübuta yetirir. Belə ki, Ceyhun Bayramovla Ədalət Muradov Dövlət İqtisad Universitetində ödənişli təhsildən əldə edilən vəsaitin, nə az, nə çox düz 25 milyon manatın digər istiqamətlərə yönəldilməsinə rəvac verib. Bununla bağlı kiçik bir araşdırma bəs edər ki, mövzu ilə bağlı bütün bilgilər ictimailəşdirilsin. Deyilənlərə görə, Ceyhun Bayramov bu məsələdə qardaşı Azər Bayramovun yardımlarına baş vurub. Məhz bundan sonra sözügedən vəsaitin təyinatı üzrə xərcləndiyi barədə sənədlər hazırlanıb”.
Təhsil nazirinin müavininin qardaşı Azər Bayramovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “nurçu qalmaqalı”na görə tutduğu vəzifədən azad edilən Elşad İsgəndərovun qayını olduğunu deyən məlumatlı şəxs bildirir ki, Ceyhun Bayramov da Azərbaycandakı ilə əlaqəlidir: “Deyilənlərə görə, onun karyerasında bu faktor mühüm rol oynayıb. Ceyhun Bayramovun Təhsil Nazirliyində belə mühüm posta çəkilməsi səbəbsiz olmayıb. Belə ki, qardaşı onun müavin vəzifəsi alması üçün xeyli əziyyət çəkib və əlaqələrindən istifadə edib. Məqsəd isə Ceyhun Bayramovun təhsil məsələləri ilə deyil, məhz təhsilə ayrılan vəsaitlərə nəzarəti ələ keçirmək olub. Bu arada, qeyd edim ki, Ceyhun Bayramov artıq bir müddətdir ki, Təhsil Nazirliyinin müxtəlif şöbələrində öz adamlarını yerləşdirməyə başlayıb. Məsələn, nazirliyin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev onun yaxın qohumudur. Onu da nəzərinizə çatdırım ki, Ceyhun Bayramov qardaşının dəstəyi ilə Təhsil Nazirliyinə aid az qala bütün tenderlərə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur.
Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edir və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur. Yəni ayrılan dövlət vəsaitlərinin bir hissəsi başqa istiqamətlərə yönəldilir. Yalnız onu demək yetərlidir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin bir qismi Azər və Ceyhun Bayramovların maraqlarına xidmət edir, yerdə qalan vəsaitlər isə təhsil şöbələrinin müdirlərinin ixtiyarına verilir. Təxminən, eyni vəziyyət bəzi ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir./cumhuriyyet.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?