Sabiq nazir gözlənilməz zərbədən hələ özünə gəlməyib?
Əmək və əhalinin social müdafiəsi naziri Sahil Babayev əlilliyin təyinatı sistemində dəyişiklik etməkdə qərarlı olduğunu nümayiş etdirir. Belə ki, dünən mətbuat konfransında çıxışı zamanı əlilliyin təyin olunması ilə bağlı məsələləri araşdırdıqlarını və bu sahədə islahatlar aparmaq istədiklərini bildirib.
S.Babayevin sözlərinə görə, həm qanunvericilik, həm prosedur baxımından, həm də ümumilikdə bu prosesin sosial ədalətli olması baxımından islahatlar aparmağa ehtiyac var: “Əlilliyin meyarlarına baxılmalı, beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır, ərizə-müraciətlərin təqdim olunma forması araşdırılmalıdır, bu sahə ilə məşğul olan müxtəlif dövlət orqanlarının işi əlaqələndirilməlidir, prosesi tam şəffaf şəkildə etmək istəyirik. Prosesin hər hansı ləngimə və ya administrativ-bürokratik maneə ilə rastlaşmamasını təmin etmək istəyirik. İstəyirik ki, buna haqqı çatan hər bir şəxsin buna çıxışı olsun, çatmayanların isə qarşısı alınsın. Bu işlər sistemli şəkildə görüləcək. Bununla bağlı müvafiq komissiya yaradılıb. Həm Səhiyyə Nazirliyində işçi qrupu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçi qrupu yaradılıb. Bu iki işçi qrup birgə işləyərək kriteriya baxımından, normativ hüquqi baza baxımımdan və prosedur baxımından təkliflər hazırlayırlar”.
Yeni nazir əlilliyin təyinatı sahəsindəki çox ciddi problemlərə sələfi Səlim Müslümovdan fərqli yanaşma ortaya qoymaqdadır. Əldə etdiyimiz məlumata görə, hazırda əlilliyin təyininə əsas olan xəstəliklər, onların inkişaf səviyyəsi, insanlara təsiri ilə bağlı dəqiq meyarların hazırlanması üzərində işlər aparılır. Çox yaxın zamanda subyektivizmi maksimum məhdudlaşdıracaq meyarların tətbiq olunacağı gözlənilir. Bu meyarların əlilliyi təyin edən şəxslərin rüşvət alaraq yalançı əlillik kağızları vermələrinin qarşısını almaqda mühüm rol oynayacağı proqnozlaşdırılır. Eyni zamanda əlilliyin təyini sahəsində korrupsiya imkanlarını məhdudlaşdıracaq prosedurlar da hazırlanmaqdadır. Yeni nazir bununla uzun illərdir bu sistemdə kök salmış korrupsiya mexanizmini sarsıtmaq niyyətindədir. Verilən məlumata görə, əlilliyin təyinatı, həmçinin pensiya sistemində şəffaflığın yaradılması ölkə rəhbərliyi tərəfindən S.Babayevin qarşısına qoyulan əsas vəzifələrdir.
Onu da qeyd edək ki, 2001-ci ildən pensiya sisteminə birbaşa nəzarət S.Müslümovun əlində olub. Onun rəhbərliyi altında pensiya təyinatı sahəsində sadə vətəndaşların pensiya hüququnu məhdudlaşdıran iki böyük islahat reallaşdırılıb. Pensiya təyinatı sistemində elektronlaşdırma aparılıb. Lakin əlilliyin təyinatı sahəsində olduğu kimi, bu sahədə də elektronlaşma rüşvət və korrupsiyanın azalmasına gətirib çıxarmayıb. Hesablama Palatasının apardığı yoxlamalar göstərir ki, yerli pensiya şöbələrində hələ də ölmüş şəxslərə pensiya ödənməsi, bir adamın bir neçə rayondan pensiya alması kimi çox kobud pozuntular qalmaqdadır. Bundan əlavə, pensiyaların hesablanması prosesində də ciddi maxinasiyalar baş alıb gedir. Qanunvericiliyin vətəndaşa tanıdığı az sayda əlavələr belə ona rüşvət müqabilində tətbiq edilir. Halbuki bu prosedur da elektronlaşmış xidmətlərdən hesab olunur.
Maraqlıdır ki, S.Müslümov rəhbərlik etmiş olduğu iki mühüm sahədəki ciddi qanunsuzluqlar barədə səsləndirilən fikirlərə sükutla cavab verir. Yeni nazirin mövcud vəziyyətin tənqidinə yönəlik sərt çıxışları, ölkə mətbuatının pensiya və əlillik sistemlərindəki korrupsiya və rüşvətxorluqla bağlı yazdıqları, Hesablama Palatasının yaydığı açıqlamalar - hamısı sabiq nazirin sükutu ilə müşayiət olunur. Bu susqunluğun nə qədər davam edəcəyi məlum olmasa da, S.Müslümovun rəhbərlik etdiyi nazirlik daxilində gedən proseslərin hələ uzun müddət davam edəcəyi açıq hiss olunur.../musavat
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?